«MiniBoss Business School Baku»un keçirdiyi ölkə çempionatının qalibi müəyyənləşib (FOTO)

0 4

Bakı. Trend:

İyunun 15-də Bakıda «MiniBoss Business School Baku» Milli
Çempionatı keçirilib.

Trend-in
məlumatına görə, çempionatda 6-17 yaşlı uşaq və yeniyetmələrin
müxtəlif sahələr üzrə, o cümlədən mühəndislik, incəsənət,
kulinariya, keramika və s. layihələri təqdim olunub. İctimai
xadimlərin, biznes və investisiya ekspertlərinin daxil olduğu
münsiflər heyətinə 12 komanda öz layihələrini təqdim edib.

Komanda üzvləri öz layihələri, onların yaradılması ideyaları,
hədəf auditoriyası və həyata keçirilməsi imkanları haqqında
danışıblar. Münsiflər heyəti üzvlərinin layihələri ilə bağlı
suallarını cavablandıran komanda üzvləri liderlik keyfiyyətləri,
natiqlik, sahibkarlıq, idarəçilik və yaradıcılıq qabiliyyətlərini
nümayiş etdiriblər. Öz növbəsində münsiflər heyətinin üzvləri
layihənin həyata keçirilməsinin müxtəlif sahələrinə diqqət
yetirərək komandalara biznesin aparılması ilə bağlı dəyərli
tövsiyələr veriblər.

«MiniBoss Business School Baku»nun təsisçisi Nərminə Həsənova
qeyd edib ki, 6-17 yaş kateqoriyası üzrə gənc startapçılar arasında
ölkə çempionatı ikinci dəfədir ölkəmizdə keçirilir:

«Bu ilin aprel ayında keçirilən startap forumunda gənc
iştirakçılar innovativ və kreativ ideyalarını təqdimat formatında
təqdim ediblər. Startap forumunda 12 komanda iştirak edib və
münsiflər heyəti tərəfindən sponsorların dəstəyi ilə onlara minimum
məbləğ 400, maksimum 5000 manat məbləğində vəsait ayrılıb. Startap
forumu zamanı bəzi iştirakçılar məhsullarını nümayiş etdirib, daha
sonra müxtəlif satış mərkəzlərində təqdim ediblər. Bu gün baş tutan
ölkə çempionatı komandalar arasında yarış xarakteri daşıyıb.
Çempionatda qalib gələn komanda Beynəlxalq Çempionatda iştirak
etmək imkanı qazanıb».

«MiniBoss Business School Baku»nun direktoru Elman Əliyev
Azərbaycanın «MiniBoss Biznes School» üzrə Beynəlxalq Çempionatda
iştirakının birinci ilində ölkəmizin nümayəndələrinin üçüncü yeri
tutduğunu xatırladıb ki, bu da iştirakın birinci ili üçün kifayət
qədər yaxşı nəticədir.

Bu gün təşkil olunan ölkə çempionatında «MiniBoss Business
School Baku», eləcə də paytaxtın digər dövlət və özəl məktəblərinin
komandaları iştirak ediblər.

Münsiflər heyətinin səsverməsinin nəticələrinə əsasən, ölkə
çempionatında «Smart Carbon» komandası 642 xal toplayaraq 1-ci,
«Infanimals» komandası 2-ci (590 xal), «Pastyllicous» komandası isə
3-cü yeri (559xal) tutub. Qalib və mükafatçılara çempionat kuboku
təqdim olunub.

Bütün iştirakçılara sertifikatlar və hədiyyələr təqdim
olunub.

Qeyd edək ki, «MiniBoss Business School Baku» uşaq və
yeniyetmələr üçün biznes məktəbidir. «MiniBoss Business School
Baku» biznes bilikləri ilə yanaşı, liderliyi, biznes və komanda
üçün məsuliyyəti öyrədir. «MiniBoss Business School Baku»da
məşğələlər sayəsində uşaqlar yaradıcı düşünmə qabiliyyətini inkişaf
etdirirlər. Onlar həmçinin ideyalarını startap şəklində həyata
keçirmək, sonra isə hazır məhsulu təqdim etmək imkanı əldə
edirlər.

Leave A Reply

Your email address will not be published.