Oxu.az — “Heydər Əliyev bütün etnik azlıqları azərbaycançılıq məfkurəsi ətrafında birləşdirdi”

0 6

1990-cı ildə ölkədə xaotik vəziyyət yarananda ziyalılar, dövrünün mütərəqqi fikirləri ilə cəmiyyətin rəğbətini qazanan şəxslər ulu öndər Heydər Əliyevə müraciət ünvanladılar və onu hakimiyyətə gəlməyə razı saldılar. Həmin dövrün ziyalılarından, “91-lər”dən biri də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Tahir Məmmədov olub.

Tahir Məmmədov həmin dövrlər ölkədə gedən proseslərlə bağlı Oxu.Az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

— Baş verən siyasi proseslərin içərisində olmuş və həmin hadisələrin canlı şahidlərindən biri də sizsiniz. Həmin illəri necə xatırlayırsınız?

— Həmin illərdə ölkədə başıpozuqluq, bir-birini tanımamaq, hakimiyyətə boyun əyməmək, dövlət rəhbərliyinin səriştəsizliyi, bir sözlə xaos hökm sürürdü. Digər tərəfdən torpaqlarımız işğal edilir günahsız, dinc insanların qanı axıdılırdı. Yəni, Azərbaycanın ən ağır dövrləri idi. Həmin dövrlərdə hər kəs ürəyində  Heydər Əliyev məhəbbəti ilə yaşayırdı. Çünki 70-ci illərdən onun məharətini, xalqımıza olan bağlılığını, idarəçilik qabiliyyətini hamı görmüşdü. Heydər Əliyev məhəbbəti ürəklərdə baş qaldırdığı üçün tanınmış 91 ziyalı mütərəqqi fikirli Azərbaycan xalqının adından həmin vaxt Naxçıvanda yaşayan və fəaliyyət göstərən Heydər Əliyevə müraciət ünvanladılar. Heydər Əliyev xalqın çağırışına laqeyd qala bilməzdi və “91-lər”i Naxçıvana dəvət etdi. O zaman 40 yaşım olardı və yaşanan hadisələri çox yaxşı xatırlayıram. Biz Heydər Əliyevə ümumi vəziyyət barədə məlumat verdiyimiz zaman o, bildirdi ki, vəziyyətdən xəbərdaram. Ona görə də xahiş edirəm gedin hər biriniz ətrafınızda olan adamlara qol çəkdirib siyahısını mənə gətirin. Mən də bilim ki, məni təkcə 91 nəfər yox minlərlə insan çağırır. Biz bütün bu tapşırıqları yerinə yetirdik. Beləliklə avanqard siyasi qüvvə kimi Yeni Azərbaycan Partiyası yarandı və bundan sonra Heydər Əliyev hakimiyyətə gəlməyə razılıq verdi. 

— Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycana rəhbərlik etdiyi illəri necə xarakterizə edərdiniz?

— Heydər Əliyev ilk əvvəl Ali Sovetin sədri seçildi. Sədr seçildikdən sonra ozamankı prezident Əbülfəz Elçibəyə dəfələrlə işinin başına qayıtması üçün çağırışlar etdi. Lakin o bütün bu çağırışlara laqeyd qaldı və gəlmədi. Nəhayət, referendum keçirildi və Milli Məclis Heydər Əliyevin prezident seçilməsi üçün yekdilliklə qərar verdi. Heydər Əliyev prezident seçilməzdən öncə Sürət Hüseynovun başçılıq etdiyi qiyamı yatırmaq üçün işlərə başladı və Gəncəyə gedib Sürət Hüseynovla görüşdü. Bütün təhlükələrə baxmayaraq oradakı qiyamçıları zərərsizləşdirdi. Bununla da Azərbaycanda dincliyə, əmin-amanlığa bir neçə addım atıldı. Ümummilli liderin rəhbərliyi dövründə Konstitusiya qəbul edildi, atəşkəs əldə edildi, bu gün də bəhrələrini gördüyümüz nəhəng neft müqaviləsi imzalandı. Dinc quruculuq, abadlıq işlərinə başlanıldı. Qətiyyətlə və ürəklə deyirəm ki, 44 gün içində 30 il həsrətində olduğumuz torpaqlara qayıdışımız da Heydər Əliyev dühasının zamanında həyata keçirdiyi siyasətinin nəticəsidir. Əsrin Müqaviləsi imzalanmasaydı, iqtisadi cəhətdən biz güclənməsəydik, düşmənə qalib gələ bilməzdik. 

— Qurtuluş məfkurəsinin öyrənilməsi gələcək nəsillərə dövlətçilik ənənələrinin təbliğində nə kimi rol oynaya bilər? 

— Fikrimcə, bu gün barədə geniş təbliğat işləri aparılmalı, dərsliklərdə geniş məlumat verilməlidir. 15 İyun – Milli Qurtuluş Gününü, qurtuluş məfkurəsini təfərrüatı ilə yetişməkdə olan gənc nəslə başa salmalıyıq. Hətta, bu günlə bağlı əsərlər yazılmalı, bədii-sənədli filmlər çəkilməlidir. Hesab edirəm ki, bu məsələyə dərindən yanaşılmır. Daha geniş təbliğat aparılmalıdır ki, qurtuluş məfkurəsi bizə nələri verib. Bu gün xalqımızın bayramıdır, bu bayram ulu öndər Heydər Əliyevin qətiyyətindən, Vətənə olan məhəbbətindən yaranıb.

— Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında Heydər Əliyevin xilaskarlıq missiyası tariximizdə necə qiymətləndirilir?

— Heydər Əliyevin xilaskarlıq missiyası ali məfkurə kimi qiymətləndirilib və qiymətləndirilməlidir. Fikrimcə, bu, getdikcə daha geniş şəkildə təbliğ ediləcək. Ulu öndər Azərbaycana xilaskar kimi gəldi və xalqını xilasedici qüvvə kimi qorudu. Azərbaycanın parçalanmaqdan xilas etdi. Bu kiçik ölkəni hərə bir tərəfə parçalamaq istəyirdi. Lakin Heydər Əliyev şəxsiyyəti buna imkan vermədi. Dahi şəxsiyyətin irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gün də öz işini görür. Heydər Əliyev azərbaycançılıq deməklə talışları, ləzgiləri, avarları və digər azsaylı bütün etnik azlıqları bir məfkurə altında birləşdirdi. Bu ideologiya öz bəhrəsinin 44 günlük Vətən müharibəsində də verdi. Həmin etnik qrupun nümayəndələri vətən uğrunda döyüşdülər, şəhid oldular. Bir yumruq kimi birləşdilər. Bütün bunların səbəbi də məhz ulu öndər Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi idi.

Aqil Vəlili

Leave A Reply

Your email address will not be published.