Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri ilə görüşüb (YENİLƏNİB)

0 4

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç
ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Prezident İlham Əliyev ölkəmizə
səfər etdiyinə və IX Qlobal Bakı Forumunda iştirakına görə Bosniya
və Herseqovinanın Rəyasət Heyətinin Sədrinə təşəkkürünü bildirdi,
onunla əvvəlki görüşlərini xatırladı. Dövlətimizin başçısı həmin
görüşlərdə ikitərəfli və regional məsələlərə dair geniş fikir
mübadilələrinin aparıldığını qeyd etdi.

Prezident İlham Əliyev torpaqlarımızın işğalı zamanı və İkinci
Qarabağ müharibəsi dövründə Bosniya və Herseqovinanın Azərbaycanın
ərazi bütövlüyünün bərpasına göstərdiyi dəstəyə görə
minnətdarlığını ifadə etdi. Azərbaycan Prezidenti COVID-19
pandemiyasından sonra formalaşmış şəraitdə əlaqələrin inkişafı üçün
daha yaxşı imkanların yarandığını qeyd etdi.

Dövlətimizin başçısı Bosniya və Herseqovinanın nümayəndələrinin
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclaslarında iştirakını
xatırladı və enerji sahəsində ölkələrimiz arasında əməkdaşlığın
bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik
Caferoviç Qlobal Bakı Forumuna dəvətə görə təşəkkürünü bildirdi,
forumun artıq dünyada nüfuzlu tədbirlərdən birinə çevrildiyini qeyd
etdi. Dövlətimizin başçısının nitqini diqqətlə izlədiyini deyən
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Prezident İlham
Əliyevin vacib məqamlara toxunduğunu vurğuladı. Bildirdi ki, ədalət
və beynəlxalq hüquq həmişə Azərbaycanın tərəfində olub. Azərbaycan
ilə Bosniya və Herseqovinanı qardaşlıq əlaqələrinin birləşdirdiyini
vurğulan Şefik Caferoviç münasibətlərimizin xalqlarımızın
iradəsindən irəli gələrək inkişaf etdiyini məmnunluqla bildirdi.
Pandemiya dövründə Azərbaycanın Bosniya və Herseqovinaya yardımına
görə minnətdarlığını ifadə etdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycanın
və ölkəsinin mina təhlükəsi ilə üzləşdiyini qeyd etdi və bu sahədə
də əməkdaşlığın vacibliyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş
ərazilərdə geniş yenidənqurma və quruculuq işləri həyata
keçirdiyini qeyd etdi. Azərbaycanın mina problemi ilə üzləşdiyini
vurğulayan dövlətimizin başçısı 2020-ci il noyabrın 10-dan etibarən
220-dən çox vətəndaşımızın mina hadisələri nəticəsində həlak
olduğunu və ya xəsarət aldığını dedi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən
iqtisadi, ticari əlaqələrlə bağlı fikir mübadiləsi aparıldı.
Həmçinin Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin
açılması və bu ölkənin Bakıda səfirliyinin fəaliyyətə başlayacağı
məmnunluqla qeyd edildi, bunun da əlaqələrimizin inkişafına əlavə
təkan verəcəyi vurğulandı.

Leave A Reply

Your email address will not be published.