Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir – ŞƏRH

0 6

Bakı. Trend:

Öncə qeyd etmək lazımdır ki, Azərbaycanda təşkil edilən 9-cu
Qlobal Bakı Forumu digər beynəlxalq forumlardan miqyasına və məzmun
genişliyinə görə ciddi şəkildə fərqlənir. Daha dəqiqi, əgər Davos
Forumu sırf iqtisadi və ya Münhen Forumu sırf təhlükəsizlik
məsələlərini özündə ehtiva edirsə, Bakı Qlobal Forumu bu mənada
daha universal və daha əhatəlidir. Yəni, bu forum beynəlxalq
gündəmdə olan bütün siyasi, iqtisadi, humanitar və digər mövzulara
açıqdır.

Bunu Trend-in sualına cavab olaraq Milli Məclisin deputatı
Elşən Musayev deyib.

Onun sözlərinə görə, Qlobal Bakı Forumu mötəbər və geniş
təmsilçilik kontekstində də xüsusi qiymətləndirilməlidir.

“Belə ki, bu forumda Albaniya, Bolqarıstan, Gürcüstan və s.
ölkələrin fəaliyyətdə olan rəhbərləri, çoxsaylı dövlətlərin keçmiş
rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, aparıcı ekspertlər,
habelə, Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının
rəhbərləri iştirak edirlər. Eyni zamanda, bir sıra dövlət başçıları
Foruma müraciət ünvanlayıblar. Bu isə ondan xəbər verir ki,
Azərbaycan hər zaman olduğu kimi, yenə də qlobal xarakterli
mövzuların, məsələlərin müzakirəsini təşkil edir, bu istiqamətdə
yetərincə ciddi fəallıq göstərir, öz ev sahibliyi, təşkilatçılığı,
təşəbbüskarlığı ilə beynəlxalq siyasətə növbəti tohfələr verir”, –
deputat qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov isə
deyib ki, Azərabycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində
əldə etdiyi tarix zəfərlə yeni reallıqlar yaradıb.

“İndi bizim əsas hədəfimiz o reallıqlara uyğun olaraq regionun
inkişafına, həmçinin Ermənistanın 2020-ci il 10 noyabrda imzalanan
üçtərəfli bəyanatın tələblərinə əməl etməsinə nail olmaqdır.
Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin IX Qlobal Bakı Forumunun
açılış mərasimindəki çıxışında da bununla bağlı məqamlar öz əksini
tapmışdı. Cənab Prezidentin çıxışında üçtərəfli bəyanatın
müddəalarının yerinə yetirilməsinin zəruriliyi bir daha vurğulandı.
O cümlədən, Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbin yerinə
yetirilməsinin sülh və sabitliyin təmin olunmasının təməl sütunu
olduğu, bu tələblərin icra olunmadığı təqdirdə digər məsələlərin öz
həllini tapmayacağı bir daha bıyan edildi. Çıxışda Azərbaycanın
sabit, dayanıqlı və inkişaf etmiş region yaratmaq istəyi, Qarabağ
münaqişəsinin həllinin buna unikal imkan yaratması haqqında
məqamlara toxunulması, o cümlədən, ATƏT-in Minsk Qrupu haqqında
qəti fikirlər də IX Qlobal Bakı Forumu çərçivəsində beynəlxalq
aləmin diqqət mərkəzində oldu”, – o vurğulayıb.

Deputat qeyd edib ki, ümumiyyətlə, bu cür beynəlxalq tədbirlər
Azərbaycanın öz mövqeyini dünyaya çatdırması üçün uğurlu bir
ptatforma rolunu oynayır.

Millət vəkilinin sözlərinə görə, iyunun 16-da öz işinə başlayan
“Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı
Forumunda 50-dən çox ölkədən 400-ə qədər nümayəndə, o cümlədən,
dövlət və hökumət nümayəndələri, sabiq dövlət və hökumət başçıları,
gənc liderlər iştirak edir: “Bu da IX Qlobal Bakı Forumuna
beynəlxalq aləmdə göstərilən maraqdan xəbər verir. Başqa bir
tərəfdən, Forumda hazırda dünyada mövcud olan ən aktual məsələlərin
fəal müzakirə olunması, problemlərdən çıxış yollarının axtarılması,
Albaniya, Bolqarıstan, Gürcüstan və digər ölkələrin fəaliyyətdə
olan rəhbərlərinin, çoxsaylı ölkələrin keçmiş rəhbərlərinin,
tanınmış ictimai-siyasi xadimlərin, aparıcı ekspertlərin, habelə,
Ümumdünya Səhiyyə Təşkilatının, Ərəb Dövlətləri Liqasının və s.
rəhbərlərinin iştirakı, Britaniya, İtaliya, Latviya və digər
ölkələrin rəhbərlərinin isə müraciətləri bu tədbirə beynəlxalq
aləmin xüsusi diqqətlə yanaşdığının bariz nümunəsidir”.

V.İskəndərov onu da əlavə edib ki, IX Qlobal Bakı Forumu bir çox
xüsusiyyətlərinə görə digər beynəlxalq forumlardan fərqlənir: “Öncə
onu deyim ki, Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos
İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada
nüfuzlu bir tədbirdir. Amma həm də bu forumlardan fərqlənir. O
baxımdan ki, Davos yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik
məsələlərini əhatə edir. Bunlardan fərqli olaraq, Qlobal Bakı
Forumu universal xarakter daşıyır və beynəlxalq gündəmdə olan
siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni
Qlobal Bakı Forumu adınadan da göründüyü kimi, bütün qlobal
məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın
diqqət mərkəzində olur”.

Leave A Reply

Your email address will not be published.