Şabranda maddi mədəniyyət nümunələri aşkarlanıb (FOTO)

0 9

Bakı. Trend:

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
baş direktoru, t.e.d., professor Abbas Seyidov Şabran rayonunun
Aygünlü kəndi ərazisində yerləşən, e.ə. IV minilliyin ikinci yarısı
– III minilliyə aid Çaqqallıqtəpə abidələr kompleksinə səfər
edərək, abidə və orada aparılan arxeoloji tədqiqatlarla yaxından
tanış olub.

AMEA-dan Trend-ə verilən xəbərə görə, Abbas Seyidov abidədə
qazıntıların yüksək səviyyədə aparıldığını bildirib və gələcək
tədqiqatlar barədə tövsiyələrini verib. Çaqqallıqtəpə abidələr
kompleksində arxeoloji qazıntılar AMEA-nın Arxeologiya, Etnoqrafiya
və Antropologiya İnstitutunun Şabran arxeoloji ekspedisiyası
tərəfindən t.ü.f.d. dosent Səfər Aşurovun rəhbərliyi ilə aparılır.
Burada arxeoloji qazıntılar 2016-cı ildən başlayıb. İlkin
araşdırmalar nəticəsində ərazidə 5 eyni xarakterli təpənin –
yaşayış yerinin olduğu müəyyən edilib. Hazırda arxeoloji qazıntılar
I Çaqqalıqtəpənin 200 kv. metrlik sahəsində aparılır. Nəticədə Kür
– Araz mədəniyyətinin özünəməxsus xüsusiyyətlərini əks etdirən
maddi mədəniyyət nümunələri – saxsı qabların hissələri, daşdan
düzəldilmiş əmək alətləri, çaxmaqdaşından oraq dişi, ox ucluğu,
sümük alətlər aşkarlanıb. Keramika fraqmentlərindən əksəriyyətinin
üzərində Kür – Araz mədəniyyətinin əsas atributu olan yarımşar
formalı qulplar var.

Yaşayış yerindən Erkən tunc dövrünə aid müxtəlif tipli evlər, o
cümlədən bölgə üçün xarakterik olan yarımqazma və qazma evlər aşkar
edilib. Qazma evlərdən biri iki sıra çiy kərpicdən tikilib. Sıralar
arasında boşluq var. Bəzi evlərin özülü dairəvi formada, möhrədən
olmaqla, üzəri yüngül konstruksiyalı dirəklərlə qurularaq hörülüb
və hər iki tərəfdən suvanıb.

Cari ildə həyata keçirilən qazıntılar nəticəsində abidədə aşkar
edilmiş qazma və yarımqazma evlərin quruluşu və funksiyası tam
olaraq öyrənilir.

Leave A Reply

Your email address will not be published.