Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının rəmzidir — Səttar Möhbalıyev

0 3

Bakı. Trend:

“Azərbaycan və Türkiyə arasında mövcud olan münasibətlər
tamamilə qardaşlıq prinsipləri üzərində qurulub və tarixin sərt
sınaqlarından üzüağ çıxaraq bugünkü zirvəyə ucalıb. Tarix də
təsdiqləyir ki, hər iki ölkə dar gündə də, şad gündə də hər zaman
bir yerdə olub. Bunu şərtləndirən amillərdən ən başlıcası isə eyni
soya, eyni kökə və dilə malik olmağımızdır. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə türk qardaşlarımızın bizim köməyimizə
yetişməsi hamıya məlumdur. Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və
Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam
Ordusu Bakı şəhərini bolşevik-daşnak qüvvələrindən azad etdi.
Tarixdən o da məlumdur ki, Çanaqqala döyüşlərində minlərlə
azərbaycanlı öz doğma qardaşlarına dəstək olmuşlar. Azərbaycan
xalqının xeyriyyəçi övladları Anadoluda Milli Mübarizə Hərəkatına
maddi və mənəvi kömək göstərdilər, könüllü olaraq yüzlərlə
azərbaycanlı döyüşlərdə iştirak etdi, böyük şücaət göstərərək
qəhrəmancasına şəhid oldular. Bütün bunlar bizim qardaşlıq
münasibətlərimizin tarixi köklərinin sıx bağlılığını göstərir.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

O qeyd edib ki, Azərbaycanın haqq işində — 44 günlük Vətən
müharibəsində Türkiyə dövlətinin və vətəndaşlarının bizə göstərdiyi
mənəvi dəstəyə dünya şahid oldu: “Müharibə başlayan gündən sona
qədər ürəkləri Azərbaycanla birgə döyündü. Hər bir ərazimiz
işğaldan azad olunanda Türkiyənin hər yerində bu xəbəri bayram
sevinci ilə qarşılayır, şəhidlərimizə bizim qədər kövrəlirdilər. Bu
yerdə dahi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir” kəlamı yada düşür ki, onun öncədən
nə qədər peyğənbərcəsinə deyildiyini, ürəklərə hopduğunu görürük.
Bu, əsl dostluğun və qardaşlığın nümunəsidir. Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət,
iki dövlətdir” kəlamı isə dövlətlərimizi biri-birinə daha da
yaxınlaşdırdı, münasibətlərimizi dərinləşdirdi. Dövlətimizin
başçısı cənab İlham Əliyevin fikirləri ilə ifadə etsək, həqiqətən
də, bu gün dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bu qədər
yaxın dost və qardaş ölkələr yoxdur”.

“Hazırda isə əlaqələrimizin bu səviyyəyə çatmasında türk
dünyasının iki dahi oğlu — möhtərəm Prezidentimiz İlham Əliyevin və
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xidmətləri danılmazdır.
Məhz onların sayəsində bu gün Azərbaycan-Türkiyə əlaqələri
günü-gündən bütün sahələri əhatə etməklə inkişaf edir. 15 iyun
2021-ci il tarixində mədəniyyət beşiyimiz olan Şuşa şəhərində
imzalanan, ictimai həyatımızın vacib məsələlərini özündə əks
etdirən müttəfiqlik münasibətləri haqqında bəyannamə tarixi önəm
daşımaqla ikitərəfli münasibətlərin keyfiyyətcə yeni inkişaf
mərhələsini müəyyənləşdirir və bütün müstəvilərdə davamlı inkişafı
təmin edir. Həmçinin Bəyannamə müttəfiqliyin geostrateji
əhəmiyyətini daha da artırır. Bu Bəyannamə ilə rəsmən müttəfiqlik
zirvəsinə ucalan əlaqələrimiz siyasət və beynəlxalq müstəvidə birgə
əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat,
mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri
əhatə edir. Burada əsas məqsəd ümumi maraqların müdafiəsi, bölgədə
sülhün və təhlükəsizliyin qorunması, tərəflərin imkanlarının
birləşdirilməsi, regional və qlobal əhəmiyyət daşıyan strateji
məsələlərdə qarşılıqlı, vahid şəkildə fəaliyyət göstərməkdir. Təbii
ki, bu, hər iki dövlətin milli maraqlarına tam cavab verir”, —
Milli Məclisin deputatı deyib.

S.Möhbalıyev əlavə edib ki, siyasi, iqtisadi, ideoloji,
humanitar, hərbi, mənəvi və digər sahələrdə əməkdaşlığımızı ehtiva
edən bu bəyannamənin Qars müqaviləsinin yüz illiyində, Milli
Qurtuluş Günü özü də Şuşa şəhərində bağlanması tarixi həqiqətlərdən
doğan gerçəklikdən xəbər verir. Onun sözlərinə görə,
Türkiyə-Azərbaycan qardaşlığı bütün bölgədə sülh və təhlükəsizliyə
xidmət etməklə yanaş, regionun iqtisadi inkişafı üçün, ilk növbədə,
yeni perspektivlər açır.

Leave A Reply

Your email address will not be published.