TƏBİB yeni səlahiyyətlərinin icrası ilə bağlı məsələyə aydınlıq gətirdi

0 8

Bakı. Trend:

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru
funksiyalarının həyata keçirilməsi və Portal vasitəsilə real vaxt
rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin
reyestrə çıxışını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)
təmin edəcək.

Bunu Trend-ə açıqlamasında TƏBİB-in mətbuat katibi Zamirə
Adilova deyib.

O bildirib ki, bu məsələ vətəndaşların əlilliyinin və sağlamlıq
imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın
artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin
genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial
ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən
imzalanmış 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmana 10
iyun 2022-ci il tarixli dəyişikliklə həyata keçiriləcək.

“Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi təşkil
olunmuş, Nazirliyin üzərinə əlilliyin və sağlamlıq imkanlarının
məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada
(“Elektron hökumət” portalı üzərindən müraciət etmək imkanının
yaradılması, o cümlədən keçirilmiş müayinələr, qəbul edilmiş
qərarlar barədə məlumatların real vaxt rejimində Tibbi-Sosial
Ekspertiza və Reabilitasiya Alt Sisteminə ötürülməsinin təmin
edilməsi ilə bağlı vəzifələr qoyulmuşdur.

Həmçinin Fərmanın 3.1-ci bəndilə Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun
qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim
komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza
müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin
yaradılması və Əmək Nazirliyinin portal vasitəsilə Reyestrə real
vaxt rejimində çıxışının təmin edilməsi tapşırılmışdır.

Sözügedən Fərmana 10 iyun 2022-ci il tarixdə edilmiş
dəyişikliklərdən sonra TƏBİB Fərmanın 3.1-ci bəndinə əsasən Səhiyyə
Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru funksiyalarının
həyata keçirilməsi və Portal vasitəsilə real vaxt rejimində
aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə
çıxışını təmin edəcək.

Sözügedən Fərmanla TƏBİB-ə tibbi-sosial ekspertiza müayinəsinə
göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə
Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsi
tapşırılmışdır”,- Z.Adilova deyib.

Leave A Reply

Your email address will not be published.