Var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl olsun – Orxan Məmmədov

0 6

Bakı. Trend:

Futbolçularımız öz halal zəhməti ilə kuboku Sizin qarşınıza
gətiriblər. Biz doğrudan da çox şadıq və Sizi əmin etmək istəyirik
ki, bundan sonra da var gücümüzlə çalışacağıq bu qələbələr ardıcıl
olsun.

Trend xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının
fəxri prezidenti Orxan Məmmədov Prezident İlham Əliyevin qəbulunda
olarkən bildirib.

Orxan Məmmədov bildirib:

“Möhtərəm cənab Prezident, diqqətinizə çatdırım ki, minifutbol
qeyri-peşəkar idman növü olsa da, əhali arasında çox geniş yayılıb.
Biz 2017-ci ildə qərara gəldik ki, federasiyanı yaradaq və 2018-ci
ildə artıq həm Dünya Minifutbol Federasiyasına, həm də Avropa
Minifutbol Federasiyasına üzv seçildik. 2018-ci ildə Ukraynada
keçirilən Avropa çempionatına qatıldıq və orada iştirak etmək bizim
üçün çox böyük təcrübə oldu. Bildiyiniz kimi, pandemiya dövründə
qapanmalar oldu, amma biz məşqləri dayandırmadıq, xüsusilə bu
çempionata hazırlaşırdıq. Bu çempionat başlayanda biz artıq tam
hazır idik. Əlbəttə ki, bizim üçün iştirak əsas idi. Siz düzgün
vurğuladınız, bu, futbolçularımız üçün böyük bir təcrübə idi. Amma
hər oyunda qazandığımız qələbə bizim həvəsimizi artırırdı. Birinci
oyunumuzu Avropa çempionlarına – Rumıniyaya qarşı uduzduq. Amma
sonra İspaniyaya qarşı möhtəşəm qələbə qazandıq və biz başqa
ölkələrin komandalarını üstələdik. Xüsusilə finalda yenə də
rumınlarla üzləşdik. Əlbəttə ki, burada məşqçinin super taktiki
gedişlərinin bəhrəsini gördük. Orada bunu rəqiblərimiz də
vurğuladılar. Biz demək olar ki, səhv etmədən qələbə qazandıq.

Əlbəttə, cənab Prezident, bu gün danılmaz faktdır ki, Siz
xüsusilə idmana və idmançılara böyük qayğı göstərirsiniz və onları
həmişə qəbul edirsiniz. Hər oyunda qələbə qazandıqca inanırdıq və
düşünürdük ki, bəlkə də cənab Prezident bizi qəbul edəcək. Biz Sizə
çox minnətdarıq. Doğrudan da bizim üçün çox fəxredici bir gündür.
Sizə çox təşəkkür edirik, cənab Prezident”.

Leave A Reply

Your email address will not be published.