Yeni “PASHA Private Banking” ofisində müştərilər üçün Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi nümayiş olunur

0 4

Bakı. Trend:

“PASHA Private Banking” filialının yenilənmiş konsepsiyası
çərçivəsində Azərbaycanda ilk dəfə olaraq maliyyə qurumu daxilində
müştərilər üçün ölkənin tanınmış rəssamlarının əsərlərindən ibarət
sərgi təqdim olunub.

Belə ki, “Reflections” adlanan bu sərgi Samirə Səfi kurasiyası
ilə “BARZA” İncəsənət Bürosu tərəfindən təşkil olunub. Burada Arif
Hüseynov, Aida Mahmudova, Ramal Kazım, Niyaz Nəcəfov, Mahmud
Rüstəmov, İrina Eldarova, Orxan Hüseynov, Vüqar Muradov, Orxan
Qarayev, Anar Hüseynzadə kimi tanınmış azərbaycanlı rəssamların 13
rəsm əsəri və 2 heykəli sərgilənib. İncəsənət icması tərəfindən
layiqincə qiymətləndirilən bu rəssamların əsərləri dəfələrlə
İngiltərə, Fransa, İtaliya və digər ölkələrdə keçirilən sərgiləri
bəzəyib.

“BARZA”, rəssamlara dəstəyin göstərilməsi, sənət layihələrinin
təbliği, müxtəlif sərgilərin keçirilməsi, sənət əsərlərinin
satışının təşkili də daxil, yaradıcılığın müxtəlif istiqamətlərində
fəal surətdə çalışan bir qurumdur. Məsələn, “Reflections” sərgisi
son onillikdə fəaliyyət göstərən və incəsənətin özünə münasibətdə
eyni bədii mövqeyi paylaşan Azərbaycan rəssamlarının əsərlərini
təqdim edir. Onların hər biri üçün sənət həyati əhəmiyyət kəsb
edərək, özünü dərketmədə və kainatla münasibətdə bir vasitə rolunu
oynayır.

“PASHA Private Banking” blokunun baş direktoru Aqşin
Mirzəzadənin sözlərinə görə, “PAŞA Bank”, 15 illik fəaliyyəti
ərzində mədəniyyət və incəsənətin inkişafına diqqət yetirməklə,
ölkənin və cəmiyyətin dayanıqlı inkişafına töhfə verib.

“İri maliyyə qurumlarına və investisiya şirkətlərinə məxsus
ofislərdə belə sərgilərin təşkil olunması təcrübəsi Qərbdə kifayət
qədər geniş yayılıb. “PASHA Private Banking” müştəriləri üçün
təşkil etdiyimiz sərgi isə Azərbaycan hüdudlarında ilk dəfə yer
alıb. Əminəm ki, müştərilərimiz ən müasir bank xidmətlərindən
faydalanmaq imkanı ilə yanaşı, həm də yeni ofis konseptində
istedadlı rəssamlarımızın işlərindən zövq almaq və müəlliflərlə
ünsiyyətdə olmaq fürsətini yüksək qiymətləndirəcək. Bundan əlavə,
“PASHA Private Banking” müştərilərinə sərgidə bəyəndikləri sənət
əsərlərini almaq imkanı da təqdim olunur. İnanıram ki, peşəkar
komandamızın köməyi ilə bu təcrübə, müştərilərimiz arasında
incəsənət nümunələrinə investisiya yatırımı üzrə ixtisaslaşan
art-menecment sahəsini təbliğ etmək üçün başlanğıc nöqtəsi
olacaqdır. Sərvətin idarə edilməsi və artırılması üzrə tam
xidmətlər spektri ilə yanaşı, “PASHA Private Banking” komandasının
təcrübəsi və biliyi müştərilərimizə həm sözügedən sahədə, həm də
təklif etdiyimiz digər investisiya sahələrində düzgün prioritetlər
təyin etməyə kömək edəcək”, — deyə A.Mirzəzadə bildirib.

“PASHA Private Banking” müştəriləri üçün təşkil olunan
“Reflections” sərgisi 17 avqust 2022-ci il tarixinədək davam
edəcək.

Leave A Reply

Your email address will not be published.