Zəngilanda sərhəd pozucusu saxlanıldı (FOTO)

0 3

Bakı. Trend:

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin
əməkdaşları tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə
İran İslam Respublikasından Azərbaycan Respublikasına
keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, iyun
ayının 7-də saat 22:15-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd
dəstəsinin xidməti ərazisində Zəngilan rayonunun Bartaz kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində 2 nəfər naməlum
şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən
müşahidə olunmuşdur. Sərhəd zastavası dərhal “Silaha” komandası
üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı
tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq
atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe
olmayaraq silahlı müqavimət göstərərək sərhədçilərin həyatına qəsdə
cəhd etmişlər.

Dövlət sərhədinin pozulması ilə bağlı keçirilmiş sərhəd axtarışı
və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucularından biri
saxlanılaraq üzərində olan 1 ədəd bağlamada təxmini çəkisi 5880
qram narkotik vasitə “marixuana”ya bənzər maddə aşkar olunaraq
götürülmüş, digər sərhəd pozucusu hava şəraitinin qaranlıq və
ərazinin sıx meşəlik, kolluq olmasından istifadə edərək geri İran
ərazisinə qaçmışdır.

İyun ayının 12-də saat 01:50-də Neftçala istiqamətində naməlum
hədəf tərəfindən dəniz sərhədlərinin pozulması barədə daxil olmuş
məlumatla əlaqədar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
tərəfindən qeyd olunan istiqamətə sərhəd gözətçi gəmiləri
göndərilmiş, texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə
iti surətli üzmə vasitəsinin hərəkəti nəzarətə götürülmüş və təqib
olunaraq saxlanılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata
keçirilmişdir.

Hadisə ilə əlaqədar dövlət sərhədinin gücləndirilmiş üsulla
mühafizəsi təşkil olunaraq üzmə vasitəsinin hərəkət etdiyi
istiqamətdə sahil ərazilərinə baxış keçirilmişdir. Nəticədə Cənub
regional şöbəsinin “Mayak” sahil nəzarəti bölməsinin xidməti
ərazisində Neftçala rayonunun Mayak kəndinin yaxınlığında dəniz
sahilində iki ədəd şübhəli kisə aşkarlanmışdır. Kisələrə baxış
zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram
narkotik vasitəyə (15180 qram – “marixuana”, 7175 qram – “tiryək”,
500 qram – “heroin”) bənzər maddələr və 1543 ədəd psixotrop
tərkibli həblər aşkar olunaraq götürülmüşdür.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Leave A Reply

Your email address will not be published.