Azərbaycan, Türkiyə və Pakistan gənclərinin İstanbulda forumu keçirilib (FOTO)

0 7

Bakı. Trend:

İyunun 16-da Türkiyənin İstanbul şəhərində 300-ə yaxın gəncin
iştirakı ilə “Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci
Həmrəylik Forum”u keçirilib.

Trend xəbər verir ki,
Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik
Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə keçirilən tarixi forumun
məqsədi üç ölkə arasında mövcud sıx dostluq, qardaşlıq əlaqələrinin
gənclərin iştirakı və töhfəsi ilə daha da möhkəmləndirilməsi və
üçtərəfli platforma vasitəsilə ölkə həqiqətlərinin beynəlxalq
səviyyədə təbliğindən ibarətdir.

Forumun rəsmi hissəsində təşkilatçılarla yanaşı, diplomatik
nümayəndəliklərin rəhbərləri, elmi araşdırmaçılar, vətəndaş
cəmiyyəti nümayəndələri çıxış edərək, daim Azərbaycanın yanında
olan və Azərbaycan-Türkiyə qardaşlığına yeni “Üç qardaş dövlət”
anlayışı qazandıran Pakistanın Azərbaycanın ərazi bütövlüyü ilə
bağlı prinsipial mövqeyinin, eləcə də beynəlxalq müstəvidə
göstərdiyi birmənalı dəstəyin Azərbaycanı və ümumilikdə türk
aləmini qürurlandırdığını qeyd ediblər.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab
İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun qazandığı qələbə,
Azərbaycan və Türkiyə dövlət başçıları cənab İlham Əliyev və Rəcəb
Tayyib Ərdoğanın imzaladığı tarixi Şuşa Bəyannaməsinin, eyni
zamanda Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin ötən
il imzaladığı Bakı Bəyannaməsinin ölkələrimiz arasındakı
münasibətlərin inkişafına verdiyi töhfə haqqında danışılıb,
sözügedən sənədlərin üç ölkə gənclərinin daha da sıx şəkildə
əməkdaşlıq etməsi, birgə çalışması üçün zəmin yaratdığı qeyd
olunub.
Forum çərçivəsində 3 ölkənin tarixi və mədəni irsi, üçtərəfli
əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri
haqqında təqdimatlar keçirilib, eləcə də Azərbaycan, Türkiyə və
Pakistan gənclərinin daha sıx əməkdaşlığının yaratdığı yeni
imkanlar barədə müzakirələr aparılıb.

Ötən illərdə Gənclər Fondu və TÜGVA-nın birgə təşkilatçılığı ilə
Azərbaycan və Türkiyə gənclərinin düşərgə, müsabiqə, seminar və
digər tədbirləri haqqında iştirakçılara məlumatlar təqdim edilib,
bu məzmunlu proqramların cari ildə pakistanlı gənclərin də iştirakı
ilə keçirilməsinin planlaşdırıldığı və bu cür tədbirlərin
gənclərimiz arasında üçtərəfli əlaqələrin daha geniş inkişafına
təkan verəcəyinə inam ifadə olunub.

Tədbirin yekununda hər üç ölkənin gəncləri adından üçtərəfli
münasibətlərin yüksək səviyyədə inkişafının önəmi, eləcə də
Azərbaycan, Türkiyə və Pakistan gənclərinin bütün platformalarda
sıx əməkdaşlığının təmin olunmasının vacibliyi vurğulanıb və
üçtərəfli gənclər platformasının təsis edilməsi razılaşdırılıb.

Foruma Azərbaycanın Qarabağ bölgəsini təmsil edən gənclərin
təqdim etdiyi geniş mədəni proqramla yekun vurulub.

Leave A Reply

Your email address will not be published.