Gömrük Akademiyasında Qırğızıstanın gömrük xidmətinin nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)

0 7

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin Akademiyasında Qırğız Respublikası
Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidmətinin ölkəmizdə
səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət
Gömrük Komitəsinin sədrinin müavini, gömrük xidməti general-mayoru
İqbal Babayev, Akademiyanın rəisi, gömrük xidməti general-mayoru
Qulu Novruzov, Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev və hər iki tərəfin
nümayəndə heyəti iştirak ediblər.

Görüşdə Akademiyanın rəisi Qulu Novruzov qonaqları salamlayaraq
onları rəhbərlik etdiyi ali təhsil müəssisəsində görməkdən məmnun
olduğunu bildirib. Akademiyanın rəisi qonaqlara Dövlət Gömrük
Komitəsinin Akademiyasının yaranması, tədris prosesi və beynəlxalq
əməkdaşlıq sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib,
həmçinin iki ölkə arasında mövcud olan səmimi dostluq və qardaşlıq
əlaqələrindən bəhs edərək təhsil sahəsində əməkdaşlığın da
vacibliyini qeyd edib.

Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu
bildirən Qırğız Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
Gömrük Xidməti sədrinin müavini Almaz Saliyev səmimi
qonaqpərvərliyə görə Akademiya rəhbərliyinə öz təşəkkürünü
bildirib. O, gömrük orqanlarının peşəkar kadrlarla təmin edilməsi
istiqamətində Akademiyanın səmərəli fəaliyyətini yüksək
qiymətləndirərək, Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl
təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını qeyd
edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədrinin müavini,
gömrük xidməti general-mayoru İqbal Babayev son illər ərzində
Akademiyanın tədris prosesində innovativ və səmərəli
texnologiyaların tətbiqi sayəsində həyata keçirilən islahatlar
haqqında geniş bəhs edib. O, qarşılıqlı maraq doğuran sahələr üzrə
əməkdaşlığın gələcək perspektivlərindən söz açaraq, təşkil edilən
görüşün ikitərəfli təcrübə mübadiləsinin inkişafına töhfə
verəcəyinə əminliyini vurğulayıb.

Daha sonra Dövlət Gömrük Komitəsinin Akademiyasının beynəlxalq
əməkdaşlıq üzrə mütəxəssisi Leyla Nəcəfova Akademiyanın fəaliyyəti,
beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, xarici
ali təhsil müəssisələri və gömrük təlimi strukturları, digər
beynəlxalq qurumlarla əlaqələr və layihələr haqqında geniş
təqdimatla çıxış edib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə
ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda qarşılıqlı simvolik hədiyyələr təqdim
olunub.

Daha sonra qonaqlar Akademiyada təhsilalanlar və ixtisasartırma
kurslarında iştirak edən gömrük xidməti əməkdaşları üçün yaradılan
şəraitlə, həmçinin yeni qurulan linqafon kabineti, müasir texniki
nəzarət vasitələri ilə təmin olunmuş auditoriyalar ilə yaxından
tanış olublar.

Leave A Reply

Your email address will not be published.