Nərmin itkin düşən gün bacısını da oğurlayıb maşına mindirmək istəyiblər – Məhkəmə

0 6

Bakı. Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu
kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə
prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Dadaş İmanovun sədrliyilə
keçirilən prosesdə kənd sakinlərinin və Nərminin nənəsi Minayə
İsmayılovanın istintaqdakı ifadələri elan edilib.
Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü
gün səhər saat 9-dan axşam saat 18:00-a qədər Dondar Quşçuda
qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini, nə
də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu
görməyib.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O,
ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə
ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər
xəstəliyilə əlaqədar əlillik təyin edilib.

Minayə İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva
ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun
qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb: “Onda hələ üçüncü
qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar
mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə, bir
müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib
köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”.

Minayə İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə
İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:
“Hazırda qızım mənimlə küsülüdür. Mən bu məsələ ilə bağlı
telekanallarda danışanda onun qaynı Lətifdən şübhələndiyimi dediyim
üçün qızım məndən küsüb. Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8
gün əvvəl görmüşdüm. Hadisə baş verən gün Qovlar qəsəbəsində işdə
idim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gəlib ki,
Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1
radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis
əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə
maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə
gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının
gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm
onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm
qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

Minayə İsmayılovanın iş materiallarında daha bir ifadəsi elan
edilib. Həmin ifadədə isə o bildirib ki, hadisədən bir müddət əvvəl
kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın
işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib.

“Həmin vaxt qorxuya düşən Aynurə mənə zəng edib iş yerinə
çağırdı. Mən taksi ilə qızımın iş yerinə getdim. Ora gedəndə yolda
Şərif Quliyevi görüb çağırsam da, mənə əhəmiyyət vermədi. Aynurəni
iş yerindən götürüb, birlikdə polis şöbəsinə getdik, orada ərinin
Aynurə İsmayılovanın başına gətirdiklərini danışdıq. Bir neçə gün
sonra yenidən polis şöbəsinə gedəndə Aynurə əri ilə barışdığını
bildirdi”, – şahid deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət
Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan
adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə),
133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə
əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə
təqsirləndirilib.

O Nərmn Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə
günahlandırılır.

Leave A Reply

Your email address will not be published.