Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılması nəzərdə tutulur — Səbinə Əliyeva (Müsahibə)

0 6

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyevanın Trend-ə müsahibəsi

— Artıq 15 ildir ki, hər il iyunun 18-i Azərbaycanda
İnsan Hüquqları Günü kimi qeyd olunur. Belə bir əlamətdar günün
təsis olunması və həmin gün ərəfəsində tərəfinizdən “İnsan
Hüquqları Aylığı”nın elan edilməsi hansı zərurətdən irəli
gəlib?

— Tamamilə doğru buyurursunuz, bu il möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən
Azərbaycanda İnsan Hüquqları Gününün elan olunmasından 15 il ötür.
Belə bir əlamətdar günün təsis olunması Ümummilli liderimiz Heydər
Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ölkəmizdə ilk “İnsan
hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi
və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas
istiqamətlərindən biri kimi müəyyən edilməsi ilə bağlıdır.

Yeri gəlmişkən, 18 – İyun — Azərbaycanda İnsan Hüquqları Günü
münasibətilə hər kəsi səmimi qəlbdən təbrik edir və müstəqil
dövlətimizin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli
həyat səviyyəsinin təmin edilməsi sahəsində uğurlar
arzulayıram.

Diqqətinizə çatdırıram ki, hər il olduğu kimi bu il də həmin
əlamətdar gün ərəfəsində tərəfimizdən ölkədə “İnsan Hüquqları
Aylığı” elan edildi. Bununla bağlı dövlət və yerli özünüidarə
orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti
institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya
açıq müracət ünvanladıq, onları təşəbbüsə qoşulmaqla Aylıq
çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər
təşkil etməyə çağırdıq.

18 may — 18 iyun tarixlərini əhatə edən Aylığın əsas məqsədi isə
insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən
fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə
ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan
qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək,
habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf
etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə
çatdırmaqdan ibarət idi.

Bu gün yekun vurduğumuz Aylıq çərçivəsində çağırışımıza dəstək
olaraq müxtəlif qurumlar tərəfindən insan hüquqlarına həsr olunmuş
mövzular üzrə silsilə maarifləndirmə tədbirləri keçirildi, sosial
çarxlar hazırlandı, mediada və sosial şəbəkələrdə insan hüquqları
təbliğ edildi, insanların müraciətlərinə operativ şəkildə
baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha
da artırılmasında fəallıq göstərildi. Təbii ki, bütün bunlar insan
hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və
hüquq mədəniyyətinin inkişafına öz töhfəsini verdi.

— Məlum olduğu kimi insan hüquqlarının təmini Azərbaycan
dövlətinin ali məqsədidir. Bu baxımdan ölkəmizdə insan hüquqları
sahəsində həyata keçirilən islahatları nece
dəyərləndirirsiniz?

— Bu barədə danışarkən ilk növbədə böyük ehtiram hissi ilə qeyd
etmək lazımdır ki, müstəqil ölkəmizdə insan hüquq və azadlıqlarının
təmini istiqamətində baş verən bütün müsbət dəyişikliklər əsası
məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan genişmiqyaslı
islahatlar nəticəsində mümkün olub. Hüquqi islahatların təməli
1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsi (referendum)
yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul
edilməsi ilə qoyulub. Bunun ardınca 1996-cı il 21 fevral tarixində
Azərbaycan Respublikası Prezidentinin yanında Hüquqi İslahat
Komissiyasının yaradılması ilə mütərəqqi qanunvericilik aktlarının
layihələri hazırlanaraq qəbul edilib.

Təqdirəlayiq haldır ki, əsası Ulu öndər tərəfindən qoyulmuş
hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam və daha da inkişaf etdirilir. Məhz bunun nəticəsidir
ki, son dövrlər ölkəmizdə insan və vətəndaş hüquqlarının və
azadlıqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə
edilib. Bu konteksdə qüvvədə olan normativ hüquqi bazanın mütəmadi
olaraq müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, yeni
qanunvericilik aktlarının qəbul edilməsi, insan hüquqlarının
səmərəli təmininə xidmət edən dövlət proqramlarının,
strategiyaların, milli fəaliyyət plan və proqramlarının,
konsepsiyaların, strateji yol xəritələrinin, habelə digər bu kimi
əhəmiyyətli sənədlərin təsdiq edilərək icra olunması, institusional
mexanizmlərin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi
hazırda da davam etdirilməkdədir.

Dövlətin ali məqsədi olan insan və vətəndaş hüquqlarının və
azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli
həyat səviyyəsinin daha səmərəli təmin edilməsinə yönəlmiş bütün bu
islahatlar cəmiyyət tərəfindən də müsbət dəyərləndirilir.

— Ombudsman təsisatı insan hüquqlarının müdafiəsi
sahəsində hansı işləri görür?

— Müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından
biri kimi çıxış edir. Bu gün müxtəlif ölkələrdə fərqli adlarla
fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə
məşğul olan şəxs ümumqəbul olunmuş Ombudsman adı ilə tanınır.

Dünya təcrübəsini rəhbər tutaraq qeyd etmək olar ki, Ombudsman
təsisatı qanunvericilik, icra və məhkəmə hakimiyyətlərindən heç
birinə aid olmayan, lakin öz mahiyyətinə, həyata keçirdiyi
əhəmiyyətli funksiyalara görə dövlətin ali məqsədi olan insan hüquq
və azadlıqlarının məhkəmədən kənar müdafiəsinə xidmət edən geniş
mandata malik müstəqil bir qurumdur. Bu təsisat insan hüquqlarının
təmini məqsədilə qanunvericiliyin, institusional mexanizmlərin və
ictimai idarəetmənin təkmilləşdirilməsi sahəsində təkliflər irəli
sürür, dövlət qurumları ilə əhali, habelə vətəndaş cəmiyyəti
institutları arasında “körpü” rolunu oynayır.

Bu baxımdan Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
yaradılaraq aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik
prinsipləri əsasında artıq 20 ildir ki, müstəqil bir qurum olaraq
fəaliyyət göstərən Ombudsman təsisatı Azərbaycan Respublikasının
Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə təsbit olunmuş, Azərbaycan Respublikasının
dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən
pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və
Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları
pozuntularının qarşısının alınması üçün təsis edilib.

Bununla əlaqədar Ombudsman “İşgəncə və digər qəddar,
qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə
Konvensiya”nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli
preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və
digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya
cəzanın qarşısını almaq məqsədilə o, saxlanılan şəxslərin öz
iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya
zəruri saydığı istənilən halda baş çəkir. Eyni zamanda informasiya
sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və
vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə
yetirməsinə nəzarəti həyata keçirir.

Ombudsman əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi
məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikasının
Prezidentinə, insan hüquq və azadlıqlarının təmin edilməsi
məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya
qanunlarda dəyişikliklər edilməsinə dair, habelə amnistiya elan
edilməsi barədə Azərbaycan Respublikasının Milli Məclisinə
təkliflər verə bilər.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, ona
əməl edilməsi, təmini vəziyyətinin öyrənilməsi, monitorinqi və
təhlili, habelə çatışmazlıqların və pozuntuların aşkar edilməsi,
pozulmuş hüquqların bərpası və pozulmasının qarşısının alınması
Ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsindəki fəaliyyətinin
əsasını təşkil edir.

Yeri gəlmişkən vurğulamaq istərdim ki, insanlar hüquqlarının
müdafiəsi məqsədilə öz müraciətlərini Ombudsmana müxtəlif
vasitələrlə, o cümlədən poçt və elektron poçtu, onlayn müraciət
qaydasında göndərir, Ombudsmanın Aparatı və regional
mərkəzlərindəki qəbul otaqları, 7/24 rejimində fəaliyyət göstərən
916 Çağrı Mərkəzi, həmçinin sosial şəbəkələr vasitəsilə çatdırır,
eyni zamanda Ombudsmanın və təsisat əməkdaşlarının cəzaçəkmə
müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlama
yerlərinə, hərbi hissələrə, təhsil, tibb, sosial xidmət
müəssisələrinə, məcburi köçkünlərin məskunlaşdıqları qəsəbələrə
başçəkmələri zamanı təqdim edirlər.

Ombudsman olaraq, cəmiyyətin bütün təbəqələrinin, xüsusilə də
sosial baxımdan həssas əhali qruplarına aid edilən insanların, o
cümlədən şəhid ailələrinin, müharibə veteranlarının, qaçqın,
məcburi köçkün və miqrantların, əlilliyi olan şəxslərin,
qadınların, uşaqların, ahılların, hərbi qulluqçuların, həbsdə
saxlanılan şəxslərin və məhkumların hüquqlarının müdafiəsi
məsələlərini daim diqqət mərkəzində saxlayırıq. Bu qəbildən olan
şəxslərin pozulmuş hüquqlarının bərpası, habelə pozulmasının
qarşısının alınması istiqamətində tərəfimizdən zəruri tədbirlər, o
cümlədən hüquqi maarifləndirmə fəaliyyəti həyata keçirilir.

— Bir qədər də müharibə və post müharibə dövründə
Ombudsmanın həyata keçirdiyi fəaliyyət barədə qısa məlumat
verməyinizi xahiş edirik.

— Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi
qələbəsini və o dövrdə arxa cəbhədə gecə-gündüz çalışdığımızı
təsisat olaraq heç vaxt unutmayacağıq. İstər müharibə, istərsə də
postmüharibə dövründə Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzünü ifşa edən geniş fəaliyyətimiz olmuş, həyata keçirdiyimiz
faktaraşdırıcı missiyaların nəticələri əsasında hesabatlar, bəyanat
və müraciətlər hazırlayaraq beynəlxalq təşkilatlara, xarici
ölkələrin ombudsmanlarına və milli insan hüquqları təsisatlarına
göndərmişik. Xüsusilə bildirmək istəyirəm ki, Ermənistan silahlı
qüvvələri tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin
pozulması ilə bağlı tərəfimizdən bu günə qədər 15 hesabat, 22
bəyanat, 7-si video formatda olmaqla, 24 müraciət
ünvanlanmışdır.

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın hədəfə aldığı
Naftalan, Tərtər, Gəncə və Bərdədə 10 faktaraşdırıcı missiya həyata
keçirilmiş, əldə olunan sübut və faktlarla bağlı müvafiq məlumatlar
Ombudsmanın rəsmi internet səhifəsində, “Facebook”, “Twitter”,
“Instagram” və “Youtube” hesablarında, eləcə də yerli və beynəlxalq
mətbuatda dərc edilmişdir. Bundan əlavə, müharibə və post müharbə
dövründəki fəaliyyətimizlə bağlı indiyə qədər yerli və beynəlxalq
media resurslarına müsahibələr verməkdə davam edir, sosial
şəbəkələrdə yayımlanan məlumatlara dərhal münasibət bildiririk.

Təşəbbüsümlə müharibədən sonrakı dövrdə bir neçə xarici
nümayəndə heyətləri Ermənistan işğalından azad edilmiş
ərazilərimizə səfər etmiş və mülki əhalinin və yaşayış
infrastrukturunun zərər çəkdiyi torpaqlarda faktaraşdırıcı
missiyalar aparmışlar. Həmin nümayəndə heyətlərindən İslam
Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasını, həmin
təşkilatın Müstəqil Daimi İnsan Hüquqları Komissiyasını, Türkiyə
İnsan Hüquqları və Bərabərlik Qurumunı, Bolqarıstanın Ayrı-Seçkilik
əleyhinə Müdafiə Komissiyasını misal göstərə bilərik.

Bir də əsas diqqətimizdə saxladığımız məsələ müharibənin
başladığı andan etibarən şəhid ailələri və müharibə veteranlarının
hüquqlarının təminidir. Belə ki, mütəmadi olaraq şəxsən və ya
nümayəndələrim vasitəsilə şəhid və qazi ailələrini ziyarət edir,
qarşılaşdığı problemlərlə maraqlanır və səlahiyyətimiz çərçivəsində
yerindəcə həll edirik.

— Son iki il ərzində Ombudsman təsisatında hansı
yeniliklər baş verib?

— Ombudsman Aparatında son iki il ərzində kifayət qədər böyük
yeniliklər baş verib, beynəlxalq təşkilatların və xarici ölkə
ombudsmanlarının təcrübələri nəzərə alınmaqla yeni struktur
islahatları həyata keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral
tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair
2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.8-ci bəndində
“Vətəndaşların müraciət imkanlarının genişləndirilməsi və
müraciətlərə baxılma işinin operativliyinin artırılması məqsədilə
Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması” təsbit
olunduğundan dərhal icrası üçün tədbirlər görülüb və təsisatda
“Çağrı Mərkəzi” adlı ayrıca sektor yaradılıb. Bununla da, vahid
formada fəaliyyətə başlayan 916 Çağrı Mərkəzi ölkə əhalisi üçün
daha əlçatan olub.

Bundan başqa, 2020-ci ildə Ombudsman Aparatında İnformasiya əldə
etmək hüququnun müdafiəsi şöbəsinin, Əlilliyi olan şəxslərin
hüquqlarının müdafiəsi sektorunun, 2021-ci ildə isə Şəhid ailələri
və müharibə veteranları ilə iş sektorunun, habelə Uşaq hüquqlarının
müdafiəsi sektorunun yaradılmasını da qeyd etmək yerinə
düşərdi.

Onu da qeyd edim ki, insan hüquq və azadlıqlarının daha səmərəli
təmininə yönəldilmiş fəaliyyətimizi bir qədər də təkmilləşdirərək
ardıcıl islahatlar həyata keçirmək və ölkəyə həm yerli, həm də
beynəlxalq nöqteyi-nəzərdən fayda vermək istiqamətində davam
etdirəcəyik.

— Hazırda Ombudsman təsisatının qarşısında duran
vəzifələr nədən ibarətdir?

— Hazırda Ombudsman təsisatının qarşısında duran vəzifələrdən ən
əsası “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) haqqında” Konstitusiya Qanununda əlavə və
dəyişikliklərin edilməsi, “Azərbaycan Respublikasında insan və
vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində 2023-2027-ci
illər üzrə Milli Fəaliyyət Proqramı”nın hazırlanması və Müvəkkilin
fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədilə Ombudsman
Aparatının yeni strukturunun təsdiq olunmasıdır.

Bildiyiniz kimi 4 regionda – Şimalda (Quba, Xızı, Siyəzən,
Dəvəçi, Qusar, Xaçmaz rayonları əhatə olunmaqla), Cənubda
(Cəlilabad, Neftçala, Salyan, Biləsuvar, Masallı, Yardımlı,
Lənkəran, Lerik, Astara rayonları əhatə olunmaqla), Şərqdə (Şəki,
Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Mingəçevir şəhəri
əhatə olunmaqla) və Qərbdə (Gəncə, Naftalan şəhərləri, Yevlax,
Xanlar, Daşkəsən, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa,
Qazax rayonları əhatə olunmaqla) Ombudsmanın regional mərkəzləri
fəaliyyət göstərir. Struktur islahatları çərçivəsində işğaldan azad
edilmiş ərazilərimizi əhatə edən Qarabağ adlı yeni regional
mərkəzin yaradılmasını nəzərdə tutmuşuq.

Eyni zamanda hüquqi maarrifləndirmə fəaliyyətinin
genişləndirilməsi, dövlət qurumları və vətəndaş cəmiyyəti
institutları ilə birgə əməkdaşlığın inkişaf etdirilməsi,
Ombudsmanın fəaliyyətinə köməklik göstərmək məqsədilə Müvəkkilin
yanında yeni tərkibdə Ekspertlər Şurasının yaradılması, beynəlxalq
müqavilələrin monitorinqi və beynəlxalq hüquq normalarının milli
səviyyədə implementasiyası prosesində yaxından iştirak edilməsi və
yeni beynəlxalq sənədlərə qoşulmaqla bağlı təkliflərin hazırlanması
nəzərdə tutduğumuz işlər siyahısındadır.

Leave A Reply

Your email address will not be published.