Azərkosmos “Azo Space” inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

0 6

Bakı. Trend:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən Azərkosmos Avropa Kosmik Agentliyinin (ESA) “Azo Space”
inkubasiya mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, bu əməkdaşlıq “Azo Space”
inkubasiya mərkəzinin Yerin müşahidəsi və coğrafi informasiya
xidmətlərinə dair həyata keçirdiyi proqramlarda ölkəmizin aktiv
iştirak etməsinə imkan verəcək.

Əməkdaşlığın davamı olaraq Azərkosmos kosmik sahədə
ixtisaslaşan, o cümlədən bu sahəyə marağı olan şəxsləri “Azo Space”
mərkəzinin “Copernicus Masters” və “SpaceLeap” proqramlarında
iştirak etməyə dəvət edir.

“Copernicus Masters” proqramı Yerin müşahidə olunması haqqında
məlumatların istifadəsi və onlar əsasında innovativ müsabiqələrin
keçirildiyi platformadır. Bu platforma 2011-ci ildən etibarən hər
il müsabiqələr elan edir və Yerin müşahidəsi, o cümlədən iqlim
dəyişikliyi sahəsinə dair kreativ həllər və ideyalar üçün yeni
imkanlar yaradır. Proqramın ümumi mükafat fondu 500.000 avrodan
çoxdur və qaliblərə müxtəlif mükafatlar qazanmaq şansı verilir.

“AzoSpace” mərkəzinin Yerin müşahidəsi sahəsinin inkişafı üçün
həyata keçirdiyi digər bir təşəbbüs “SpaceLeap” proqramıdır. Bu
proqram Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən
Azərbaycan üçün nəzərdə tutulub. Proqram üzrə seçilən üç qalibin
hər birinə 5000 avro dəyərində mükafat təqdim olunacaq. Tərəfdaş
ölkələr arasında Azərbaycanın Yerin müşahidəsi və coğrafi
informasiya xidmətləri üzrə təcrübəsini, fəaliyyətini nəzərə alaraq
sizi bu proqramlarda aktiv iştirak etməyə və Azərbaycanı qalib
etməyə səsləyirik!

Leave A Reply

Your email address will not be published.