Bakı Forumu hər zaman qlobal məsələlərin həllinə töhfə verən bir platformadır – Rosen Plevneliev

0 3

Bakı. Trend:

Qlobal Bakı Forumu hər zaman qlobal məsələlərin həlli
istiqamətində öz töhfəsini verən bir platforma olub.

Bunu Trend-ə özəl açıqlamasında Bolqarıstanın sabiq prezidenti
Rosen Plevneliev bildirib.

Onun sözlərinə görə, IX Qlobal Bakı Forumu bu il dünyada
keçirilən ən əhəmiyyətli tədbirlərdən biridir.

Forumda 50-dən çox ölkənin, beynəlxalq təşkilatların
nümayəndələrinin bir araya gəldiyini xatırladan R.Plevneliev qeyd
edib ki, bu səbəbdən Qlobal Bakı Forumu unikaldır.

“Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Avropadakı hazırkı
böhran, Cənubi Qafqazda çoxtərəflilik kimi məsələlərin müzakirə
olunduğu bu forum hər zaman qlobal məsələlərin həlli istiqamətində
öz töhfəsini verən bir platforma olub. Dünyada hazırda bir çox
sahədə dəyişikliklər baş verir və bu dəyişikliklər özü ilə birgə
müəyyən problemlər gətirir.

Belə bir vaxtda müxtəlif ölkələrdən, təşkilatlardan
nümayəndələrin, sabiq dövlət və hökumət başçılarının, diplomatların
bir araya gələrək müzakirələr aparması çox əhəmiyyətli bir
hadisədir. Onlar öz fikirlərini bölüşərək problemlərin həlli üçün
çıxış yolları təklif edirlər. Forumda siyasətçilərlə yanaşı,
müxtəlif sahədən insanları – gəncləri, iqtisadçıları görə
bilərsiniz. Bu səbəbdən Azərbaycan və Azərbaycan hakimiyyətinə
minnətdarlığımızı bildiririk ki, fərqli ölkələrdən, fərqli
sahələrdən insanların bir araya gəlməsini təşkil edərək, məsələlərə
fərqli aspektlərdən baxaraq həll yolu tapılmasına kömək edir”, –
deyə R.Plevneliev bildirib.

Qeyd edək ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusuna həsr
olunan 9-cu Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də
nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Üç
gündür davam edən Forumda qlobal dünya nizamını təhdid edən mühüm
problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin
olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan
tədidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və
inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun
qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun
transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr
aparılır.

Leave A Reply

Your email address will not be published.