Bakı Limanının yük daşınmasında Özbəkistanın payı 2 dəfə artıb (FOTO)

0 4

Bakı. Trend:

Özbəkistan hökumətinin yüksək vəzifəli rəsmiləri, biznes
qurumlarının nümayəndələri və Özbəkistanın Azərbaycandakı
səfirliyinin diplomatları Bakı Limanının qonağı olub.

Bakı Limanından Trend
verilən məlumata görə, bu gün Özbəkistanın nəqliyyat və logistika
siyasətinin tənzimlənməsinə və idarə olunmasına cavabdeh olan
Özbəkistan Hökumətinin nümayəndələri Bakı Limanına səfər edib və
Bakı Limanının rəhbərliyi ilə səmimi görüşdə iştirak ediblər. Görüş
Bakı Limanı ilə Özbəkistanın quru limanları, eləcə də logistika
şirkətləri arasında mövcud əməkdaşlıq sahələrini və strateji
əlaqələri müzakirə etmək üçün önəmli fürsət yaradıb.

Özbəkistan nümayəndə heyətinin tərkibində investisiyalar və
xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov, Nəqliyyat
nazirinin müavini Casurbek Çoriyev, “Özbəkistan dəmir yolları”
SC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Akmal
Kamalov, “Uztemiryulkonteyner” ASC-nin İdarə Heyətinin sədri
Abdumalik Kamilcanov, Özbəkistanın Bakıdakı səfirliyinin, müxtəlif
biznes şirkətlərinin nümayəndələri təmsil olunurdu.

Görüşdə Bakı Limanı ilə Özbəkistanın quru limanları arasında yük
dövriyyəsinin hər il üzrə artığı qeyd olunub. Belə ki, cari ilin 5
ayı ərzində yükdaşımaların həcmi 242 min tondan çox olub ki, bu da
2021-ci ilin eyni dövrü ilə müqayisədə 70,5 faiz çoxdur. Bakı
Limanının ümumi yük daşınmasında Özbəkistanın payı 2019-cu ildə 5%
idisə, 2021-ci ildə bu rəqəm 2 dəfə artaraq 10% təşkil edib. Eyni
göstərici cari ilin 5 ayında da qeydə alınıb. Özbəkistanla aparılan
yükdaşıma növlərinə təkərli nəqliyyat vasitələri, konteynerlər,
quru yüklər, neft və neft məhsulları daxildir.

Hər iki ölkənin nümayəndələri limanlar arasında mövcud logistika
və nəqliyyat əlaqələrinin inkişafı məqsədilə investisiya və ticarət
resurslarının cəlb olunması və ticarət imkanlarının
genişləndirilməsinə əlverişli mühitin yaradılması üçün bundan sonra
da intensiv səylər göstərəcəklərini vurğulayıblar.

Leave A Reply

Your email address will not be published.