Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti məhdudlaşdırılıb (FOTO/VİDEO)

0 3

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin
təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam
etdirir.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadla
xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, məhəllə
2269 ünvanında yerləşən “Gözəl” Müstəqil Çoxprofilli İstehsalat
Kooperativinin yataq dəsti istehsalı müəssisəsində aparılmış
yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların
mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına,
ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə
yaratdığı müəyyən edilib. Belə ki:

— obyekt normaya uyğun ehtiyat çıxış yolu ilə təmin
edilməyib;

— obyektdə yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su
hovuzu inşa edilməyib;

— obyektin elektrik təchizatı və elektrik qurğuları “Elektrik
Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun
quraşdırılmayıb, o cümlədən elektrik xətləri obyektin bəzi
sahələrində yanar konstruksiyaların üzəri ilə çəkilib, istehsal və
anbar sahələrində müvəqqəti çəkilmiş elektrik xətlərindən, açıq
sonluqlu naqillərdən, izolyasiya örtüyü zədələnmiş və sıradan
çıxmış naqillərdən istifadəyə yol verilib;

— obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu
quraşdırılmayıb;

— müəssisənin istehsal sahələri və ofis binasının divarları
yanar materiallarla üzlənib;

— obyektin ərazisi və təxliyə yolları tezalışan tullantılardan
təmizlənməyib;

— obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən
balonlarla tam təmin olunmayıb və mövcud olan odsöndürən balonların
tərkibi dəyişdirilməyib;

— obyektdə yanğın zamanı insanların və qiymətli əşyaların
köçürülməsi üçün təxliyyə planı normaya uyğun tərtib edilməyib;

— obyektdə işçilər yanğın təhlükəsizliyinə dair
təlimatlandırılmayıb və yanğın təhlükəsizliyinin təmin edilməsi
barədə tədbirlər işlənib hazırlanmayıb;

— obyektdə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün
əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib;

— obyekt yanğın təhlükəsizliyi xidmətinin çağırış telefon
nömrələrini bildirən göstərici lövhələrlə təmin edilməyib;

— müəssisənin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə
razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin
istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə
biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz
edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və
qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın
hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin
əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət
növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun
olaraq, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri,
Nizami rayonu, Babək prospekti, məhəllə 2269 ünvanında yerləşən
“Gözəl” Müstəqil Çoxprofilli İstehsalat Kooperativinin yataq dəsti
istehsalı müəssisəsində işlərin və xidmətlərin göstərilməsinin
məhdudlaşdırılması barədə Qərar qəbul olunub.

Leave A Reply

Your email address will not be published.