Bakı. Trend:
Bakıda yaşayış binasında liftin qırılması nəticəsində xəsarət
alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən Trend-ə verilən
məlumata görə, xəsarət alan 5 nəfərdən 4-ü bel, bud-çanaq və aşağı
ətrafların travması diaqnozu ilə 3 saylı Kliniki Şəhər
Xəstəxanasında hospitalizasiya olunub.
“1 nəfər tibb müəssisəsinə getməkdən imtina edib. 3 saylı
Kliniki Şəhər Xəstəxanasında ilkin tibbi yardım göstərilən 1 nəfər
ambulator müalicə üçün evə buraxılıb.
Qəza zamanı xəsarət alan 1 nəfər qapalı fəqərə sütunu travması
L3-L4 fəqərələrinin cismində çökmə tipli sınıq diaqnozu ilə
Respublika Neyrocərrahiyyə Xəstəxanasında zəruri tibbi yardımlar
göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb”, –
məlumatda bildirilir.
Qeyd edilib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya
İnstitutunda 2 nəfər ambulator müayinə edilib, 1 nəfər azyaşlıya
sağ qamış sümüyünün yuxarı 1/3-nin sınığı diaqnozu ilə, digər bir
nəfərə isə sol bayır kondilusun sınığı diaqnozu ilə gips langet
qoyulub.
Xatırladaq ki, dünən saat 22:20 radələrində Nizami rayonu
Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi
çoxmərtəbəli binada liftin zənciri qırılıb. Nəticədə liftdə olan 4
qadın və 2 azyaşlı xəsarət alıb.