Pekin, 19 iyun, AZƏRTAC
Çinin cənubundakı Quansi Cuan muxtar bölgəsində şiddətli yağışlar taxta evin çökməsinə, nəticədə 5 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC bölgə hökumətinin açıqlamasına istinadla xəbər verir ki, bir neçə gündür davam edən güclü yağışlar Lyucou şəhərinin tabeliyindəki Ronşuy və Ronqan rayonlarında ciddi fəsadlar törədib. Ölümlə nəticələnən çökmə hadisəsi də Ronşuy rayonunun Qudu kəndində baş verib.
Təbii fəlakət bəzi yaşayış məntəqələrində nəqliyyatın hərəkətinin və su təchizatının müvəqqəti dayanmasına səbəb olub. Hazırda elektrik enerjisi təchizatının və rabitə xətlərinin bərpası üçün işlər aparılır.
İyun ayında musson yağışları muxtar bölgədə təxminən 2,4 milyon sakinin həyatına mənfi təsir edib.
Meteoroloqlar şiddətli yağışların iyunun 21-dək davam edəcəyini proqnozlaşdırıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
AZERTAG.AZ :Çində güclü yağışın səbəb olduğu evin çökməsi nəticəsində 5 nəfər ölüb
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin