DGK sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirdi

0 2

Bakı. Trend:

Sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində
özünü Türkiyə Respublikasının vətəndaşları kimi təqdim edən bir
qrup şəxs tərəfindən çəkilən və ölkəmizin gömrük orqanlarına qarşı
əsassız iddiaların yer aldığı video yayımlanıb. Videoda həmin
şəxslər gömrük-sərhəd keçid məntəqələrindən birində onlardan
qanunsuz ödənişlərin tələb olunduğunu və alınan vəsaitə görə qəbz
verilmədiyini iddia edirlər.

Komitədən Trend-ə bildiriblər ki, Dövlət Gömrük Komitəsinin
aidiyyəti qurumları tərəfindən dərhal aparılan araşdırma zamanı
müəyyən olunub ki, həmin video Beynəlxalq Dəniz Ticarəti Limanının
ərazisində qeydə alınıb. Lakin videonun qeydə alındığı və həmin
şəxslərin ödəməni həyata keçirdiyi məkan limanın giriş qapısında,
gömrük zonasının xaricindədir. Yəni hadisə gömrük zonasından
kənarda baş verib. Onların ödədiklərini iddia etdikləri vəsaitlərin
gömrük orqanlarına aidiyyəti yoxdur. Belə ki, limanda perron,
körpü, gəmi və parklanma üçün göstərilən xidmətlərə görə alınan
vəsait gömrük orqanlarının səlahiyyətinə aid deyil.

Komitənin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə
aparılan araşdırma nəticəsində ölkə ərazisinə giriş-çıxış zamanı
həmin şəxslərdən hər hansı gömrük ödənişlərinin alınmadığı müəyyən
edilib. Onu da qeyd edək ki, mövcud qanunvericiliyə görə
sərhədkeçmə proseslərində motosikletlərdən, ümumiyyətlə hər hansı
ödəniş tələb olunmur.

Leave A Reply

Your email address will not be published.