Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisdə “Revelations” Beynəlxalq Biennalesində təmsil olunur (FOTO)

0 6

Bakı. Trend:

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Parisin mərkəzində
Eyfel qülləsinin qarşısında məşhur “Grand Palais Ephemere”də 33
ölkədən 500-dən çox iştirakçını bir araya gətirən incəsənət və
sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq Biennalesində ilk
dəfə təmsil olunur.

Trend-in məlumatına görə,
“Grand Palais Ephemere”də keçirilən incəsənət və sənətkarlıq üzrə
5-ci “Revelations” Beynəlxalq Biennalesində Heydər Əliyev Fondunun
dəstəyi ilə təşkil olunmuş Azərbaycan stendinin açılışı olub.
Azərbaycan stendində Elvin Nəbizadənin fenomenal “Gündüz və gecə”
əsəri nümayiş etdirilir.

İncəsənət və sənətkarlıq üzrə 5-ci “Revelations” Beynəlxalq
Biennalesinin və Fransa İncəsənət Atelyesi Federasiyasının
prezidenti Od Taon (Aude Tahon) layihədə Azərbaycanın iştirakından
şad olduqlarını bildirib. O qeyd edib ki, “Revelations” Beynəlxalq
Biennalesinin əsas məqsədi bədii yaradıcılıq sahəsində istedadların
aşkarlanması və tanıdılmasıdır. Od Taon Fransa İncəsənət Atelyesi
Federasiyası tərəfindən təşkil olunan dekorativ incəsənətə dair
digər salonlar haqqında məlumat verərək, Azərbaycanı bu salonlarda
da görmək arzusunu ifadə edib. “İncəsənət peşələri bu narahat
dünyada yaxşı bələdçidir. Tam optimist, davamlı həyat və
yaradıcılıq məkanları kimi bu peşələr ümid, təxəyyül və şənlik
daşıyıcılarıdır”, – deyə O.Taon geniş bədii miqyasa malik belə
yaradıcılıq və sənətkarlıq salonlarının beynəlxalq incəsənət
dialoqu məkanı olduğunu bildirib.

“Burada nümayiş etdirilən “Gündüz və gecə “ əsərinin hələ
şəklini görəndə heyran olduq, əsərin özünü görmək və onun hansı
materialdan hazırlanması ilə çox maraqlandıq. Bu gün bu əsər
salonumuzu şərəfləndirir. Əminəm ki, ziyarətçilər bu əsər
vasitəsilə Azərbaycanı daha dərindən kəşf edəcəklər”,-deyə Fransa
İncəsənət Atelyesi Federasiyasının prezidenti diqqətə çatdırıb.

Heykəltəraş Elvin Nəbizadə belə bir biennaledə iştirak etməkdən
şərəf duyduğunu bildirib. “Müasir dünyada mövcud təlatümlər və
mürəkkəb hadisələr, eləcə də pandemiya yaradıcı insanlarda sənət
ruhunu müəyyən dərəcədə zəiflətmişdir. Təşəbbüsü və dəstəyi ilə
yaradıcı ruhumu canlandırdığı, belə möhtəşəm biennaledə iştirak
etməyimə imkan yaratdığı üçün Heydər Əliyev Fonduna, onun
rəhbərliyinə dərin təşəkkürümü bildirirəm”,- deyə E.Nabizadə qeyd
edib.

Əsəri haqqında məlumat verən müəllif “Gündüz və gecə”
instalyasiyasının ikili xarakter daşıdığını deyərək, onun
interaktiv olduğunu vurğulayıb. Bildirib ki, ziyarətçilər
instalyasiyanın ətrafında dolaşaraq, əsərin bir hissəsinə
çevrilərək, onu daha dərindən hiss edəcəklər.

“Gündüz və gecə” instalyasiyası müasir dövrdə vacib
problemlərdən olan təbiətin və ətraf mühitin çirklənməsi, plastik
tullantılar ilə mübarizə məsələsinə diqqəti cəlb edir.

Leave A Reply

Your email address will not be published.