KOB Fest sərgi-satış yarmarkası bu dəfə Qubada (FOTO)

0 2

Bakı. Trend:

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı ilə növbəti KOB Fest sərgi-satış yarmarkası iyunun
18-də Quba rayonunda keçirilib.

Agentlikdən Trend-ə verilən
məlumata görə, rayonun Nizami Parkında təşkil olunmuş “KOB Fest”də
Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və digər şəhər və rayonlardan
olan 70-dən çox mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox
adda kənd təsərrüfatı məhsulları, un məmulatları, hazır qida,
müxtəlif sənaye məhsulları, tekstil, eləcə də sənətkarların və
yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır. Yarmarkada
yerli istehsal ilə yanaşı, müxtəlif sahələrdə xidmət göstərən KOB
subyektlərinin xidmətləri sərgilənir. Eyni zamanda “KOB Fest”
çərçivəsində mədəni-əyləncəli proqram təşkil olunub.

Tədbir Quba və ətraf rayonlardan olan KOB subyektlərinin
istehsal etdiyi məhsulların satılmasına dəstək olmaq, yerli
məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar
arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, KOBİA-nın təşkilatçılığı ilə Quba rayonunda
keçirilən KOB Fest sərgi-satış yarmarkası sayca altıncıdır və saat
20.00-dək davam edəcəkdir. Bundan əvvəl “KOB Fest” Bakı, Şəmkir,
Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində təşkil edilib. Bu
yarmarkalarda 300-dən çox mikro və kiçik sahibkarlıq subyekti
məhsul və xidmətlərini təqdim ediblər. Növbəti “KOB Fest”in iyulun
7-də Şəki şəhərində keçirilməsi planlaşdırılır.

Leave A Reply

Your email address will not be published.