Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb

0 2

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı
ilə uçot dərəcəsi 7.75%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı
həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanıb.

Mərkəzi Bankdan Trend-ə bildirilib ki, əsas ixrac qiymətlərinin
artdığı şəraitdə tədiyə balansının cari əməliyyatlar hesabında
profisit əhəmiyyətli artmaqdadır. 2022-ci ilin I rübündə cari
əməliyyatlar hesabında ÜDM-in 22.5%-i həcmində profisit qeydə
alınmışdır. Proqnozlara görə cari ilin sonuna cari hesablar
balasında iri həcmli profisit olacağı gözlənilir. Bu, valyuta
bazarında tarazlığı və qiymət sabitliyinin əsas lövbərini
gücləndirir. Nominal effektiv məzənnənin möhkəmlənməsi idxal
inflyasiyasını azaldır. Əvvəlki toplantılarda Mərkəzi Bankın pul
siyasətinin sərtləşməsi ilə bağlı qərarlarının da inflyasiyaya
məhdudlaşdırıcı təsirləri davam edir. Qiymətləndirmələrə görə
artmaqda olan inflyasiya əsasən ticarət tərəfdaşı olan ölkələrdə
yüksək qiymət artımlarından təsirlənir. Xarici sektor
göstəricilərində pozitiv meyilləri və inflyasiya təzyiqlərinin
əsasən idxal mənşəli olduğunu nəzərə alaraq faiz dəhlizinin
parametrləri dəyişməz saxlanılmış, cari ilin sonuna pul kütləsinin
tənzimləməsi ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

Proqnozlara görə inflyasiyanın xarici mühitinin nisbətən
əlverişli olacağı şəraitdə onun ilin sonuna faktiki templərdən
aşağı olacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə isə
inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə
bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin
inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz
dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki
inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya
risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul
ediləcəkdir.

Xarici sektor. Xarici sektor göstəricilərinin
yaxşılaşması valyuta bazarının cari və ortamüddətli dövr üzrə
tarazlığını dəstəkləyir.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti üzrə
proqnoz yüksəldilmə istiqamətində təshih edilmişdir. Bu təshih ilin
ötən dövründə xarici sektor göstəricilərinin dinamikası, habelə
əsas ixrac məhsullarının faktiki və proqnozlaşdırılan qiyməti
nəzərə alınmaqla aparılmışdır. Belə ki, I rübdə cari əməliyyatlar
balansında ÜDM-in 22.5%-i həcmində profisit qeydə alınmışdır. Brent
markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 105 ABŞ
dolları təşkil etmişdir. Beynəlxalq təşkilatların proqnozlarına
görə ilin sonunadək neftin qiyməti 100 ABŞ dollarını
üstələyəcəkdir. Təbii qazın ixracının tədiyə balansına müsbət
təsiri də güclənməkdədir. Eyni zamanda qeyri-neft ixracı yüksək
artım tempini qoruyur.

Profisitli tədiyə balansı ölkənin strateji valyuta
ehtiyatlarının artmasına şərait yaradır. 2022-ci ilin 5 ayında
strateji valyuta ehtiyatları 1.9% artaraq 54.2 mlrd. ABŞ dollarına
yüksəlmişdir.

Xarici sektor göstəricilərinin yaxşılaşması və bunun
gözləntilərə təsiri valyuta bazarında da özünü göstərir. Pul
siyasətinə həsr olunmuş son iclasdan bəri Mərkəzi Bankda təşkil
olunan valyuta hərraclarında tələbin əhəmiyyətli azalması müşahidə
edilir. Belə ki, mayda hərraclara çıxarılan ümumi valyuta təklifi
560 mln. ABŞ dollar, tələb isə 288 mln. ABŞ dolları təşkil
etmişdir. May ayında nağd valyuta bazarında banklar tərəfindən
xarici valyutanın alışı satışı üstələmişdir.

İqtisadi fəallıq. Ölkədə iqtisadi fəallıq
gözləntiləri üstələyir, məşğulluq yüksəlir.

2022-ci ilin yanvar-may aylarında ümumi daxili məhsul real
ifadədə 7.2%, o cümlədən qeyri-neft sektoru üzrə 11% artmışdır.
Qeyri-neft sektorunun ticari sahələrində daha yüksək artım müşahidə
edilir. Bununla belə son aylarda qeyri-ticari sahələrdə də artım
tempi yüksəlməkdədir.

İqtisadi artımı həm daxili, həm də xarici tələb dəstəkləyir.
2022-ci ilin yanvar-may aylarında ötən ilin eyni dövrünə nəzərən
pərakəndə ticarət dövriyyəsi 3.1%, qeyri-neft investisiyalarının
həcmi isə 14.6% artmışdır. Qeyri-neft ixracı isə 5 ayda ötən ilin
müvafiq dövrünə nəzərən 30.9% artmışdır.

Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin
nəticələrinə görə qeyri-neft sənayesi, ticarət və xidmət
sektorlarında biznes inam indeksinin yüksəlməsi may ayında da davam
etmişdir. Mayda qeyri-neft sənayesi üzrə icraya qəbul edilmiş
sifarişlər və istehsal gözləntiləri, ticarətdə faktiki satışlar və
xidmətdə faktiki tələb əvvəlki aya nəzərən yüksəlmişdir. Orta və
kiçik biznesdə istehsal güclərindən istifadə səviyyəsi
yüksəlir.

İnflyasiya prosesləri. Pul siyasətinə həsr olunmuş ötən iclasdan
sonrakı dövrdə ölkədə illik inflyasiya tempi bir qədər
yüksəlmişdir. Rəsmi statistikaya görə 2022-ci ilin may ayında
inflyasiya 0.7% olmuş, ötən ilin eyni ayına nəzərən isə qiymətlərin
ümumi səviyyəsi 13.7% artmışdır. Mayda ötən ilin eyni ayına nəzərən
ərzaq qiymətləri 20.2% artmış, qeyri-ərzaq məhsulları 7.1%,
xidmətlər isə 10.3% bahalaşmışdır. İllik baza inflyasiyası may
ayında 10% təşkil etmişdir.

İnflyasiyanın xarici fonu ümumilikdə əlverişsiz olaraq qalır.
Dünya birjalarında əmtəələrin bahalaşmasında səngimə müşahidə
edilsə də, qiymətlər tarixi maksimumlara yaxın səviyyədə qalır.
Dünya Bankının məlumatına görə son 2 ayda (aprel-may ayları) dünya
əmtəə qiymətləri enerji məhsulları üzrə 1.4%, qeyri-enerji
məhsulları üzrə isə 9.4% azalmışdır. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı təşkilatının məlumatlarına görə dünya ərzaq qiymətləri
son 2 ayda 1.5% azalmışdır. Bu azalma əsasən yağların və süd
məhsullarının ucuzlaşması hesabına baş vermişdir. Un məmulatları və
ətin qiyməti isə artmaqda davam edir. Gərgin geosiyasi vəziyyət
qlobal xammal qiymətlərinin, xüsusilə enerji və ərzaq qiymətlərinin
uzun müddət yüksək qalacağı gözləntisini gücləndirir.

Ticarət tərəfdaşı olan ölkələrdə inflyasiyanın yüksəlməsi
prosesi davam edir ki, bu da Azərbaycanda istehlak qiymətlərinə həm
birbaşa, həm də dolayı təsir göstərir. Dolayı təsir istehsalçı
qiymətləri vasitəsilə baş verir. Belə ki, apreldə illik əsasda kənd
təsərrüfatı istehsalçı qiymətləri 16.3%, qeyri-neft sənaye
istehsalçı qiymətləri indeksi isə 20.1% yüksəlmişdir.

Mərkəzi Bank tərəfindən real sektor müəssisələri arasında
aparılan monitorinqin nəticələrinə görə may ayında inflyasiya
gözləntiləri əvvəlki ayla müqayisədə qeyri-neft sənayesi, ticarət
və xidmət sektorlarında yüksəlmiş, tikintidə isə azalmışdır.

Ötən iclasdan bəri inflyasiya proqnozunda əhəmiyyətli dəyişiklik
edilməmişdir. Cari ilin sonuna məcmu tələbin genişlənməsi ilə
gözləntilər proqnozlaşdırılan inflyasiyaya artırıcı təsir edir.
Lakin digər tərəfdən monetar şərait, xüsusən də manatın nominal
effektiv məzənnəsinin möhkəmlənməsi proqnozlaşdırılan inflyasiyanı
azaldır. Ümumilikdə yenilənmiş proqnozlara görə inflyasiyanın
xarici mühitinin nisbətən əlverişli olacağı şəraitdə onun ilin
sonuna faktiki templərdən aşağı olacağı gözlənilir. Ortamüddətli
perspektivdə inflyasiyanın tədricən hədəf diapazonuna doğru hərəkət
edəcəyi proqnozu dəyişməz qalır.

Monetar şərait. Monetar şərait inflyasiyaya
azaldıcı təsir göstərməkdə davam edir.

Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi həm faktiki,
həm də proqnozlaşdırılan inflyasiyanın dekompozisiyasında başlıca
azaldıcı monetar amil kimi çıxış edir.

Profisitli dövlət büdcəsi və Mərkəzi Bank tərəfindən
sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi şəraitində manatla
pul bazası 2022-ci ilin ötən dövründə 5.5% azalmışdır.

İnflyasiya təzyiqlərinin artdığı şəraitdə izafi likvidliyin
əlavə sterlizasiyası məqsədilə məcburi ehtiyat normalarından daha
aktiv istifadə edilməsi də nəzərdə tutulur. Mərkəzi Bankın 06 iyun
2022-ci il tarixli qərarı ilə “Məcburi ehtiyatların norması,
hesablanması və saxlanması Qaydası”na edilən dəyişikliklərin
qüvvəyə minməsi məcburi ehtiyatlara dair çevik qərarların qəbuluna
şərait yaradır. Qiymətləndirmələrə görə məcburi ehtiyatların milli
valyutada depozitlər üzrə 4%-ə, xarici valyutada depozitlər üzrə
isə 5%-ə qaldırılması bank sektoru üzrə öhdəliklərin maya dəyərinə
cəmisi 0.044% artırıcı təsir göstərir.

Bank sisteminin likvidlik mövqeyində struktur profisitinin
azalması milli valyutada risksiz alətlər bazarındakı faizlərin
artımı ilə müşayiət olunur.

Kredit qoyuluşlarının artım tempi yüksəlməkdədir. 2022-ci ilin
may ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit
qoyuluşları ilin əvvəlinə nəzərən 8.5%, ötən ilin eyni ayına
nəzərən isə 23.3% artmışdır. Ev təsərrüfatların verilən kreditlərin
artım tempi ümumilikdə kredit qoyuluşlarının artım tempini
üstələyir.

Risklər balansı. İnflyasiyanın risk balansı əsasən dünyadakı
geosiyasi vəziyyət fonunda yaranan qeyri-müəyyənliklərin təsiri
altında formalaşır.

Qlobal iqtisadi bərpanın zəifləməsi riski qlobal staqflyasiya
riski ilə əvəzlənmişdir. Bu şəraitdə ticarət tərəfdaşı olan
ölkələrdə inflyasiya təzyiqlərinin artması və təchizat zəncirindəki
problemlər səbəbindən Azərbaycana inflyasiya idxalının daha da
güclənməsi başlıca xarici riskdir. Dünya əmtəə qiymətlərinin
yüksəlməsilə yanaşı inkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş
ölkələrə kapital axınlarının güclənməsi də tərəfdaşlarda maliyyə
bazarlarının vəziyyətinə və qiymət artımlarına təsir edə bilər.
Məcmu tələbin gözləniləndən daha sürətlə yüksəlməsi başlıca daxili
riskdir. Profisitli tədiyə balansı valyuta bazarında təklifin
genişlənməsinə şərait yaratmaqla məzənnənin inflyasiya idxalını
məhdudlaşdırmaq potensialını gücləndirir. Eyni zamanda pul siyasəti
qərarları qısa və orta müddətli perspektivdə inflyasiyaya azaldıcı
təsir edəcəkdir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar
inflyasiyanın risk balansı və yenilənmiş proqnozlar nəzərə
alınmaqla qəbul ediləcəkdir.

Bu qərar 17 iyun 2022-ci ildən qüvvəyə minir. Pul siyasәti
qәrarına dair növbəti açıqlama 2022-ci il iyul ayının 29-da
veriləcək və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.

Leave A Reply

Your email address will not be published.