MDU Karatay Beynəlxalq islam iqtisadiyyatı və maliyyəsi konfransında fəal təmsil olunub (FOTO)

0 2

Bakı. Trend:

Türkiyənin KTO Karatay Universitetində 2-ci Karatay Beynəlxalq
İslam İqtisadiyyatı və Maliyyəsi Konfransının (KARCIEF 2022) işinə
yekun vurulub. Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Konya
Ticarət Odası (KTO), KTO Karatay Universiteti, Sakarya Universiteti
və Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlığı ilə
keçirilən beynəlxalq konfrans “Dayanıqlı ağıllı kənd təsərrüfatı və
islam maliyyəsi” mövzusuna həsr edilib.

MDU-dan Trend
bildirilib ki, iyunun 17-dən 18-dək “Zoom” platforması üzərindən
onlayn formatda davam edən beynəlxalq konfransda MDU-nun akademik
heyət üzvləri də fəal təmsil olunublar. Konfransın bölmə
iclaslarında digər iştirakçılarla yanaşı, MDU əməkdaşlarından
Nüşabə Qədimli “Azərbaycanda islam bankçılığı və onun
perspektivləri”, Azər Hacıyev “Kənd təsərrüfatında əmək
resurslarının idarə edilməsinin konseptual əsasları”, Nurlan Əzizli
(həmmüəlliflər Vüqar Mustafayev və Elvin Muradzadə) “Fintex
inqilabının rəqəmsal bankçılığın gələcəyinə təsiri”, Təranə Əliyeva
(həmmüəlliflər Təranə Süleymanova və Təranə Səfərova) “Qida
təhlükəsizliyinin təmin edilməsində yerli istehsal üçün
təlimatlar”, Aytən Nadirova (həmmüəlliflər Arif Tağıyev və Vüqar
Məmmədli) “Azərbaycanda aqrar sektorun inkişafında islam bankçılıq
ənənələrinin tətbiqinin rolu” və Arifə Nəsibova (həmmüəllif
Abbasova-Zeynalova Nuranə) “Kənd təsərrüfatı sektorunun inkişafında
kraudfandinqin tətbiqi potensialı” mövzusunda çıxış ediblər.

Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr
aparılıb və iştirakçıların sualları cavablandırılıb.

İyunun 17-dən işə başlayan beynəlxalq konfransın açılışında KTO
Karatay Universitetinin rektoru Fevzi Rifat Ortaç, Sakarya
Universitetinin rektoru Fatih Savaşan, MDU-nun rektoru Şahin
Bayramov və KTO Karatay Universitetinin İslam iqtisadı ve maliyyə
bölümü rəhbəri Hamdi Döndüren çıxış ediblər.

Beynəlxalq konfrans dünyanın müxtəlif ölkələrindən akademik
heyəti və praktik mütəxəssisləri bir araya toplamaqla islam
iqtisadiyyatı və maliyyəsi sahəsində mövcud problemləri müzakirə
etmək və innovativ həllər təklif etmək məqsədi daşıyır. Bir plenar
və 15 bölmə iclasından ibarət təşkil edilən beynəlxalq konfransa
dünyanın 7 ölkəsinin 19 ali təhsil və elmi-tədqiqat müəssisəsindən
100-ə yaxın məqalə daxil olub. Konfransa qəbul edilən məqalələr
“Journal of Islamic Economics and Finance (KARJIEF)”,
“International Journal of Islamic Economics and Finance Studies
(IJISEF)” və “Journal of Islamic Finance (JIF)” kimi elmi nəşrlərdə
dərc olunacaq.

Leave A Reply

Your email address will not be published.