Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə üz-üzə qoya bilər — Kamaləddin Qafarov

0 2

Bakı. Trend:

Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda dayanıqlı
sülhün və sabitliyin bərqərar olunmasında son dərəcə maraqlıdır və
bu istiqamətdə davamlı olaraq çalışmalar həyata keçirir. İyunun
16-da işə başlamış “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX
Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edən Prezidentimiz
bir çox digər vacib mövzularla yanaşı bu məsələyə də ətraflı
münasibət bildirərək, Qafqazda regional təhlükəsizliklə bağlı
ölkəmizin yanaşmalarını çox aydın şəkildə təqdim etdi. Tarixin
səhifələrində müharibədə işğalçı dövlətə qalib gəlmiş, təcavüzkarı
məğlub edərək öz ərazilərini azad etmiş qalib ölkənin sülh təklifi
etməsinə çox nadir hallarda rast gəlinir. Lakin Azərbaycan bu
addımı atır. Səbəb isə budur ki, dövlətimiz təkcə öz ölkəsinin
ərazisində deyil, bütün Cənubi Qafqaz regionunda sülh, əmin-amanlıq
və inkişaf görmək istəyir. Prezident İlham Əliyevin dediyi kimi, bu
gün artıq sülh və əməkdaşlıq yaratmaq vaxtıdır. Əgər Ermənistan
hökuməti bu tarixi fürsəti əldən qaçırsa, ən çox uduzan erməni
xalqı olacaq. Bu sözləri mətbuata açıqlamasında Azərbaycan
Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov
deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan bu gün də Ermənistanla
münasibətlərin normallaşdırılması istiqamətində üzərinə düşən
vəzifələri yerinə yetirməkdə davam edir. “Bu prosesdə cüzi
irəliləyişlər müşahidə edilsə də, gözlənilən nəticələrin əldə
olunması üçün qətiyyən kafi deyil. Məlum olduğu kimi, Azərbaycan
2020-ci ilin noyabr ayında Vətən müharibəsini tarixi Qələbə ilə
başa vurduqdan az sonra sülh razılaşması üzərində çalışmağa
başlamağı təklif etdi. Lakin Ermənistan bu sülhsevər təklifə cavab
vermədi. Daha sonra Azərbaycan yenə də regional sülh və
təhlükəsizlik prinsiplərini əsas tutaraq bu istiqamətdə növbəti
addım atdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan
hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət
etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı
iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil
olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və eynilə bütün
region ölkələrinin mənafeylərinə uyğun olan digər prinsipləri də
özündə ehtiva edən təklif irəli sürdü.Ermənistan hökuməti bu beş
prinsipi qəbul etdi.

Əlbəttə ki, bu olduqca yaxşı bir haldır və artıq müsbət
dinamikanın təzahürüdür. İndi artıq əməli addımlar atmaq vaxtıdır.
Azərbaycan yenə də xoşməramlı niyyətini nümayiş etdirərək öz
tərəfindən sülh razılaşması üzrə komissiya yaratdı. İndi müvafiq
addımın Ermənistan tərəfindən atılması lazımdır ki, artıq
bilavasitə sülh danışıqları başlasın. Lakin Ermənistan hələ də
nəyisə gözləyirmiş kimi, qərarsızlıq nümayiş etdirir. Bu isə
qətiyyən yaxşı əlamət deyil”.

K.Qafarov Azərbaycana qarşı istənilən növbəti ərazi iddialarının
Ermənistana çox baha başa gələ biləcəyini vurğulayaraq deyib:
“Prezident İlham Əliyev Vətən müharibəsindən sonra keçən müddət
ərzində Azərbaycanın Ermənistanla birgə yaşayış və normal qonşuluq
münasibətlərinin qurulması üçün hər iki ölkə tərəfindən atılması
zəruri olan addımlar barədə dəfələrlə bəyanatlar verib. Bakı
Forumunun açılış mərasimin etdiyi çıxışında da dövlət başçısı bu
məsələyə toxundu və Azərbaycanın mövqeyini növbəti dəfə birmənalı
olaraq ortaya qoydu. İlk növbədə, Ermənistan 2020-ci il 10 noyabr
tarixli üçtərəfli Moskva Bəyanatının bütün müddəalarına və xüsusilə
kommunikasiyaların açılması ilə bağlı öhdəliklərinə əməl etməlidir.
Necə ola bilər ki, Azərbaycan Ermənistandan ölkəmizin erməni
əhalisinin yaşadığı Qarabağ bölgəsinə maneəsiz çıxışı təmin etsin,
Ermənistan isə Zəngəzur dəhlizinin açılmasını, yəni Azərbaycanın
Naxçıvan Muxtar Respublikası ilə əlaqəsini bloklasın ? Əlbəttə ki,
bu, yolverilməzdir və Azərbaycan bu vəziyyətin uzun müddət davam
etməsinə dözə bilməz. Ermənilər bilməlidirlər ki, vaxt uzatmaq
məqsədilə məsələlərin həllini gecikdirmək taktikası heç də yaxşı
sonluqla nəticələnmir. Azərbaycanın bu məsələdə mövqeyi qəti və
birmənalıdır. Zəngəzur dəhlizinin açılması gələcək regional sülhün
əsas baza elementlərindən biridir. Prezident İlham Əliyev məxsusi
olaraq bu məsələni vurğulamaqla alternativ variantın olmadığını bir
daha qeyd etdi: “Əgər bizə bu əlaqə yolu təqdim edilməyəcəksə, sülh
haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal
qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş bütün səyləri
uğursuz olacaq. Bir daha qeyd etmək istəyirəm ki, bu, vacib
məsələdir, Azərbaycanın bunu tələb etməyə haqqı var. Birincisi,
Ermənistan hökuməti müvafiq Bəyanatı imzalayıb. İkincisi,
Azərbaycan müharibədə qalib gəlib və işğaldan əziyyət çəkmiş ölkə
olaraq bizim bunu tələb etməyə mənəvi haqqımız var.”

Millət vəkilinin fikrincə, Zəngəzur dəhlizinin açılmaması
müzakirə mövzusu ola bilməz, çünki bu məsələ Üçtərəfli Bəyanatda öz
əksini birmənalı şəkildə tapıb. Digər tərəfdən, Ermənistan
tərəfindən hələ də dırnaqarası “Dağlıq Qarabağ”ın statusu ilə bağlı
fikirlər səsləndirilməkdədir. Bu, ilk növbədə, Ermənistanın özü
üçün çox təhlükəli mövqedir:” Azərbaycan ərazisində Dağlıq Qarabağ
adında inzibati ərazi mövcud deyil. Buna görə də statusla bağlı
istənilən iddialar faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü
sual altına qoymaq cəhdi kimi qiymətləndirilə bilər. Belə olan
halda isə Azərbaycan da Ermənistana qarşı Qərbi Zəngəzurla bağlı
eyni iddialar irəli sürə bilər. Həm də nəzərə almaq lazımdır ki,
Azərbaycanın buna həm tarixi nöqteyi-nəzərdən hüququ, həm də mənəvi
haqqı var. Mifik ərazi iddiaları Ermənistanı böyük problemlərlə
üz-üzə qoya bilər”.

Leave A Reply

Your email address will not be published.