Ölkənin ən böyük intellektual turniri üçün final həyacanı başlayıb (FOTO)

0 3

Bakı. Trend:

İyunun 18-də Bakı Konqres Mərkəzində rəsmi şəxslər və gənclər
təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İntellektual
Klubların Gənclər Liqası”nın final mərhələsinin açılış mərasimi
keçirilib.

Trend-in məlumatına görə,
mayın 9-dan etibarən start götürən və respublikanın 57 şəhər və
rayonunu əhatə edən 4 mərhələdən ibarət turnirin seçimlərində
ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən çox gənc öz
intellektual gücünü sınayıb. Seçim turlarının yekununda regionlar
üzrə ən yaxşı nəticə göstərən 16, paytaxt üzrə isə 24 komanda
Bakıda keçirilən möhtəşəm final mərhələsində kubok uğrunda mübarizə
aparırlar. 2 gün davam edən Böyük finalda paytaxt və regionları
təmsil edən 40 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”,
“Breyn-Rinq” və “Erudit Kvartet” oyunlarında öz intellektual
bacarıqlarını nümayiş etdirəcəklər.

Təşkil edilən turnirin məqsədi Azərbaycan gənclər siyasətinin
prioritet istiqamətlərindən olan gənclərin intellektual
potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların
keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu
formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etməkdir.
Vurğulamaq lazımdır ki, ötən illərdən fərqli olaraq bu il keçirilən
turnirdə təqdim olunan suallar arasında Cənab Prezident İlham
Əliyev tərəfindən 2022-ci ilin Şuşa ili elan olunması ilə bağlı
Qarabağımızın, eləcə də mədəniyyət beşiyimizin zəngin irsinin
gənclər arasında təbliği xüsusi önəm daşıyır.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən
turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual
səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin
şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə
güvənən hər bir gənci bu çağırışa qoşulmağa və bu ənənənin
davamçısı olmağa dəvət edir.

Qeyd edək ki, “İntellektual Klubların Gənclər Liqası” Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə
Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və
“Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir.

Leave A Reply

Your email address will not be published.