Ombudsman IX Qlobal Bakı Forumunda çıxış edib (FOTO)

0 2

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva IX Qlobal Bakı Forumu çərçivəsində
keçirilən “XXI əsrdə insan hüquqları, demokratiya və yeni
çağırışlar” adlı paneldə çıxış edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, forum iştirakçılarını
salamlayan S.Əliyeva çıxışında ölkəmizdə insan hüquqları sahəsində
həyata keçirilən islahatlar haqqında ətraflı məlumat verib.

Ombudsman artıq 15 ildir ki, 18 iyun tarixinin Azərbaycanda
İnsan Hüquqları Günü kimi qeyd olunduğunu diqqətə çatdıraraq,
iştirakçıları bu münasibətlə təbrik edib.

S.Əliyeva çıxışı zamanı bu il 20 illiyi qeyd olunan Azərbaycan
Ombudsman təsisatının fəaliyyət istiqamətləri, habelə müsbət
təcrübələri barədə danışıb.

S.Əliyeva Azərbaycan təcrübəsinə istinad edərək, məhkəmədənkənar
hüquq müdafiəsi mexanizmi olan ombudsmanların və milli insan
hüquqları institutlarının fəaliyyətinin təkmilləşdirilməsində
dövlətin dəstəyinin əhəmiyyətini qeyd edib.

Çıxış etdiyi panelin olduqca aktual bir problemə həsr olunduğunu
bildirən Ombudsman qlobal səviyyədə insan hüquqlarına təhdid olan
məsələlərə toxunub.

S.Əliyeva sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri törədənlərin cəzalandırılmasının zəruriliyini
vurğulayaraq, bu cinayətlərlə bağlı ədalət mühakiməsinə cəlb edilmə
zamanı ayrı-seçkiliyə, ikili standartlara yol verilməsinin əsas
problemlərdən biri olduğunu bildirib.

Müvəkkil beynəlxalq təşkilatların prinsipial məsələlərdə
susqunluq nümayiş etdirməsinin müharibə və münaqişələrə səbəb
olduğunu, nəticədə beynəlxalq insan hüquqları ilə yanaşı, humanitar
hüquq normalarının da pozulduğunu təəssüflə qeyd edib.

Panel müzakirə ilə davam etdirilib.

Leave A Reply

Your email address will not be published.