Vyanada “Azərbaycan qadın şairlərinin poeziya antologiyası” çap olunub

0 2

Bakı. Trend:

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın
Avstriyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə Vyanada “Türk
dünyasını birləşdirən ədəbi körpü” adlı silsilə tədbirlərə start
verilib. İlk tədbir iyunun 7-də Vyanadakı Azərbaycan Mədəniyyət
Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
almanca nəşr olunmuş “Azərbaycan qadın şairlərinin poeziya
antologiyası”nın təqdimatı ilə baş tutub.

Trend xəbər verir ki, tədbirdə
Türk Dünyasının ayrılmaz parçası olan Azərbaycan mədəniyyəti,
Azərbaycan qadın şairələrinin ədəbi inciləri təqdim edilib.
Mərasimdə Vyanada akkreditə olunmuş səfirlər və diplomatik korpusun
nümayəndələri, eləcə də Avstriya ictimaiyyətinin və Azərbaycan
diasporasının təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun
prezidenti Günay Əfəndiyeva çıxışında bildirib ki, Türk tarixinə
nəzər salanda keçmişdən bu günə kimi hər zaman böyük şəxsiyyətlər
sırasında qadınların xüsusi yerə sahib olduğunu, onların mənsub
olduqları ölkənin və xalqın taleyində böyük rol oynadığını görmək
mümkündür.

Kitab haqqında məlumat verən Fondun prezidenti “Azərbaycan qadın
şairlərinin poeziya antologiyası” kitabının səkkiz yüz illik bir
dövrün ədəbi ruhunu özündə daşıdığını bildirib: “Burada toplanan
şeirlər orta əsrlərdən, yəni XII əsrdən XX əsrədək Azərbaycan
ərazisində yaşamış görkəmli şairələrin yaradıcılığına işıq tutur.
Bu şairələr ölkənin müxtəlif guşələrində, o cümlədən Azərbaycanın
ayrılmaz parçası olan Qarabağda, mədəniyyət beşiyi olan Şuşada
yaşamış şairələrdir. Onlardan birinin məşhur şairə və ictimai xadim
Xan qızı Xurşidbanu Natəvanın bu il anadan olmasının 190 ili tamam
olur və bu yubiley dünyada geniş şəkildə qeyd edilir”.

Antologiyanın alman dilində nəşrinin ərsəyə gəlməsində önəmli
rolu olan araşdırmaçı-yazar Orxan Araz çıxışında hələ orta əsrlərdə
Azərbaycan şairələrinin dövrünün ziyalı, tərəqqipərvər və açıq
fikirli insanlar olduqlarını, öz əsərlərindəki poetik estetikanın
digər müasirlərindən daha üstünlük təşkil etdiyini vurğulayıb.

Daha sonra Azərbaycan qadın şairələri haqqında sənədli film nümayiş
etdirilib. Yazar və jurnalistlər Ülviyyə Heydərova və Zəhra
Quliyevanın müəllifləri olduqları sənədli filmdə Azərbaycan
tarixinə nəzər salınıb, müxtəlif dövrlərdə yaşamış şairələrin həyat
və yaradıcılığından bəhs olunub.

Tədbir musiqili bədii proqramla davam edib. Azərbaycanın Xalq
artisti Mehriban Zəki və avstriyalı aktrisa Sebine Petzl tərəfindən
Antologiyaya daxil olan şeirlər səsləndirilib, Avstriyada yaşayan
azərbaycanlı pianoçu Abuzər Manafzadə və Karen Danqer-Manafzadənin
ifasında şairələrin əsərlərinə bəstələnmiş mahnılar tamaşaçılara
təqdim olunub.

Qeyd edilməlidir ki, antologiyada 800 il ərzində əsərləri ilə dünya
ədəbi irsinə təkrarsız nümunələr bəxş edən Məhsəti Gəncəvinin,
Ağabəyim Ağanın, Xurşidbanu Natəvanın, Heyran xanımın,
Ümmügülsümün, Nigar Rəfibəylinin, Mirvarid Dilbazinin və digər
şairələrinin şeirləri toplanıb.

Leave A Reply

Your email address will not be published.