Xarici səyahətçi və blogerlərin azad edilmiş ərazilərə səfəri erməni vandalizminin ifşası üçün vacibdir – TƏHLİL

0 2

Bakı. Trend:

10 ölkədən 24 səyahətçi və blogerdən ibarət qrupun Azərbaycanın
işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşa, Ağdam, Zəngilan
rayonlarına səfəri baş tutub. Qonaqlar həmin ərazilərdə erməni
vandallıqlarını öz gözləri ilə görüb və Azərbaycan tərəfindən
aparılan bərpa və quruculuq işləri ilə tanış olublar.

Milli Məclisin deputatı Sevinc Hüseynova
Trend-in sualını
cavablandırarkən bildirib ki, bu cür səfərlər Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm
əhəmiyyətə malikdir.

“Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə
torpaqlarını işğaldan azad etdi. 30 il müddət ərzində işğal altında
qaldığı müddətdə ərazilərimiz erməni vandalizminə məruz qalıb,
bütün infrastruktur məhv edilib, mədəni-tarixi abidələr dağıdılıb,
ekologiyaya qarşı terror törədilib. Bu gün bütün bunların dünya
ictimaiyyətinin diqqətinə çatdırılması vacib əhəmiyyət kəsb edir.
Bu baxımdan səyahətçi və blogerdən ibarət qrupun həmin ərazilərə
səfəri və erməni vandalizmini öz gözləri ilə görmələri əhəmiyyətli
bir hadisədir”, – deyə deputat bildirib.

Deputat vurğulayıb ki, Azərbaycan işğaldan azad edilmiş
ərazilərdə sürətli bərpa və quruculuq işləri aparır. “Xarici
qonaqlar həmin ərazilərin işğal zamanı vəziyyəti və işğaldan azad
edildikdən sonra aparılan quruculuq işləri ilə tanış olmaqla
ermənilərin əsl mahiyyətini görürlər və Azərbaycanın nə qədər
sülhsevər bir ölkə olduğunun bir daha şahidi olurlar”, – deyə
deputat bildirib.

O əlavə edib ki, işğaldan azad edilən ərazilər həmçinin füsünkar
təbiətə və geniş turizm imkanlarına malikdir. “Əlbəttə ki, xarici
qonaqların səfəri həmin ərazilərin turizm potensialının dünyada
təbliği baxımından mühüm rol oynayır”, – deyə deputat
vurğulayıb.

Milli Məclisin deputatı Azər Badamov da
Trend-in sualını
cavablandırarkən bu səfərin əhəmiyyətindən danışıb.

“Bu gün də 24 nəfərdən ibarət tanınmış beynəlxalq səyyah qrupu
işğaldan azad olunmuş ərazilərdə səfərdədirlər. Birinci olaraq qeyd
etmək istəyirəm ki, beynəlxalq səyyahlar işğaldan azad olunmuş
ərazilərdə törətdikləri vandallıqları öz gözləri ilə görürlər və
lentə almaqla tarixə həkk edirlər. Yəni, məhz belə səfərlər təşkil
etməklə səyyahların və digər nüfuzlu qonaqların gözü ilə ermənin
cinayətkar iç üzü dünyaya tanıdılır. Bunu kimin kim olduğunu
göstərmək baxımdan vacib məsələ hesab edirəm.

İkincisi isə, səyyahlar torpqalarımızı azad etdiyimiz 1,5 ili
ərzində vətəndaşlarımızı öz doğma torpaqlarına qaytarılması üçün
icra edildiyi möhtəşəm layihələrin şahidi olurlar. Səyyahlar
görürlər ki, torpaqlar işğalçıda olanda məhv olunur, öz sahiblərinə
qayıdanda çiçəklənir. Zəngilanda icra olunmuş Ağıllı kənd
konsepsiyası ilkin olaraq yenidən qurulub bərpa ediləcək bütün
ərazilərimizin simasıdır. Səyyahalar görürlər ki, azad olunmuş
ərazilərimizin hər yanınında yol və digər sosial infrastruktur
sürətlə tikilir, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib,
Şuşada möhtəşəm layihələr icra olunur və digər şəhər tipli rayon
mərkəzlərimiz baş plana əsasən ən müasir formada yenidən qurulur”,
– deyə deputat bildirib.

O qeyd edib ki, bunu həm də iqtisadi gücə malik bir Azərbaycanın
təqdimatı kimi qeyd etmək olar. “İşğaldan azad olunmuş
ərazilərimizin böyük turizm potensialı var. Kəlbəcər dağları,
istisu və şırıltı ilə axan təbii bulaqlar, Şuşanın tarxiliyini
özündə əks etdirən yeni üslubda bərpası və digər ərazilərimizdəki
turizm potensialı səyyahlar müşahidə edir, lentə alır və sosial
şəbəkələrdə yayımlar edilir. Səyyahların gəlişi həm də işğaldan
azad olunmuş ərazilərimizin turizm potensialının dünyaya
tanıdılması deməkdir.

Hesab edirəm ki, belə səfərlərin davamlı şəkildə təşkili bu
ərazilərə ziyarət etmək maraqında olanların sayını artıracaqdır.
Tezliklə Böyük Qayıdış da olunacaq və hənmin ərazilər cənnətə
çevriləcəkdir. Bu, həm qaçqınlıq həyatı yaşamış vətəndaşlarımız
üçün yaradılmış müasir yaşayış olacaq, həm də beynəlxalq turizmi
cəlb edilməklə ölkəmizin iqtisadi gücünə yeni güc qatacaqdır”, –
deyə deputat əlavə edib.

Leave A Reply

Your email address will not be published.