YARAT Müasir İncəsənət Məkanında Ucal Haqverdiyevin “Mövcudluqda ünsiyyət” adlı fərdi retrospektiv sərgisi açılıb (FOTO)

0 7

Bakı. Trend:

YARAT Müasir İncəsənət Məkanı XX-XXI əsrlər Azərbaycan
Rəngkarlığı Muzeyində Azərbaycan rəssamı Ucal Haqverdiyevin
“Mövcudluqda ünsiyyət” adlı fərdi retrospektiv sərgisini təqdim
edir.

Trend-in
məlumatına görə, sərgi fərdi və ictimai kolleksiyalardan toplanmış
ekspozisiya, 250-ə yaxın rəngkarlıq və qrafika əsərləri ilə
rəssamın yaradıcılığının tam spektrini əhatə edərək, onun bir çox
rəsmlərini, eskizlərini, albom qaralamalarını, şeirlərini, şəxsi
əşyalarını, eləcə də fotolarını ilk dəfə bir araya gətirir.
Əsərlərin əksəriyyəti geniş ictimaiyyətə ilk dəfə təqdim
olunur.

YARAT Müasir İncəsənət Məkanının ictimaiyyətlə əlaqələr
departamentinin rəhbəri Hökümə Kərimova sərgi haqqında və tədbirin
keçirilməsinin məqsədi barəsində məlumat verib.

Ucal Haqverdiyevin yaradıcılığı barədə və ümumən sərgi haqqında
danışan sərginin kuratoru Fərəh Ələkbərli tədbirin əhəmiyyətindən
söhbət açıb. “Rəngkarlıq Muzeyinin fəaliyyətində ilk dəfədir ki, bu
qədər çox iştirakçı və qonaq görürük. Bizə xoşdur ki, Ucal
Haqverdiyevin sərgisi bu qədər marağa səbəb olub. Bu sərginin
ideyası yarananda, məqsəd rəssam Ucal Haqverdiyevi hamının tanıdığı
kimi yox, onu çoxşaxəli bir rəssam kimi göstərmək idi. Bugünkü
sərgidə biz tamamilə fərqli stilistika və janrlarda olan rəsm
nümunələri gördük”.

Çıxışının sonunda F.Ələkbərli bu sərginin araya-ərsəyə
gəlməsində əməyi keçən hər kəsə, eləcə də layihənin rəhbəri Leyla
Ağayevaya öz təşəkkürünü bildirib.

Ucal Haqverdiyevin həyat yoldaşı, rəssam Yelena Haqverdiyeva
onunla bağlı xatirələrini bölüşüb və onun yaradıcılığının ən incə
nüansları barədə məlumat verib: “Mənim üçün bu gün çox önəmlidir.
Bu səbəbdən də xoşbəxtəm. Sərgini təşkil edənlərə öz təşəkkürünü
bildirirəm”.

Sonra rəssamın oğlu Butunay Haqverdiyev mərhum atası haqqında öz
xoş təəssüratlarını bölüşərək, sərgidə iştirak edən bütün
iştirakçılara minnətdarlığını çatdırıb.

Tədbir Mixail Arxangel kilsəsi xorunun çıxışı ilə davam
edib.

“Mövcudluqda ünsiyyət” Ucal Haqverdiyevin “məkanda olması”
ideyasını nəql edir. Sərgi rəssamın yaradıcılığının bütün
bucaqlarını işıqlandıraraq, onunla səssiz “dialoqda” olmaq imkanını
təklif edir. Rəssamın həyatda olmamasına baxmayaraq, sərgi Ucalın
məkana “müşahidə” və “nəzarət” etməsi konseptindən çıxış edir. Bu
“ünsiyyət” Ucalın “mövcudluğunu” hiss etdirir. Rəssamın daxili
aləmindən bəhs edən ekspozisiya, onun şəxsiyyətinin və
yaradıcılığının bütün aspektlərini əks etdirməklə, həm də onu daim
yeniliklər axtarışında olan mükəmməl kolorist və rəsm bilicisi kimi
də təqdim edir.

Ötən əsrin 80-ci illərində yaradıcılıq yoluna başlayan Ucalın
müxtəlif janr, istiqamət və növlərdə bədii axtarışları,
eksperimentləri məlumdur. Təkcə vizual axtarışlarla deyil, həm də
tematik cəhətdən zəngin olan yaradıcılığında rəssam gündəlik
mövzulardan savayı (insanlar, heyvanlar, təbiət, əşyalar və s.)
təxəyyül və yuxular, eləcə də şərq fəlsəfəsi və dini mövzulara
ciddi istinadlar edir. Bu axtarışların nəticəsində Ucal bənzərsiz
dəst-xətti ilə müstəsna vizual dilini yaradaraq, öz müxtəlifliyində
heç kimə bənzəməyən rəssam kimi incəsənət tarixində qalıb.

Sərginin kuratoru Fərəh Ələkbərlidir. Sərgi mayın26-dan
oktyabrın 16-dək davam edəcək.

Qeyd edək ki, Ucal Haqverdiyev (1960-2004) Haqverdiyevlər
rəssamlar ailəsinin nümayəndəsidir. 1979-cu ildə Əzim Əzimzadə
adına Rəssamlıq Məktəbini bitirdikdən sonra, təhsilini Azərbaycan
Pedaqoji İnstitutunda davam etdirmişdir. O, atası Həsən
Haqverdiyevin ölümündən sonra, Kamal Əhmədi və Sənan Qurbanovu
özünə müəllim sayıb. U. Haqverdiyev, İtalyan İntibahı, eləcə də
neoimpressionizm, kubizm və fovizm kimi modernizm üslubları,
həmçinin “Qacar” rəsm məktəbindən ilhamlanıb.

Ucal Haqverdiyevin əsərləri Rusiya, Gürcüstan, BƏƏ, Fransa,
Tunis, Avstriya, Almaniya və Türkiyədə sərgilənib; ABŞ, Avstriya,
Almaniya, Finlandiya və Rusiyada şəxsi kolleksiyalarda
saxlanılır.

Leave A Reply

Your email address will not be published.