“Zəngin hövzələr” layihəsi çərçivəsində balıq körpələri təbii su hövzələrinə buraxılıb (FOTO)

0 2

Bakı. Trend:

Azərbaycanın daxili su hövzələrinin bioresurslarının mühafizəsi
və bərpasına yönəlmiş genişmiqyaslı “Zəngin hövzələr” layihəsi
çərçivəsində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin birgə təşkilatçılığı ilə iyunun 17-də Kür çayına və
Göygöl gölünə balıq körpələri buraxılıb.

IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, ETSN
rəsmilərinin, IDEA İctimai Birliyi və nazirliyin könüllülərinin
iştirakı ilə keçirilən tədbir zamanı 1000 ədəd körpə çəki balığı
Kür çayına, 2000 ədəd körpə forel balığı isə Göygöl gölünə
buraxılıb.

Qeyd edək ki, ölkənin müxtəlif regionlarında təbii su
hövzələrinə balıq buraxılışı ilin sonunadək davam edəcək.

“Zəngin hövzələr” layihəsi balıq növlərinin təbii
populyasiyasının artırılması, balıqartırma zavodlarında
yetişdirilən müxtəlif növ balıq körpələrinin təbii mühitə
buraxılması, eləcə də daxili su hövzələrində çirkləndirilmənin
azaldılması, qanuni və sivil qaydalarla balıq ovunun təşviqi üzrə
tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Zəngin hövzələr” layihəsinə 2020-ci ilin may
ayında start verilib. Təkcə ötən il 6 milyona yaxın müxtəlif növ
balıq körpəsi su hövzələrinə buraxılıb.

Balıqartırma zavodlarında yetişdirilən müxtəlif növ balıqların
müntəzəm olaraq təbii su hövzələrinə buraxılması nəsli kəsilməkdə
olan növlərin təbii populyasiyasının artırılmasını hədəfləyir.

Son onilliklər ərzində Xəzər dənizinin nadir balıq növlərinin
populyasiyası insan fəaliyyətinin mənfi təsirləri, o cümlədən
çirklənmə, qaçaqmalçılıq və həddən artıq ovlanma nəticəsində
məhvolma təhlükəsi həddinə çatıb. Bununla əlaqədar Heydər Əliyev
Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və
rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycanın və Qafqaz
regionunun su faunasının qorunması və bərpası üzrə bir sıra mühüm
təşəbbüslər həyata keçirilir.

Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar hər il
ölkəmizdə may ayının 1-dən etibarən balıq ovuna dörd aylıq
moratorium tətbiq edilir.

Layihə təşkilatçıları bütün vətəndaşları balıq ehtiyatlarının
qorunmasına, məsuliyyətli olmağın təşviqinə dəstək verməyə, balıq
ehtiyatlarının artımının qarşısını alan bütün hərəkətlərdən imtina
etməyə çağırır.

Leave A Reply

Your email address will not be published.