Azərbaycanın üzləşdiyi mina problemi Lüksemburq, Belçika və İsveçrədə müzakirə olunacaq

0 2

Bakı. Trend:

2022-ci il 20-22 iyun tarixlərində Lüksemburq, Belçika Krallığı
və İsveçrədə humanitar minatəmizləmə mövzusunda silsilə görüşlər
keçiriləcək.

Trend xəbər verir ki, bununla
bağlı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA),
azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi və Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə
səfər təşkil olunub.

Belçika Krallığı və İsveçrədə bir neçə beynəlxalq qurumlarla
təşkil olunan görüşlərin məqsədi Azərbaycanın üzləşdiyi mina
probleminin miqyası, onun törətdiyi nəticə və fəsadları, minalarla
yüksək səviyyədə çirklənmə səbəbindən bərpa və yenidənqurma
işlərinə maneələri, eləcə də bu sahədə dünya ictimaiyyəti və
donorlara çağırış edilməsidir.

Məlumdur ki, mina və müharibənin partlayıcı qalıqları dünyanın
bir çox bölgəsində sülhə, insanların həyat və sağlamlığına,
inkişafına ciddi təhdid və maneədir. Bu istiqamətdə görülən birgə
səylər və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində beynəlxalq
dəstəyin göstərilməsi Azərbaycanda mövcud mina probleminin
humanitar fəsadlarının və bu problemin regionda dayanıqlı sülhün
bərqarar olmasına maneə yaratmasının aradan qaldırılması, həmçinin
iqtisadi layihələrin reallaşdırılması və azad edilmiş ərazilərə
həyatın qaytarılması istiqamətində fəaliyyətə öz müsbət töhfəsini
verəcəkdir.

Leave A Reply

Your email address will not be published.