Bolonya Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb (FOTO)

0 7

Bakı. Trend:

Bolonya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru
professor Raffaella Kampaner və Beynəlxalq əlaqələr departamentinin
direktoru Covanna Filippinin rəhbərliyi ilə Universitetin Kənd
təssərrüfatı və qida elmi fakültəsinin dörd mütəxəssisi 14-18 iyun
tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfərin məqsədi ADA
Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan
Universitetində Kənd təssərrüfatı və Qida elmi fakültəsini təsis
etmək üçün ilkin araşdırmanın aparılması idi.

Nümayəndə heyəti ölkənin kənd təsərüfatı üzrə strateji inkişaf
planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların
müəyyən olunması üçün müxtəlif bölgələrə araşdırma səfərləri həyata
keçirmişdir. Səfərlər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə
təşkil edilmişdir. Təsis edilən akademik proqramların sözügedən
sahənin inkişafına töhvə verməsi üçün Kənd təssərrüfatı və Təhsil
nazirlikləri ilə sıx məşvərət aparılmış, əhəmiyyət kəsb edən
mövzular müzakirə edilmişdir. Eyni zamanda, həmin akademik
proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması
üçün bəhs edilən sahə üzrə fəaliyyət göstərən şirkətlərlə də
ətraflı müzakirələr aparmışdır.

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi hər iki dövlət
üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində bir sıra
yüksək səviyyəli görüşlər keçirilmişdir. Belə ki, ADA
Universitetində Rektor Hafiz Paşayevlə görüşlə yanaşı, nümayəndə
heyəti Kənd Təssərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Emin
Əmrullayev və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə
aidiyyəti mövzu üzrə müzakirələr aparıb.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib
Məmməd bildirib ki, yüksək ixtisaslı kadrların yetişdirilməsi
İtaliya-Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindən
biridir. Bu məqsədlə, heyvandarlıq, bitkiçilik, qida elmi və
texnologiyası kimi strateji sahələr üzrə akademik proqramlar təsis
olunacaqdır. Sözügedən proqramlar Bolonya Universiteti ilə birgə
tədris olunacaqdır.

Bolonya Universitetinin nümayəndə heyəti bildirmişdir ki, bu
əməkdaşlığın məqsədi yalnız fakültə və akademik proqramlar yaratmaq
yox, eyni zamanda qida sisteminə yeni baxış formalaşdırmaqdır. Qida
sisteminin araşdırılması və tədrisi üzrə İtaliya, xüsusən Bolonya
Universiteti müstəsna peşəkarlıq və təcrübəyə malikdir.

Qeyd edək ki, Bolonya Universitetini təmsil edən nümayəndə
heyətinin ölkəmizə səfəri yekunlaşıb. Hazırda Memarlıq və Dizayn
fakültəsinin təsis edilməsi üçün Milan Politexnik Universitetinin
komandasının ilkin araşdırma məqsədilə ölkəmizə səfəri
başlayıb.

Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis
edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan
Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri
daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb
olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Xarici
işlər naziri Ceyhun Bayramov, Energetika naziri Pərviz Şahbazov və
Təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici
İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə
İtaliya-Azərbaycan Universitetinin təməl qoyma mərasimi
keçirilmişdir.

Leave A Reply

Your email address will not be published.