Bu gün Bakı ilə yanaşı, regionlarımız da iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətindədir – Vüqar Rəhimzadə

0 3

Bakı. Trend:

Azərbaycan Qlobal Bakı Forumunun tribunasından dəyişən
dünyaya yeni yanaşmalar sərgiləməyə çağırışlar etdi

Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı
Forumu öz işini yekunlaşdırsa da tədbir çərçivəsində səsləndirilən
bəyanatlar, mesajlar, keçirilən görüşlərdə müzakirə olunan
məsələlər Azərbaycan və dünya mətbuatında geniş müzakirə
olunmaqdadır. Hər dövrün öz tələbi olmaqla yanaşı, hədəflərə çatmaq
üçün birgə səylərin göstərilməsi, yeni yanaşmaların ortaya
qoyulması da mütləqdir. Bu gün dünya, o cümlədən Cənubi Qafqaz
regionu artıq Azərbaycanın yaratdığı postmünaqişə dövrünün
reallıqlarını yaşamaqdadır. Dövlət başçısı İlham Əliyev Forumun
açılışındakı nitqində bir daha vurğuladı ki, indi biz sülh haqqında
danışırıq. Hesab edirəm ki, belə uzunmüddətli qarşıdurmadan sonra
ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa
müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir.
Müharibələr tarixinə baxsaq, bir çox hallarda bu mənzərə müşahidə
edilmir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit,
dayanıqlı inkişafı görmək istəyirik.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan bu gün təkcə bu
istəyini ifadə etmir: “Ölkəmiz 30 illik işğal dövründə daim bu
bəyanatla çıxış edirdi ki, ikili standartlara əsaslanan siyasətə
son qoyulmalı, bu gün haqqında artıq keçmiş zamanda danışdığımız
Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək göstərilməli,
Ermənistan işğalçılıq siyasətinə görə beynəlxalq hüquq çərçivəsində
layiqli cəzasını almalıdır. Ermənistanın əsassız torpaq iddiası
nəticəsində yaranan, dünyanın bəzi güclərinin maraqları naminə
həlli prosesi 30 ilə uzanan keçmiş Qarabağ münaqişəsi regionun
iqtisadi inkişafında maneə kimi dəyərləndirilirdi. Otuz il həllini
gözləyən Qarabağ münaqişəsi sonda dövlətimizin qətiyyəti, rəşadətli
Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində tarixin arxivinə
göndərildi. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi,
Ermənistan o zamanlar vaxt qazanmaq üçün davamlı olaraq bütün
məsələləri gecikdirirdi: “Bu, nə ilə nəticələndi? Nəticə həm döyüş
meydanında, həm də siyasi arenada tam məğlubiyyət oldu. Nəticə o
oldu ki, Ermənistanın ideoloji bazası tamamilə darmadağın edildi.
Otuzillik işğal dövrü erməni xalqını heç də xoşbəxt etmədi. Əksinə,
onlar dünya ictimaiyyətinin gözündə işğalçı və təcavüzkar
oldular.”

YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, dövlət başçısı
İlham Əliyev regionun gələcəyi ilə bağlı Azərbaycanın yeni
yanaşmalarından bəhs edərkən bu fikri xüsusi qeyd edib ki, biz 30
il itirdik və erməni işğalı olmasa idi Cənubi Qafqaz bu gün daha
müasir, dinamik və daha geniş iqtisadi potensiala malik region ola
bilərdi: “Azərbaycan müharibə şəraitində yaşasa da daim iqtisadi
qüdrətinin artırılması istiqamətində mühüm addımlar atır və bu, öz
növbəsində digər sahələrin də inkişafını şərtləndirirdi. Bu fikri
böyük inam və qətiyyətlə qeyd edirik ki, bu gün Azərbaycanın
iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin
uğurlu icrasından danışmaq qeyri- mümkündür. Azərbaycan iştirakçısı
və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ilə
regonal inkişafın aparıcı qüvvəsinə və dünyanın enerji
təhlükəsizliyinin təminatçısına çevrilib. Forumda diqqət göstərilən
məsələlərdən biri məhz enerji təhlükəsizliyinin təmin olunması və
Azərbaycanın bu sahədə töhfələri oldu. Regional çərçivədə qurulan
əməkdaşlıq zaman keçdikcə coğrafiyasını daha da genişləndirdi. Bu
gün artıq Cənub Qaz Dəhlizinin tam şəkildə istifadəyə verilməsindən
bəhs olunur. Dövlət başçısı İlham Əliyev Forumdakı nitqində qeyd
etmişdir ki, Azərbaycanın enerji resurslarına ehtiyac
artmaqdadır.

Bu ilin fevral ayında Bakıda keçirilimiş Cənub Qaz Dəhlizi
Məşvərət Şurasının illik toplantısında da gələcək addımlar müzakirə
edilmişdi. Enerjiyə olan daxili tələbatını tam təmin edən
Azərbaycan bir çox ölkələrin artan ehtiyaclarını təmin etmək üçün
əlindən gələni edir. Bərpa olunan enerji ilə bağlı Azərbaycanda
böyük potensial var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa
dair Milli Prioritetlər”də qarşıdakı dövrün hədəfləri öz əksini
tapıb ki, bunlardan biri işğaldan azad edilmiş ərazilərin “yaşıl
enerji” zonasına çevrilməsidir. Azad edilən rayonlarımızın hər biri
bu sahədə özünəməxsus potensiala malikdir.”

Vüqar Rəhimzadə hər bir beynəlxalq əhəmiyyətli tədbirin
Azərbaycanın, o cümlədən iştirakçı dövlətlərin malik olduğu
potensialın təqdimatında əhəmiyyətli rol oynadığını önə çəkərək
bildirib ki, ölkə Prezidenti İlham Əliyev Forumdakı nitqində əsas
diqqəti postmünaqişə dövrünün reallıqlarına yönəldərək Azərbaycanın
regionda yeni əməkdaşlıq formatlarının müəllifi kimi mövqeyinin
güclənməsindən, bu hədəflərə nail olmaq üçün bölgədə dayanıqlı
sülhün və təhlükəsizliyin təmin olunmasından bəhs edərək sülh
müqaviləsinin imzalanmasının vacibliyini bəyan etdi: “Təbii ki,
atılan addımlar qarşılıqlı olmalıdır. Nəzərə alsaq ki, Azərbaycan
həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü 44
günlük Vətən müharibəsində dünyaya sübut etdi, bu halda
Ermənistanın İkinci Qarabağ savaşında aldığı dərsi unudaraq sülh
müqaviləsinin imzalanmasında tərəddüdlər içərisində vurnuxması
diqqətdən kənarda qala bilməz. Təbii ki, bu tərəddüdlərin əsasında
Ermənistanın ATƏT-in Minsk qrupunun vasitəçiliyinin bərpa edilməsi
istəyi dayanır. Dövlət başçısı İlham Əliyev Forumda bu məqama da
xüsusi diqqət yönəltdi ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti
sıfırla nəticələnib. ATƏT-dən mandat almış bu qrup 28 il ərzində
heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll
etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur:
«Hesab edirəm ki, hər kəs bunu anlayır. Xüsusilə Rusiya-Ukrayna
müharibəsindən sonra aydındır ki, Minsk qrupunun üç həmsədr ölkəsi
bir araya gələ bilməz və biz bununla bağlı artıq mesajlar almışıq –
bu qrupun həmsədrlik institutu fəaliyyət göstərməyəcək. Yəni, Minsk
qrupu funksiyasını itirib. Bunu yenidən dirçəltmək cəhdləri də
səmərəsizdir. Düşünürəm ki, bunun ən yaxşı yolu Minsk qrupuna
əlvida deməkdir. Təşəkkür edirik və əlvida. Yox, yalnız əlvida
demək olar. Yəni, 30 il kifayətdir, təqaüdə çıxmaq vaxtıdır.”

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin
nitqində yer alan bu məqama da diqqəti yönəldib: “Ölkə Prezidenti
bildirdi ki, Ermənistandan aydın cavab almalıyıq ki, onlar Cənubi
Qafqazı necə görürlər?

Təbii ki, bu sual Ermənistanla yanaşı, ona dəstək verən
dövlətlərə də ünvanlanmalıdır. Ermənistanı sülh müqaviləsini
imzalamağa inandırmaq əvəzinə, daha çox seyrçi mövqe tutan bu
dairələr bununla regionda dayanıqlı sülhü və təhlükəsizliyi sadəcə
sözdə dəstəklədiklərini təsdiqləyirlər. Necə ki, 30 illik işğal
dövründə Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamə qəbul edir,
konkret məqam yetişəndə susmağa daha çox üstünlük verirdilər.
Ermənistanın 30 il danışıqları imitasiya naminə aparmasında da
ərköyün uşaq kimi əzizlənməsi əsas rol oynayırdı. Bugünün
reallıqlarına gəldikdə isə Azərbaycan qalib ölkə olaraq diktə edən
tərəfdir. Bu reallıqlar yeni əməkdaşlıq formatlarının
yaradılmasını, kommunikasiyaların açılmasını bir tələb kimi qarşıya
qoyur. Bunun üçün əsas amil bölgədə dayanıqlı sülhü və
təhlükəsizliyi təmin etməkdir. Dövlət başçısı İlham Əliyev Forumda
təhlükəsizlik tədbirlərinin önəmini açıqlayaraq bu çağırışı etdi
ki, hər bir ölkə bu tədbirlərə öz töhfəsini verməlidir.”

Vüqar Rəhimzadə diqqəti həm də Forumun bir panel iclasının
Şuşada keçirilməsinə yönəldib: “Artıq Qarabağın tacı, Azərbaycanın
və türk dünyasının mədəniyyət paytaxtı Şuşa diplomatik mərkəzə
çevrilib. Son ilyarımdan artıq dövrdə paytaxt Bakımızın ev
sahibliyi etdiyi elə bir tədbir yoxdur ki, həmin toplantıların ya
yekun iclası, yaxud açılış mərasimi Şuşada keçirilməsin. 28 il
Şuşanı erməniləşdirmək üçün cəhdlər göstərən Ermənistan hakimiyyəti
bu gün Şuşadan səslənən bəyanatları eşitmək, bu torpağın sahibinin
Azərbaycan olduğunu qəbul etmək məcburiyyətindədir. Bu gün bir daha
böyük fəxr və inam hissi ilə qeyd edirik ki, nəinki paytaxt Bakı,
həmçinin regionlarımız da iqtisadi, siyasi, humanitar mərkəz kimi
dünyanın diqqətindədir.”

Leave A Reply

Your email address will not be published.