Çürük ideyalı sifarişləri icra edən müxalifətin getməsinə ehtiyac var – Analitik

0 4

Bakı. Trend:

Əslində, siyasi müxalifət haqqında bəhs edərkən və ya polemikaya
daxil olarkən sırf və əzəli müxalifətçilərlə müzakirə aparmaq daha
məqsədəuyğun olardı. Çünki etiraf edək ki, Azərbaycanda son 30 ildə
müxalifətin autsayderlər pyedestalında yer almalarına baxmayaraq,
belələri ən azından mənsub olduqları cameəni daha yaxşı tanıyırlar.
Fəqət, uğursuz müxalifətin “uğur” qazanması yollarını
arayıb-axtaranlar əqidə dəyişkənliyinə, ya da reneqatçılıq
“standartlarına” aiddirlərsə onların ümumiyyətlə, siyasi müxalifət
anlayışına malik olmaları bütövlükdə cəmiyyət üçün, ictimai rəy
üçün şübhələr doğurur.

Etiraf edək ki, 30 ildir bir “qazana” döyəcləyən və yalnız onun
dınqıltısından həzz almaqla “biz gəlirik” şüarlarını səsləndirən
sözdə müxalifətin demək olar ki, bütün potensialları, imkanları
tükənib və ən əsası, bu gün onlara bel bağlayan müəyyən xarici
təşkilatlar da əslində çoxdan əllərini üzüblər.

Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü bu
qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qiymaqla mitinqlərə
və aksiyalara cəlb etməyib

30 il heç də az vaxt deyil və bu illər ərzində hakimiyyətə
iddialı olanlar ən əsas faktoru – xalq dəstəyini qazanmağa müvəffəq
ola bilməyiblər. Bu amilə diqqət yetirək və mühüm bir xatırlatmanı
edək – biz dəfələrlə şahidi olmuşuq ki, hazırkı dövrə qədər
yüzlərlə, bəlkə də daha çox icazəli-icazəsiz mitinqlər, aksiyalar
keçirilib, amma onların heç biri bir nəticə verməyib. Bütün
bunlardan sonra isə əsas “günahkar” kimi xalq ittiham hədəfinə
alınıb. Üstəlik, kifayət qədər faktlar var ki, sosial şəbəkələr və
s. üzərindən aksiya çağırışları edənlər mitinqlərə qatılmayanlara
əvvəlcədən söyüşlər, təhqirlər ünvanlayırdılar. Yəni kim mitinqə
gəlməsə filandır-behməkandır və s.

İndi gəlin nəticə çıxaraq və sual edək: bu kimi vasitələrlə 30
ildir var-gəl edən müxalifətin ciddiliyinə inam ola bilərmi?
Əlbəttə ki, əsla! Dünyanın heç bir sivil ölkəsində müxalifət özünü
bu qədər alçaldaraq xalqı zorla, söyüşlərə məruz qoymaqla
mitinqlərə və aksiyalara cəlb etməyib və biz hələ 2000-ci ilin ilk
vaxtlarında “Qələbə” kinoteatrı qarşısında keçirilən ənənəvi
xarakter almış pullu (rüşvətli) mitinqləri demirik…

“Lidersizlikdən” bütləşdirməyə doğru – növbəti
gülünc mənzərə

Və bu gün də siyasi gündəmdə qalmaq üçün (bəli, məhz qalmaq
üçün!) müxtəlif gedişləri ilə baş qatan “ənənəvilər” zaman-zaman
özlərindən saxta və eyforik siyasətçilər çevrəsi yaratmaqla
novatorsayağı “ideyalarını” önə sürürlər, hətta zaman-zaman
özlərindən başqa heç kimin “lider” adlandırmadıqları fərd(lər)i
BÜTLƏŞDİRMƏKLƏ (!) məşğuldurlar.

Bəli, ölkəmizə, demokratik cəmiyyətimizə siyasi yenilikçi və
ideyalar verən müxalifətə hər zaman ehtiyac olub. Amma bu o demək
deyil ki, müxalifət yalnız dağıdıcılıq, hakimiyyətin atdığı hər
hansı addıma qarşı qərəzçilik, ya da aqressiya nümayiş etdirməlidir
və ən əsası, müxalifətçilik xalqa, dövlət maraqlarına qarşı deyil,
hökumətə qarşı olmalıdır və biz də xalqın bir nümayəndəsi olaraq
ötən 30 ildə bunu görmədik. Gördüyümüz isə müxalifətdaxili
qarşıdurmalar, parçalanmalar, bloklaşmalar və blokdançıxmalar,
ziddiyyətlər, hətta təhqirlər və s. rüsvayçı hadisələr oldu. Və
bütün bunlardan sonra hər hansı bir reneqat “xanımın” (“bəy” də ola
bilər) və ya beşinci kolon üzvünün məlum məqsədlə ayrıca bir fərdi
“ağ atlı xilaskar” kimi zorla ictimai rəyə sırıması, bütləşdirməsi
çox gülünc görünür.

30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və
s. dəstəklər alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı
bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans”
verməlidir?

Daha bir amil: göründüyü kimi, bu gün müxalifətdəkilərin özləri
də etiraf edirər ki, onlar lider axtarışındadırlar və bu, heç də
yeni təşəbbüs deyil. DİQQƏT: əgər müxalifət özünə lider axtarışına
çıxıbsa və bu yeni təşəbbüs deyilsə onda belə nəticə çıxarmaq
olmazmı ki, 30 ildir “hakimiyyətə gəlirik” deyib həm özlərinin həm
də azsaylı tərəfdarlarının başlarına qatanlar bu vasitə ilə ötən
illər ərzindəki fəaliyyətlərinin uğursuzluğunu etiraf edirlər? Və
ya 30 il hətta ən müxtəlif xarici dairələrdən maddi və s. dəstəklər
alanlar bu müddətdə heç bir siyasi uğura imza atmağı
bacarmayıblarsa, xalq onlara neçənci dəfə “şans” verməlidir? Axı
fakt budur ki, ortada ciddi siyasi nailiyyət mövcud deyil və
hazırkı dövrə qədər onlardan qopanların da sayı yüzlərlədir!

Keçək növbəti faktda. Hazırda ölkəmizdə istər parlamentdə,
istərsə də parlamentdənkənar onlarla partiyalar var və onların hər
biri məhz bir şineldən çıxıblar, nəticədə isə parçalanaraq
ayrılıblar. Əbəs deyil ki, Azərbaycanda iki cinah müxalifəti
mövcuddur – konstruktivlər və qeyri-konstruktivlər. Konstruktivlər
dağıdıcılıq, pula satılmaq, xarici dairələrə agentlik etmək tipli
siyasətin onlara heç bir səmərə, başucalığı gətirməyəcəyini dərk
edərək əsas xətt kimi dövlətçilik maraqlarını üstün tutanlardırdan
ibarətdirlər. Onlar milli və xalqçılıq dəyərlərinə xas olan siyasi
normalara dürüst əməl edərək uğur qazanırlar. Bəs
qeyri-konstruktivlər necə? Artıq bu sualın cavabı yuxarıdakı
qeydlərdə vurğulanıb…

Gün işığında şam tutmaqla “lider” axtaran
“ənənəvilər” əllərində əsas “silah” kimi “demokratikya” şüarını
saxlayırlar

Təəssüf ki, siyasi mübarizə vasitələrini politoloji deyil,
apolitoloji “meyarlarla” ölçən və 30 ildir gün işığında şam
tutmaqla “lider” axtaran “ənənəvilər” əllərində əsas “silah” kimi
“demokratikya” şüarını saxlayırlar. Sirr deyil ki, özlərini
“demokratik müxalifət” adlandırıb ayrıca cinah kimi təqdim edənlər
həmçinin “Qərb standartları” deyilən vasitəni də anti-milli
xarakterdə təbliğ edirlər. Azərbaycanın Qafqaz və Şərq xarakterli
mühitinə yad olan, ümumilikdə milli-mənəvi dəyərlərimizə xas
olmayan istənilən addımı dəstəkləməklə məhz xarici havadarlarından
dəstək umanlara özünü, kimliyini tanıyan, hörmət qoyan hansı
azərbaycanlı dəstək göstərə bilər? Məgər biz LGBT, cinsi azlıqlar
kimi yad “cismlərin” milli heysiyyatımıza zorla sırındığı olayları
unutmuşuqmu? Təbii ki, unutmamışıq, amma “lider” axtarışında
olanlar məhz bu kimi kirli stereotipləri də cəmiyyətimizə calamağa
çalışırlar və təbii ki, xalq tərəfindən rədd edilirlər. Və bunların
heç biri əsla demokratiya deyil, antidemokratiyadır, özü də
anti-Azərbaycan dairələrin xüsusi olaraq, yəni planlı diktə
sifarişləri əsasında milli kimliyimizə bağlamaq istədikləri
vasitədir. Beləliklə, biz ortaya daha bir faktoru çıxarmış oluruq –
anti-Azərbaycan dairələrin diktatura xarakterli siyasətlərinin
“ənənəvilər” vasitəsi ilə cəmiyyət ortasına atılması cəhdləri!

Məgər təkcə bu faktın özü bütöv bir xalqın,
millətin, dövlətin maraqlarını necə deyərlər bir “keçi qılına”
satmaq anlamını daşımırmı?

Yeri gəlmişkən, bu gün Azərbaycan iqtidarı dialoq mühitinin
inkişafı və şaxələnməsi yönündə daha çevik və münbit qərarlar
verir. Əbəs deyil ki, bir çox müxalifət siyasi partiyaları
ümummilli və ümumdövlətçilik məsələlərində hakimiyyətlə eyni
cinahdan çıxış edirlər, eyni platformanı bölüşürlər. Üstəlik,
onların da siyasi idarəçilik mexanizmlərində irəli sürdükləri
ideyaları dəyərləndirilir, mümkün vasitələrlə işə salınır, gündəmə
çıxarılır.

Məsələn, 44 günlük Vətən müharibəsi dövründə və eyni zamanda
Şuşa Bəyannaməsinin imzalanması zamanı ölkəmizdə fəaliyyət göstərən
50-yə yaxın siyasi müxalifət partiyaları hakimiyyətə dəstək
bəyanatını imzaladılar. Amma kənarda qalanlar da oldu – kimlər?
Bəli, heç də yanılmadınız, “ənənəvilər” dediyimiz radikallar,
qeyri-konstuktivlər, dağıdıcılar, xalq dili ilə desək “milli
xainlər”. Və bilirsinimzi nəyə görə? Ona görə ki, xidmət
göstərdikləri məlum xarici dairələr onlara bu qadağanı qoydular!
Məgər təkcə bu faktın özü bütöv bir xalqın, millətin, dövlətin
maraqlarını necə deyərlər bir “keçi qılına” satmaq anlamını
daşımırmı? Məgər dövlətin işğalçılarla apardığı haqq mübarizəsinə
dəstək bəyanatından kənarda qalmağı başqa hər hansı adla
dəyərləndirmək olardımı? Axı Şuşa Bəyannaməsi kimi tarixi və
dövlətimizin dayaqlarını, sərhədlərini daha etibarlı şəkildə
müdafiə etməsini əks etdirən sənədə dəstək imzasını atmamağı başqa
cür necə adlandıra bilərik?!

İndi ara-sıra sosial şəbəkələrdə havadarlarına xoş gəlmək üçün
gah söyüş söyən, gah da “ağıllı və politoloji terminlərlə şərhlər”
yazan biriləri bütün bunlara görə vicdan əzabı çəkirlərmi? Əsla,
bunun üçün sadəcə və sadəcə vicdana sahib olmaq gərəkdir!

Azərbaycan xalqı isə ağı-qaradan çox gözəl
seçir!

Zaman-zaman Tunisdə, Misirdə, Liviyada və s. Şərq ölkələrindəki
hakimiyyət dəyişikliklərini xatırlayan “ənənəvilərin” başbilənləri
qiyam və inqilablardan sonra həmin ölkələrdəki vəziyyətin nə qədər
dəhşətli şəkildə bu dəyişdiklərinin fərqinə varmırlarmı? Bu
ölkələrdəki inkişaf və tərəqqinin Qərbin müdaxiləsi sayəsində məhv
edilməsini Azərbaycan xalqı öz ölkəsində görmək istəyirmi? Təbii
ki, xeyr və mümkün deyil! Yaxud, bu gün Ukraynada cərəyan edən
dəhşətli hadisələrin kökündə də bilavasitə Qərbin layihəsi olan
Maydan hadisələri dayanmırmı? Əlbəttə ki, dayanır!

Xüsusi bir xatırlatmanı da etmək yerinə düşərdi –
xatırlayırsınızsa, “ənənəvilərin” təəssüf ki, öz ailə siyasətini
doğru-dürüst idarə edə bilməyən və buna görə də sağlam düşüncəli
cəmiyyətimiz tərəfindən çoxsaylı iradlara məruz qalan
“liderlərindən” birinin Ermənistanın siyasi lideri Nikol Paşinyana
öygülər, təriflər yağdırması faktı da unudulmayıb və bu gün onlar
30 illik uğursuzluqlarının səbəblərini özlərində axtarmaları yerinə
gah “velosipedli”, gah “arabalı”, ga da “atlı” görüntüsündə “lider”
axtarır, ara-sıra xalqı da təhqir edirlər. Nədir ki, xalq bunları
istəmir və heç vaxt da istəməyəcək, çünki el dili ilə desək,
kor-kor, gör-gördür, hər şey göz önündədir. Azərbaycan xalqı isə
ağı-qaradan çox gözəl seçir!

Əli Kərimli bu ölkənin milli dövlətçilik
maraqlarının sarsılmasında, dağıdılmasında sözün əsl mənasında
öncüllük təşkil edib

Açığını desək, bu gün axtarılan” liderin” nədənsə məhz AXCP
sədri Əli Kərimlinin olduğunun önə sürülməsi isə qətiyyən heç bir
anlaqlıq çərçivəsinə sığmır. Bu gün pasport davası döyən Əli
Kərimli həmin şəxsdir ki, vaxtilə “liderim” dediyi mərhum Əbülfəz
Elçibəyə qarşı olmazın xəyanətlər törətdi, onun siyasi ideyalarına
zidd addımlar atması ilə nə qədər böyük xain olduğunu isbatladı və
bütün bunlar sənədli, sübutlu, stenoqramlı qaydada arxivlərdə
saxlanılmaqdadır. Təkcə həmin arxivlər açılsa nə qədər dəhşətli
həqiqətlərin üzə çıxacağını isə təsəvvürə gətirmək belə qorxuncdur.
İndi ölkənin pasportuna sahib olmaq istəyən Əli Kərimli bu ölkənin
milli dövlətçilik maraqlarının sarsılmasında, dağıdılmasında sözün
əsl mənasında öncüllük təşkil edib. Əslində, beləsinə Azərbaycan
pasportunun verilməsi də hüquqi cəhətdən demirik, amma mənəvi
cəhətdən doğru olmazdı…

Sonda isə bir mühüm qeydi də etmək yerinə düşərdi.
“Bütləşdirilmiş” və “daş bütə” çevrilmiş, yalnız ona itaət edilməsi
yönündə var-gəl edən bir reneqat “xanımın” uyğunsuz “tanrı”
təqdimatı heç yerinə düşmür. Özəlliklə Əli Kərimli kimi bir tipajın
üzərində öz təbirincə “ştixlər” qurması isə reallıqda bariz
uğursuzluq etiraflarının ən pik həddi kimi qiymətləndirilə bilər.
Qərbdəki bəlli dairələrin xüsusi sifarişi əsasında “asan yolla
hakimiyyətə gəlmək şansının” da heçə endirilməsi isə artıq boya-boy
görünməyə başlayıb..

Bəhruz Quliyev,

“SƏS” qəzetinin baş redkatoru

Leave A Reply

Your email address will not be published.