Dövlət başçısının yeni Fərmanı hərbçilərin icbari sığorta sahəsində daha etibarlı sosial müdafiəsinə xidmət edir — ƏƏSMN

0 2

Bakı. Trend:

Sığorta hadisəsini təsdiqləyən sənəd 2021-ci il yanvarın
1-dən sonraya aid olduqda, ödənişi DSMF verəcək

Prezident İlham Əliyevin 18 iyun 2022-ci il tarixli Fərmanı
dövlət icbari şəxsi sığorta sahəsində sığortaolunanların
(hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və b.)
rifahının yaxşılaşdırılması və daha etibarlı sosial müdafiəsinin
təmin olunmasına xidmət edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Trend-ə verilən məlumata görə, dövlət
başçısının ötən ilin may ayında imzaladığı Fərmanla dövlət icbari
şəxsi sığortası sahəsində səlahiyyətlər 2022-ci il yanvarın 1-dən
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Həmin
vaxta qədər dövlət icbari şəxsi sığorta üzrə sığorta hadisələrinə
görə ödənişin verilməsi isə Dövlət Sığorta Kommersiya Şirkətinin
öhdəliyi kimi müəyyən olunmuşdu. Yeni Fərmanla bu sahədə dəyişiklik
edilib.

Belə ki, Fərmanla dövlət icbari şəxsi sığorta olunanla bağlı
sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi
2021-ci il yanvarın 1-dək olan dövrə aid olduqda sığorta ödənişini
Dövlət Sığorta Kommersiya Şirkəti həyata keçirəcək.

Sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədin tarixi
2021-ci ilin 1 yanvarından sonraya aid olduqda isə sığorta
ödənişini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu verəcək.

Bu da dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin
səmərəliliyinin artırılması istiqamətində növbəti mühüm addım
olmaqla, sığortaolunanların maraqlarının dolğun təminatına,
vətəndaş məmnunluğuna nail olunmasına imkan yaradır.

Dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətlər bu ilin
əvvəlindən Nazirliyə həvalə edildikdən sonra bu sahədə köklü
islahatlar aparılır. İslahatlar həmin sahədə müasir, optimal və
çevik idarəçiliyin, uçot sisteminin qurulması, inzibatçılığın
təkmilləşdirilməsi, idarəçilik və xidmətlərin elektron
infrastrukturunun yaradılması, sığorta ödənişlərinin e-qaydada,
şəffaf və operativ təyinatı mexanizminin formalaşdırılması və s.
kimi istiqamətləri əhatə edir.

Eyni zamanda, sığorta ehtiyatlarının effektiv idarə olunması və
bu istiqamətdən əldə olunan gəlirlərin şəhid ailələrinin və
müharibə əlillərinin sosial müdafiəsi tədbirlərinə yönəldilməsi
islahatların prioritetlərindən biridir.

Leave A Reply

Your email address will not be published.