Dövlət Komitəsinin sədri İsraildə müxtəlif tədbirlərdə iştirak edib

0 6

Bakı. Trend:

İsrailin Rişon Le Sion şəhərində “Nizami Gəncəvinin həyat və
yaradıcılığı”, “Əbədi xatirə və ədəbi rüsvay” və “100 ən məşhur
yəhudi” kitablarının təntənəli təqdimat mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) Trend-ə bildirilib
ki, tədbirdə DİDK əməkdaşları, şəhər meriyasının, yerli
ictimaiyyətin nümayəndələri və Azərbaycan diasporunun üzvləri
iştirak ediblər.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nəzdindəki
Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salmanın
moderatorluğu ilə aparılan tədbirdə çıxış edən şəhər merinin
müavini Mixail Rayf və Ariel Universitetinin rektoru Albert
Pinxasov ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrindən,
qardaşlaşmış şəhərlərdən, elm və təhsil mübadiləsindən danışıblar,
DİDK əməkdaşlarının İsrailə səfərini yüksək quymətləndiriblər.

Təqdimat zamanı DİDK-nın dəstəyi və “Azİz”in təşəbbüsü ilə
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəviyə, Holokost
soyqırımının qurbanlarına və Azərbaycandan İsrailə köçmüş tanınmış
yəhudilərə həsr olunmuş, ivrit və rus dillərində çap olunmuş
kitablar barədə ətraflı məlumat verilib.

Tədbir DİDK-nın fəaliyyət istiqamətlərindən bəhs edən
video-hesabatın nümayişi ilə davam edib.

Mərasim iştirakçılarını salamlayan DİDK sədri Fuad Muradov
ölkəmizin diaspor siyasətindən, Şuşa şəhərində keçirilmiş Dünya
Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin tövsiyələri əsasında
müəyyənləşdirilən yeni strategiyadan, post-müharibə dövründə
işğaldan azad edilmiş Qarabağda aparılan mina təmizlənməsi,
bərpa-quruculuq prosesinə dünya azərbaycanlılarının və diaspor
təşkilatlarının töhfələr verməsindən söz açıb. Komitənin müxtəlif
dillərdə kitabların dərcinə dəstək olduğu, Rişon Le Sionda 3 mühüm
kitabın təqdimat mərasiminin keçirilməsinin iki ölkənin mədəni
irsinin və tarixi həqiqətlərinin təbliğ olunması, gələcək nəsillərə
ötürülməsi baxımından böyük rol oynayacağı nəzərə çatdırılıb.

DİDK sədri dost ölkədə Azərbaycan icmasının inkişafına
verdikləri töhfələrlə əlaqədar “Diaspor fəaliyyətində xidmətə görə”
Azərbaycan Respublikasının medalları ilə təltif olunmuş
Tel-Əvivdəki Dağ Yəhudiləri sinaqoqunun baş ravvini Şmuel
Simantova, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının
Yerusəlim bölməsinin rəhbəri Aleksandr Aqranovskiyə və professor
Mixael Aqarunova mükafatlarını təqdim edib.

Sonra “Azİz”in bir neçə yubilyara təbrik məktubu oxunub.
Tədbirin bədii hissəsində opera müğənnisi Kameliya İoffe və müğənni
Tərlan Əliyevin ifasında Azərbaycan və ivrit dilində musiqi
əsərləri səsləndirilib.

“Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Yerusəlim şəhərindəki
ofisində isə Yəhudi Agentliyinin Baş katibi, xarici əlaqələr üzrə
koordinator Coş Şvarts və beynəlxalq əlaqələr şöbəsinin müdiri,
sədrin xarici siyasət müşaviri Yiqal Palmorla görüş keçirilib.

Leave A Reply

Your email address will not be published.