Dünyada ərzaq qiymətləri yanvar-may aylarında 18 faiz artıb – Nazir müavini

0 3

Bakı. Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına
görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %,
son 1 ildə isə 23 %-ə yaxın artıb ki, bu da ən yüksək
göstəricidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə
iclasında ““Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin
müavini Sevinc Həsənova bildirib.

S.Həsənova vurğulayıb ki, pandemiyanın təsiri nəticəsində qlobal
istehlak logistika zəncirində sınmaların hələ də qalması, xüsusilə
son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində
müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının
bahalaşması dünyada ərzaq qiymətlərinin artmasına gətirib
çıxarıb.

“Tərəfdaş ölkələrdə həyata keçirilən siyasət, bir sıra
məhsulların ixracına qadağalar, tarif və rüsumlar ərzaq
qiymətlərinin artmasına təsir edən səbəblər sırasındadır”.

O qeyd edib ki, dünyada ərzaq qiymətlərinin kəskin
bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və
alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə
təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərinə
başlanılıb. “Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral
ayında müvafiq sərəncam imzalanıb. Nazirlər Kabinetinin qərarı ilə
bir sıra malların istehsalı rüsumdan azad edilib. Həmin məhsulların
əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər
hazırlanaraq təqdim olunub. Qeyd edilənlərdən əlavə, İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən
qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq
məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin dünyada baş verən
proseslərin ölkəmizin ərzaq təhlükəsizliyinə potensial mənfi
təsirinin qarşısını almaq məqsədilə Nazirlər Kabineti minimum
istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ölkə
ərazisindən çıxarılmasına məhdudiyyətləri nəzərdə tutan qərarlar
qəbul edib”, – deyə nazir müavini qeyd edib.

Leave A Reply

Your email address will not be published.