Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərginin açılış mərasimi keçirilib (FOTO)

0 6

Bakı. Trend:

Gəncə şəhər Dövlət filarmoniyasının nəzdindəki “Urban”
mərkəzində İsveçin Azərbaycandakı Səfirliyi, Gəncə şəhər İcra
Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət nazirliyi, Gəncə
Regional Mədəniyyət İdarəsi və Azərbaycan Milli İncəsənət Muzeyinin
birgə əməkdaşlığı çərçivəsində “Dayanıqlı moda: Tekstilin gələcəyi”
adlı sərginin açılış mərasimi keçirildi. Sərgi İsveç İnstitutu
tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə
hazırlanmışdır. Moda sənayesinin əsas problemlərinin
işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli
sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Moda sənayesi dünyada ətraf mühiti ən çox çirkləndirən
sahələrdən biridir. Hər il dünyada istehlak etdiyimiz 62 milyon ton
geyimin yalnız 20 faizini təkrar istifadə və ya təkrar emal
edilir.

Sərgidə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif
Cənnətov çıxış edərək İşveçin Azərbaycandakı səfiri Kristian Kamili
və bütün iştirakçıları salamladı. O, bu sərginin Gəncə şəhərində
keçirilməsində dəstək olan Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinə, Gəncə şəhər İcra Hakimiyyətinə, İsveçin Azərbaycandakı
Səfirliyinə, Azərbaycan Milli İncəsənət Muzeyinə öz təşəkkürü
bildirdi və qeyd etdi ki, belə tədbirlərin keçirilməsi mədəni
əlaqələrin qurulmasında böyük təkandır.

Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin müdirinin müavini Azər İbrahimov
şəhər İcra Hakimiyyəti başçısı Niyazi Bayramovun adından salamladı
və səfir Kristian Kamilə Gəncə şəhərində belə bir tədbirin
təşəbbüskarı olduğu üçün təşəkkürünu bildirdi.

İsveçin Azərbaycandakı səfiri Kristian Kamil Gəncə şəhərində xoş
qarşılandığı üçün öz təşəkkürünu bildirərək, bu il İsveç-Azərbaycan
arasındakı diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi
çərçivəsində silsilə tədbirlər həyata keçirildiyini vurğulamış və
ətraf mühitin qorunması məsələlərinə həsr edilmiş bu sərginin artıq
Azərbaycanda 3-cü dəfə nümayiş olunduğunu nəzərə çatdırmışdır.

Sərginin kuratoru, Azərbaycan Milli İncəsənət Muzeyinin
beynəlxalq əlaqələr üzrə şöbə rəhbəri Könül Rəfiyeva sərgi haqqında
ətraflı məlumat verərək bildirmişdir ki, bu sərgi həm
istehsalçıların, həm də istehlakçıların paltarların və onların
komponentlərinin təmirini, təkrar hazırlanmasını, təkrar
istifadəsini və təkrar emalını maksimum dərəcədə artırmaqla moda
sənayesinin ətraf mühitə arzuolunmaz təsirlərini minimuma endirə
biləcəyi yolları izah edir.

Sərgidə həmçinin isveçli fotoqraf Elizabet Tolun Azərbaycana
səfərləri zamanı Bakı, Qəbələ və Naxçıvanda çəkdiyi moda
fotoşəkilləri İsveç meşələrinin şəkilləri ilə birlikdə nümayiş
olunur. Elizabet Toll İsveçin Stokholm şəhərində anadan olub və
orada böyüyüb. Beynəlxalq fotoqrafiya sahəsində uğurlu karyerası
ərzində o, əsas diqqətini moda, portret və mənzərəyə yönəldib.

Məlumat üçün xatırladaq ki, “Dayanıqlı moda:tekstilin gələcəyi”
sərgisi 17 iyula kimi Gəncə şəhəri Dövlət filarmoniyasının
nəzdindəki “Urban” mərkəzində ziyarətçilər üçün açıqdır. Giriş
sərbəstdir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az,
Azernews.az

Leave A Reply

Your email address will not be published.