Gimnastlarımız İsraildə keçirilən Avropa çempionatından dörd medalla qayıdıblar (FOTO)

0 3

Bakı. Trend:

Təl-Əvivdə (İsrail) keçirilən Avropa çempionatında uğurla çıxış
edən bədii gimnastika üzrə Azərbaycan yığması Vətənə medallarla
qayıdıb.

Trend-in
məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları
Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, həmkarları,
idman ictimaiyyətinin nümayəndələri, habelə qohumları və yaxınları
qarşılayıblar.

Xatırladaq ki, iyunun 15-19-da Təl-Əvivdə keçirilən bədii
gimnastika üzrə Avropa çempionatında Azərbaycan komandası dörd
bürünc medal qazanıb. Beləliklə, gürzlərlə hərəkətdə azərbaycanlı
gənc gimnast Kamilla Qafarova bürünc medal qazanıb. Azərbaycan
komandası qrup hərəkətlərində — çoxnövçülükdə, beş halqa ilə
proqramda və üç lent və iki topla hərəkətdə üç bürünc medal
qazanıb.

Azərbaycan komandasının heyətində Güllü Ağalarzadə, Ləman
Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və
Darya Sorokina yer alıb.

İdmançılar vətənə gəldikdən sonra media nümayəndələri ilə
yarışlarda iştirakla bağlı təəssüratlarını bölüşüblər.

Qrup hərəkətləri üzrə komanda üzvlərinin sözlərinə görə, onlar
Vətənə medallarla qayıtmaqdan xoşbəxtdirlər.

«Hər bir idman mükafatı kimi, Avropa çempionatında qazandığımız
medalların arxasında böyük zəhmət və gərgin məşq dayanır.
Azərbaycan Gimnastika Federasiyasına, məşqçilərimizə, bizimlə
çalışan hər kəsə və təbii ki, böyük dəstəyə görə valideynlərimizə
dərin təşəkkürümüzü bildiririk. Bu dəstək bizə güc verir, ona görə
də mükafatlarımız ümumi uğurdur. Bundan sonra da Azərbaycanı
layiqincə təmsil etməyə çalışacağıq”, — deyə komandanın üzvü,
gimnast Zeynəb Hümmətova bildirib.

Qrup hərəkətləri üzrə komandamızın üzvü Güllü Ağalarzadənin qeyd
edib ki, hər bir yarış son dərəcə həyəcanlıdır, çünki idmançılar öz
döğma ölkələrini təmsil edirlər:

«Biz fəxr edirik ki, Azərbaycanı Avropa çempionatında layiqincə
təmsil etdik. Biz bundan sonra da yaxşı nəticələr göstərmək və
fəxri kürsünün ən yüksək pillələrinə yüksəlmək üçün çox
çalışacağıq».

Gimnastımız Kamilla Qafarova bildirib ki, bu, onun idman
karyerasında ilk Avropa çempionatıdır:

«Çempionat mənə böyük təcrübə qazandırdı. Çox şadam ki,
ləyaqətlə çıxış etdim və ölkəmə medal gətirdim. Etiraf edirəm ki,
çempionatda rəqiblər güclü idi, İtaliya və Bolqarıstandan olan
gimnastları xüsusi qeyd edə bilərəm».

Qeyd edək ki, böyüklər yaş kateqoriyasında Avropa çempionatında
Zöhrə Ağamirova və Arzu Cəlilova fərdi proqramda iştirak ediblər.
Çoxnövçülükdə finalda (dörd hərəkətin cəmi — halqa, top, gürzlə və
lentlə hərəkətlər) Z.Ağamirova doqquzuncu, A.Cəlilova isə onuncu
yeri tutub. Ayrı-ayrı növlər üzrə fərdi proqramın finalında Zöhrə
Ağamirova topla hərəkətdə səkkizinci, gürzlər proqramında altıncı,
Arzu Cəlilova lentlə hərəkətdə isə səkkizinci yeri tutub.

Kamilla Qafarova gürzlərlə hərəkətlərdə üçüncü yeri tutmaqla
yanaşı, halqa ilə hərəkətdə altıncı yeri tutub. Gənc gimnastımız
Alina Məmmədova topla hərəkətdə altıncı, Mədinə Dəmirova isə lentlə
hərəkətdə yeddinci yeri tutub.

Leave A Reply

Your email address will not be published.