“İntellektual klubların gənclər liqası” turniri başa çatıb! (FOTO)

0 2

Bakı. Trend:

Ölkədə keçirilən ən böyük intellektual turnirin qalibi müəyyən
olunub. Mayın 9-dan etibarən başlayan və ölkənin 57 şəhər və
rayonunu əhatə edən 4 mərhələdən ibarət turnirin seçimlərində
ümumilikdə 1200-ə yaxın komanda və 6 mindən artıq gənc öz
intellektual gücünü sınayıb. Müsabiqənin ilkin mərhələsi olaraq
şəhər və rayonlarda qalib gəlmiş komandalar növbəti pillədə
regionlar, o cümlədən Bakı şəhəri üzrə təşkil edilmiş yarışlarda
iştirak edib. Regionlararası keçirilmiş yarışların yekununda ən
yaxşı nəticə göstərən 16, Bakı şəhəri üzrə isə 24 komanda 18-19
iyun tarixlərində Bakıda baş tutan möhtəşəm final mərhələsində
yarışıblar. Böyük finalda paytaxt və regionları təmsil edən
ümumilikdə 40 komanda “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”
və “Erudit Kvartet” oyunlarında öz bacarıqlarını nümayiş
etdiriblər.

Bakı Konqres Mərkəzində 2 gün davam edən həyəcan dolu final
mərhələsində paytaxtı təmsil edən “JM” komandası ən yüksək nəticə
göstərərək “İntellektual klubların gənclər liqası” turnirinin
qalibi seçilib. Bakı şəhərini təmsil edən “Gibi” və “Berserk”
komandaları isə müvafiq olaraq 2-ci və 3-cü yerdə qərarlaşıb.
Regionları təmsil edən komandalar arasından Gəncə şəhərinin
“Mindhunters” komandası 1-ci, İsmayıllı rayonunun “Divergent”
komandası 2-ci, Naxçıvan şəhərinin “Turan” komandası isə 3-cü yeri
tutmağa müvəffəq olub.

Təşkil edilən turnirin əsas məqsədi Azərbaycan gənclər
siyasətinin prioritet istiqamətlərindən olan gənclərin intellektual
potensialının inkişaf etdirmək, regionlarda intellektual oyunların
keçirilməsini davamlı hala gətirmək və intellektli gənclər ordusunu
formalaşdıraraq bu hərəkatın kütləviləşməsini təmin etmək olub.
Həmçinin, cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin Şuşa
ili elan olunması ilə bağlı Qarabağımızın, eləcə də mədəniyyət
beşiyimiz olan Şuşa şəhərinin zəngin irsinin gənclər arasında
təbliğinə turnirdə xüsusi önəm verilib.

Xatırladaq ki, 2019-cu ildən bəri mütəmadi olaraq keçirilən
turnir bütün ölkə gənclərini əhatə edərək onların intellektual
səviyyələrinin, dünyagörüşlərinin stimullaşdırılmasına, həmçinin
şəbəkələşməsinə təkan verir. Bu xüsusda Gənclər Fondu intellektinə
güvənən hər bir gənci növbəti illərdə bu çağırışa qoşulmağa və bu
ənənənin davamçısı olmağa dəvət edir.

“İntellektual Klubların Gənclər Liqası” Azərbaycan
Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar
üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA), Dayanıqlı və Operativ Sosial
Təminat Agentliyi (DOST Agentliyi), Gənclərin Maarifləndirilməsinə
Dəstək İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və
“Badamlı” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilir. “Facebook”
sosial şəbəkəsində yaradılmış qrupa qoşularaq turnirə dair ən son
yeniliklərdən məlumatlı ola bilərsiniz: https://www.facebook.com/groups/801588220281994

Leave A Reply

Your email address will not be published.