İşçi Qrupunun üzvləri Cəbrayıl, Zəngilan və Daşaltıda abidələrə baxış keçiriblər (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə
Qərargahının İdarələrarası Mərkəzinin Elm, təhsil və mədəniyyət
məsələləri üzrə İşçi Qrupunun üzvləri və ekspertlərdən ibarət heyət
2022-ci il 16-17 iyun tarixlərində Cəbrayıl, Zəngilan rayonlarında
və Şuşanın Daşaltı kəndində yerləşən mədəni, tarixi və dini
abidələrə baxış keçirmək məqsədilə bölgəyə səfər etmiş, Zəngilan
rayonunun Ağalı kəndində İşçi Qrupun növbəti iclası keçirilib.

Trend-in məlumatına görə,
İşçi Qrupun üzvləri səfər çərçivəsində Cəbrayıl rayonunda yerləşən,
dövrünün ən əzəmətli mühəndis qurğularından olan Xudafərin
körpülərinə, Cəbrayıl rayonu ərazisində Sultan Allahverdi hamamına
və Daşkəsən kəndində məscidə baxış keçirmişlər. Baxış zamanı, eləcə
də onun nəticələrinə dair Şuşa şəhərində keçirilən müzakirələrdə
abidələrin mühafizəsi, qorunması, bərpası və inkişafı üzrə
alim-mütəxəssislərin rəyi dinlənilmiş, aidiyyəti qurumlara müvafiq
tapşırıqlar verilmişdir.

Səfər çərçivəsində Daşaltı kəndinin ərazisinə keçirilən baxış
zamanı Dövlət Turizm Agentliyinin nümayəndələri kəndin gələcəkdə
turizm məkanı kimi istifadəsi ilə bağlı İşçi Qrupun üzvlərini
məlumatlandırmışlar.

Daha sonra İşçi Qrup Zəngilan rayonuna səfər çərçivəsində
Məmmədbəyi kəndindəki XIV əsrə aid Səkkizguşəli türbəyə, Malatkeşin
kəndindəki XIX əsrə aid məscidə və Azərbaycanın orta əsrlər
memarlığının ən qiymətli abidələrdən biri olan “Şəhri Şərifan”a
baxış keçirmişdir.

İşçi Qrupun üzvləri Zəngilanın Ağalı kəndində inşa edilmiş uşaq
bağçası və məktəblə tanış olmuş, heyətə “Ağıllı kənd” haqqında
ətraflı məlumat verilmişdir.

Səfər çərçivəsində mədəni, tarixi və dini abidələrə keçirilmiş
baxışın nəticələrinin müzakirəsi, qarşıda duran vəzifələrin və
müvafiq tapşırıqların müəyyənləşdirilməsi məqsədilə, Elm, təhsil və
mədəniyyət məsələləri üzrə İşçi Qrupun Ağalı kəndində iclası
keçirilmişdir. İclasda aidiyyəti qurumlar ərazilərdə mədəni irsin
qorunması, bərpası ilə bağlı rəy və təkliflərini bildirmiş,
işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələri və gələcəkdə
məskunlaşacaq əhalinin asudə vaxtlarının səmərəli təşkili üçün
yaradılacaq mədəniyyət ocaqları barədə ətraflı müzakirələr
aparılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr
tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik
edir.

Leave A Reply

Your email address will not be published.