Kolumbiyada solçu senator Qustavo Petro prezident seçilib

0 2

Madrid, 20 iyun, AZƏRTAC

Kolumbiyada ilk dəfə solçu senator Qustavo Petro prezident seçilib.

AZƏRTAC xəbər verir ki, iyunun 19-da Kolumbiyada 2022-2026-cı illər üçün prezident seçkilərinin ikinci turu keçirilib. Ölkə solçu Tarixi Pakt koalisiyasından Qustavo Petro ilə özünün siyasi hərəkatı olan Korrupsiyaya Qarşı Hökmdarlar Liqasından Rodolfo Hernandes arasında seçim etdi. 50,69 faiz səslə Qustavo Petro Kolumbiyanın prezidenti seçilib və o, Kolumbiya tarixində ilk solçu prezident olub. Rodolfo Hernandes seçicilərin 47,04 faizinin səsini toplayıb.

Solçu Tarixi Pakt koalisiyasının namizədi mühafizəkar elitanın idarə etdiyi ölkəyə rəhbərlik etmək üçün üçüncü dəfədir ki, namizədliyini irəli sürdü. Kolumbiyalıların dəyişiklik istəyinin daha güclü olması nəticəsində ölkə yeni siyasi dövrə qədəm qoyur.

Kolumbiyanın paytaxtı Boqotanın keçmiş meri, iqtisadçı, senator, 62 yaşlı Qustavo Petro avqustun 7-də vəzifəsinin icrasına başlayacaq. Qustavo Petronun seçki kampaniyasının əsas tezisləri ABŞ ilə azad ticarət sazişinin şərtlərinə yenidən baxılması, ekoloji cəhətdən daha təmiz enerji mənbələrinə keçidlə neft və kömürdən istifadənin azaldılması, kənd təsərrüfatı ilə məşğul olan kiçik və orta sahibkarlar üçün vergi endirimləri, pulsuz ali təhsil, qadınların, yerli xalqların hüquqlarının müdafiəsidir.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.