Medianın İnkişafı Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib

0 2

Bakı. Trend:

İyunun 20-də Avropa Şurasının Venesiya Komissiyası “Media
haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi
veb-saytında yerləşdirib.

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən rəydə qeyd olunan
məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına
təqdim edilib və bu arqumentlərin bir qismi bu və ya digər formada
yekun rəydə öz əksini tapıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, qanun layihəsi heç də
rəydə qeyd olunduğu kimi “seçilmiş qruplarla” yox, cəmiyyətin
müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin
iştirakı ilə dəfələrlə müzakirə olunub.

Keçmiş müvafiq qanundan fərqli olaraq “Media haqqında” Qanun
“jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək
bu fəaliyyətə daha geniş prizmadan yanaşıb, yalnız ölkə daxilində
deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar
fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlib. Qanun
fəaliyyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə
istiqamətlənmiş media subyektlərinin müdafiə mexanizmlərindən
istifadəsinə şərait yaradır, həmçinin fövqəladə vəziyyətlərdə
jurnalistlərin təhlükəsiz şəraitdə peşə borclarını yerinə
yetirməsini təmin edir.

Rəydə “zorakılıq” elementi olmadığı təqdirdə dövlətin ərazi
bütövlüyünün pozulmasına yönəlmiş çağırışların dəstəklənməsi
tərəfimizdən heç bir halda qəbul edilə bilməz. Uzun illər işğalçı
siyasətin və terrorun qurbanı olan, ərazi bütövlüyü pozulmuş bir
ölkəyə qarşı belə yanaşma hüququn aliliyi, jurnalist peşəkarlığı və
xalqımızın milli maraqları ilə bir araya sığmır.

Rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair
tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud
deyildir. 26-cı maddə hər hansı mədəniyyət abidəsinə zərər
vurduğuna görə cinayət məsuliyyətinə cəlb edilmiş şəxsləri deyil,
ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat
əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxsləri əhatə edir
və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində bu kateqoriya
cinayətlər (cinsi zorakılıq, irqi ayrı-seçkilik, seksual xarakterli
zorakılıq hərəkətləri və s.) konkret olaraq təsbit edilib.

Qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis
edilməsi və xaricdən maliyyələşdirilməsi qətiyyən istisna edilmir.
Belə olan halda, sadəcə nizamnamə kapitalında pay nisbəti
müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi
fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə
deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə
eyniləşdirilmək əsassızdır.

Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş
tələblərin şərhi zamanı çox önəmli bir nüansın diqqətdən
qaçırıldığı, reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil
edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın
tətbiqinin müzakirə mövzusu olmadığı bildirilib.

Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli
şəxslərin dairəsi izah edildikdən sonra Venesiya Komissiyası bu
məsələ ilə bağlı MEDİA Agentliyinin yanaşmasını qəbul edib.

Qanunun 15.1.3-cü və 15.1.4-cü maddələrinin hər hansı cinayət
hadisəsinə dair bütün məlumatları deyil, yalnız və yalnız ibtidai
araşdırma məlumatlarını nəzərdə tutduğu ətraflı şəkildə izah
olunub, nəticədə Venesiya Komissiyasının bu maddələrlə bağlı
yanaşması daha adekvat şəkildə ifadə edilib.

Təəssüflə vurğulayırıq ki, bəzi media subyektlərinin
Komissiyanın rəyində əks olunmuş fikirləri kontekstdən çıxararaq
təqdim etməsi ictimai fikirdə çaşqınlıq yaratmağa hesablanıb və
Azərbaycanda həyata keçirilən media islahatlarına tendensiyalı
münasibətin nəticəsidir. Venesiya Komissiyasının öz rəyində Qanunun
bir çox maddələrini müzakirə predmetinə çevirməməsi, MEDİA
Agentliyinin mövqeyi ilə uzlaşan yanaşma sərgiləməsi
təqdirəlayiqdir və beynəlxalq təşkilatla səmərəli dialoqun
göstəricisidir.

Leave A Reply

Your email address will not be published.