MİDA-nın sosial binasından aldığım mənzili bir neçə nəfərə satıblar — Məhkəmə

0 3

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində MİDA-nın sosial binalarında 1
mənzili bir neçə nəfərə satmaqda təqsirləndirilən «KAT» Holdinqin
rəhbəri Elçin Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən zərərçəkmiş Qətibə Kərimova bildirib
ki, 2018-ci ilin iyun ayında «KAT» Holdinqdə kreditlə mənzil
götürüb.

«Razılığa əsasən, mənzil dekabr ayında təhvil verilməli idi.
Təhvil verilmədi. Gah dedilər yanvarda, gah da mart ayında təhvil
veriləcək. Verilmədi. Hər ay vaxtında kredit borcunu ödəsəm də,
mənzili mənə təhvil vermədilər. Hər ay 1000 manat ödəniş etməli
olduğum halda, 3-4 min manat ödəmişəm. Hazırda 17 min manat borcum
var. Evi bizə heç kim təhvil vermədiyi üçün məcbur olaraq mənzilə
köçmüşəm. Razılığa əsasən, mənzil tam təmirli halda mənə təhvil
verilməli idi. Amma mənzildə heç bir təmir aparılmayıb. Suvaqlı
mənzilə köçmüşəm, özüm təmir etdirmişəm.

Şahid Tural Əhmədli isə bildirib ki, adıçəkilən binadan mənzil
alıb: «MİDA-nın sosial binalarından atam mənim üçün mənzil almışdı.
Mənzillə bağlı atam birbaşa Elçin Ələkbərovla danışıb müqavilə
bağlayıb. Kvadratmetri 1000 manata razılıq əldə olunub, 64,6
kvadratmetr sahəsi olan mənzilə görə 64 min 600 manat pul ödəmişik.
Evi nağd pula almışıq. Pulun bir qismini, 30 min manatını notarial
qaydada, qalan məbləği isə əlbəəl vermişik. Amma bizə evi təhvil
vermədilər. Məlum oldu ki, mənzil bir neçə nəfərə satılıb. Biz
məcburiyyət qarşısında mənzili təmirsiz alıb öz pulumuzla təmir
etdirdik. Hazırda mənzildə yaşayıram, amma mənə dəymiş ziyan
ödənilməyib».

Digər şahid Elçin Novruzov bildirib ki, 2005-ci ildə Səbail
rayonu ərazisindən «KAT» Holdinqdən 362 kvadratmetrlik restoran
alıb: «Bir müddətdən sonra obyekti sökdülər. Elçin Ələkbərov dedi
ki, obyektin pulunun bir hissəsini qaytaracaq, bir hissəsinə isə
mənzil verəcək. Amma mənzili vermədi. Hazırda bizə 400 min manat
borcu qalıb. Bizə dedi ki, obyektə görə hər biri 60 kvadratmetrlik
4 mənzil, 40 kvadratmetrlik isə bir mənzil verəcək. Amma hələ də
heç bir mənzili verməyib».

İttihama görə, Elçin Ələkbərov son 2-3 ildə holdinqə şərik olan
Litva vətəndaşı Povilas Pociusanın şikayəti əsasında Baş Prokuror
yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs
edilib.

Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi
edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas
Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa
ediləcək binalardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona
veriləcəyi razılaşdırılıb.

Həmçinin, holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa
verilib. Binaların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış
Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6
mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan
Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.

İstintaq orqanı tərəfindən Elçin Ələkbərovun barəsində Cinayət
Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq) 179.4-cü
(xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.2-ci
(vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham
elan olunub.

Leave A Reply

Your email address will not be published.