Milli Məclisdə BMT-nin Əhali Fondunun Türkiyə təmsilçisi ilə görüş keçirilib (FOTO)

0 8

Bakı. Trend:

İyunun 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri
komitəsinin sədri Hicran Hüseynova BMT-nin Əhali Fondunun (UNFPA)
Türkiyə təmsilçisi Hassan Mohtaşami ilə görüşüb.

Trend-in
məlumatına görə, Komitə sədri qonağı salamlayaraq bildirib ki, Fond
əhalinin sağlamlığının qorunması, ailə planlaşdırılması, gender
bərabərliyinin təmin edilməsi, demoqrafik inkişaf, gənclərin
iştirakçılığı və digər sahələrdə təqdirəlayiq fəaliyyət
göstərir.

O, Milli Məclisin sədri Sahibə Qafarovanın bu məsələlərə çox
həssaslıqla yanaşdığını, parlamentdə bu sahədə müxtəlif
müzakirələrin aparılması üçün lazımi şərait yaradıldığını
vurğulayıb.

Komitə sədri qonağa Azərbaycanda bu sahələrdə görülən işlərdən,
reallaşdırılan layihələrdən və əldə olunan müsbət nəticələrdən
danışıb. O, Azərbaycan hökumətinin BMT-nin Əhali Fondu ilə çox
səmərəli əməkdaşlıq etdiyi söyləyib və Fondun fəaliyyətini yüksək
qiymətləndirib.

Söhbət zamanı Hicran Hüseynova 44 günlük Vətən müharibəsi
nəticəsində Azərbaycanın öz torpaqlarını azad etməsi barədə də
danışıb. Bildirib ki, artıq ərazi bütövlüyümüz təmin olunub. Lakin
ölkəmiz uzun müddət münaqişə şəraitində yaşayıb, 1 milyondan çox
vətəndaşımız məcburi köçkün olub. Hazırda məcburi köçkünlərimizin
öz doğma yurdlarına qayıtmasının təmin edilməsi üçün azad olunmuş
ərazilərdə sürətli bərpa və quruculuq işləri aparılır.

BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyə təmsilçisi Hassan
Mohtaşami səmimi görüşə və Fondun fəaliyyətinə verilən yüksək
qiymətə görə minnətdarlığını bildirib. O, diqqətə çatdırıb ki,
BMT-nin Əhali Fondu həm parlamentə, həm də hökumətə bu sahədə öz
dəstəyini verib. O, BMT-nin Əhali Fondunun mandatı haqqında məlumat
verərək bildirib ki, əhalinin reproduktiv sağlamlığı əsas
prioritetlərdəndir. Qonaq gender bərabərliyi, erkən nikah, ailə
planlaşdırması və digər məsələlər barədə fikirlərini açıqlayıb.

Söhbət zamanı bildirilib ki, bu sahalərdə mövcud problemlərin
aradan qaldırılması üçün birgə mübarizə aparılmalı, ölkə əhalisi
arasında genişmiqyaslı məlumatlandırma tədbirləri davamlı şəkildə
həyata keçirilməlidir.

Görüşdə Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri
komitəsinin üzvləri Sevil Mikayılova, Ramin Məmmədov, BMT-nin Əhali
Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev və digər
rəsmi şəxslər iştirak ediblər.

Leave A Reply

Your email address will not be published.