Monitorinqlər nəticəsində müəssisələrdə aşkar edilmiş 9316 nöqsanın 91 %-i aradan qaldırılıb — Səttar Möhbalıyev (FOTO)

0 2

Bakı. Trend:

Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni
Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin
müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz
işinə başlayıb.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri
Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının prezidenti Məmməd
Musayev
, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və
Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru
Olqa Kulayeva, hökumət və qeyri-hökumət
qurumlarının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev öncə BƏT-in iştirakı ilə hazırlanan və həyata keçirilən
“2016-2020-ci illər üzrə Layiqli Əmək üzrə Ölkə Proqramı”nın
əhəmiyyətindən danışıb. Bildirib ki, Proqram işçilərin əmək
hüquqlarının qorunması, təhlükəsiz, layiqli və məhsuldar iş
şəraitinin yaradılması baxımından olduqca vacibdir: “Onun icrası
sosial tərəfdaşlığın inkişafına, sosial ədalət prinsiplərinə əməl
edilməsinə, əmək münasibətlərinin tənzimlənməsinə güclü təsir
göstərib. 2016-2020-ci illər ərzində ölkə rəhbərliyi tərəfindən
həyata keçirilən sosial-iqtisadi reformalar, hərtərəfli islahatlar
proqramda nəzərdə tutulan hədəflərə çatmağa şərait yaradıb”.

S.Möhbalıyev qeyd edib ki, AHİK ilk gündən Proqramın icrasına
dair özünün Konsepsiyasını qəbul edib və sənədin icrası üçün əməli
tədbirlər həyata keçirib: “Beynəlxalq Əmək Təşkilatı ilə birgə 8
seminar və konfrans keçirdik. Proqramda həmkarlar ittifaqlarının
fəaliyyəti ilə bağlı bir neçə indikatorun yerinə yetirilməsi
istiqamətində addımlar atılıb, müsbət nəticələr əldə edilib. Belə
ki, bu illər ərzində həmkarlar ittifaqlarının sıraları çoxalıb,
kollektiv müqavilələrin və sazişlərin sayı artıb. Hər il orta
hesabla 140 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb”.

S.Möhbalıyev vurğulayıb ki, AHİK qeyri-formal məşğulluğun
qarşısının alınması istiqamətində maarifləndirici və
təlimatlandırıcı tədbirlər keçirib və bu tədbirlər əsasən ölkənin
bütün regionlarını əhatə edib: “AHİK-lə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi arasında özünəməşğulluğun təmin edilməsinə
köməklik göstərilməsi məqsədilə imzalanan Memoranduma uyğun olaraq,
Məşğulluq Agentliyinə 200 min manat vəsait ödənilib. Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinə sosial həssas əhali qrupları üzrə
Sahibkarlığın İnkişafına yardım göstərilməsi məqsədilə 150 min
manat vəsait köçürülüb”.

İşçilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində də bir
sıra vacib işlərin görüldüyünü diqqətə çatdıran AHİK sədri bildirib
ki, “Sağlam və təzlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən
yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika
müsabiqəsində 5 il ərzində 11096 idarə və müəssisə iştirak edib:
“Onların 669-u qalib hesab edilib. Müsabiqələrin keçirildiyi
müddətdə aparılan monitorinqlər nəticəsində aşkar edilmiş 9316
nöqsanın 91% aradan qaldırılıb, təhlükəsiz iş şəraiti yaradılıb,
işçilərin fərdi mühafizə vasitələri ilə təminatı yaxşılaşdırılıb,
sanitar-gigiyenik normalara əməl edilməsinə nəzarət
gücləndirilib”.

AHİK sədri əlavə edib ki, yeni proqramın prioritetləri
“2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı
İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə müvafiq uyğunluq
təşkil etməlidir: “Bu məqsədlə yeni proqramın layihəsinə bəzi irad
və təkliflərimizi bildirmişik. Hesab edirik ki, qeyri-formal
iqtisadiyyat üzrə bir çox göstəricilərin reallığı əks etdirməsi
üçün müvafiq müzakirələrin aparılmasına, BƏT-in köməyi ilə
genişmiqyaslı monitorinqlərin, müayinələrin keçirilməsinə ehtiyac
var. Minimum əməkhaqqının Avropa Sosial Xaprtiyasının tələblərinə
uyğunlaşdırılması, Azərbaycan tərəfindən ratifikasiya edilmiş
Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasına və əmək
qanunvericiliyi arasında mövcud uyğunsuzluğun aradan qaldırılması,
bununla bağlı hazırlanmış ölkə qanunvericiliyinə dəyişikliklər
edilməsi, bir sıra vacib Konvensiyaların (102, 155, 168, 173, 184,
187 saylı) ratifikasiyası məsələlərinin proqrama salınmasını vacib
hesab edirik. Gender bərabərliyini təmin etmək, kişi və qadın
işçilər üçün bərabər məşğulluq imkanlarının yaradılması məqsədilə
əmək qanunvericiliyinin beynəlxalq normalara uyğun olaraq
təkmilləşdirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi üzrə
proqramların hazırlanması və təkmilləşdirilməsi, yaşıl iş
yerlərinin yaradılması kimi problemlərin proqramda əks olunması da
ümumi işimizin xeyrinə olardı”.

Qeyd edək ki, konfrans BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq
Çərçivəsinin nəticələrinə uyğun qruplarda dayanıqlılığı artıran və
əməyin gələcəyinə yönələn inklüziv inkişaf, sosial xidmətlərin
təkmilləşdirilməsi, sosial dialoq vasitəsilə beynəlxalq əmək
standartlarının siyasətdə və praktikada tətbiqi, BMT-nin Dayanıqlı
İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin və Layiqli Əmək üzrə Ölkə
Proqramının həyata keçirilməsində sosial tərəfdaşların rolunun
artırılması, BƏT-in Layiqli Əmək Gündəliyi çərçivəsində əməyin
təhlükəsiziyi və sağlamlığı mövzularında müzakirələrlə davam
edir.

Leave A Reply

Your email address will not be published.