NDU ilə Türkiyənin Qara dəniz Texnik Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

0 2

Naxçıvan, 19 iyun, AZƏRTAC

Muxtar respublikada ilk dəfə keçirilən I Beynəlxalq Tibbi Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qara dəniz Texnik Universiteti arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin diplomatiya kabinəsində keçirilən görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev Qaradəniz Texnik Universitetinin rektoru, professor Hamdullah Çuvalcı və nümayəndə heyətini salamlayıb, rəhbərlik etdiyi ali təhsil ocağının artıq 55 ildir fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Rektor universitetdə 12 fakültə və mövcud ixtisaslar barədə məlumat verib. Bildirib ki, ali təhsil ocağında 8000-ə yaxın tələbənin tədrisi ilə 1000-ə yaxın akademik heyət məşğul olur. Vurğulanıb ki, ali təhsil ocağında bakalavr üzrə 70, magistraturada 80-dən çox, doktorantura pilləsi üzrə 40 və rezidentura mərhələsi üzrə 32 ixtisas üzrə kadr hazırlığı aparılır. Türkiyə universitetləri ilə əməkdaşlıq məsələlərini diqqətə çatdıran rektor ali təhsil ocağının beynəlxalq əməkdaşlığında qardaş ölkə universitetlərinin xüsusi payı olduğunu bildirib. Vurğulanıb ki, universitetdə qurulan Texnoparkda məhz Türkiyə universitetlərinin təcrübəsindən istifadə olunacaq, bu sahədə təcrübə mübadiləsi həyata keçiriləcək.

Qara dəniz Texnik Universitetinin rektoru Hamdullah Çuvalcı qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil ocağı Türkiyənin ən qədim universitetlərindən biridir və texniki sahədə kadr hazırlığını uğurla reallaşdırır. 30 minə yaxın tələbə sayı ilə Türkiyənin ən önəmli universitetləri sırasında olan Qara dəniz Texnik Universiteti Türkiyədə İstanbuldan sonra mühəndislik sahəsində təhsilin verildiyi ilk universitetlərdəndir.

Sonra hər iki universitet arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Xatirə hədiyyələri təqdim edildikdən sonra professor Hamdullah Çuvalcı universitetin xatirə kitabına ürək sözlərini yazıb, xatirə şəkli çəkdiriblər.

Qeyd edək ki, protokolda müəllim, tələbə mübadiləsi, birgə tədqiqat layihələri, distant təhsil, əyani təhsil və tədrisin təkmilləşdirilməsi üçün təlimlər, elmi nəşrlərin mübadiləsi, seminarlar və elmi tədbirlərdə iştirak, qısa müddətli kurs proqramları, müəllimlərin akademik inkişafı üçün təlimlərin təşkili öz əksini tapıb.

AZERTAG.AZ :NDU ilə Türkiyənin Qara dəniz Texnik Universiteti arasında əməkdaşlıq əlaqələri genişlənir

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Leave A Reply

Your email address will not be published.