Ombudsman Səbinə Əliyeva Ümumdünya Qaçqınlar Gününə həsr edilmiş tədbirdə çıxış edib (FOTO)

0 3

Bakı. Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə Əliyeva 20 İyun – Ümumdünya Qaçqınlar Günü ilə
əlaqədar təşkil edilmiş fotosərgidə iştirak edib.

Ombudsman Aparatından Trend
verilən məlumata görə, Ombudsman tədbirin açılışında çıxış edərək,
dünyada müxtəlif səbəblərdən yaşadığı yerdən didərgin düşmüş
insanların sayında son zamanlar böyük bir artım müşahidə
olunmasının ciddi narahatlıq doğurduğunu qeyd edib. Cari ildə həmin
insanların sayının 100 milyonu ötdüyünü bildirən S.Əliyeva bu
vəziyyətin qarşısının alınması məqsədilə dünya ictimaiyyəti, o
cümlədən beynəlxalq təşkilatlar tərəfindən qəti mövqe
sərgilənməsinin, dayanıqlı həll yolu seçilməsinin və yerdəyişməyə
məcbur edilmiş insanlara zəruri dəstək göstərilməsinin vacibliyini
vurğulayıb.

Hər il Ümumdünya Qaçqınlar Günü ilə bağlı edilən çağırışların bu
əhali qrupunun hüquqlarına qlobal səviyyədə diqqət ayrılmasına və
insan hüquqlarının təmininə yönəldiyini qeyd edən Ombudsman 2022-ci
ilin çağırışını xatırladaraq, qaçqın və məcburi köçkünlərin
təhlükəsiz şəraitdə yaşamaq hüququnun təmin edilməsinin
əhəmiyyətinə toxunub.

S.Əliyeva Ermənistanın 30 ilə yaxın davam etmiş işğal siyasətinə
son qoyulması nəticəsində bir milyonadək keçmiş azərbaycanlı
məcburi köçkünün öz doğma torpaqlarına qayıtmaq imkanı əldə
etdiklərini qeyd edib. Eyni zamanda, Ombudsman azad edilmiş
ərazilərimizə qayıdış prosesini ləngidən kütləvi dağıntılar,
ekosistemə ciddi zərər vurulması, ərazilərin minalardan
təmizlənməsi kimi faktları diqqətə çatdıraraq, həmin insanların
təhlükəsiz qayıdışını təmin etmək üçün birgə səylərin səfərbər
olunmasına çağırış edib.

Çıxışının yekununda Ombudsman Səbinə Əliyeva hər kəsi qaçqın və
məcburi köçkünlərlə birlik nümayiş etdirməyə çağırıb.

Tədbirdə həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının
Azərbaycandakı nümayəndəsi Quido Ambroso, Dövlət Miqrasiya
Xidmətinin rəisi Vüsal Hüseynov, Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komissiyasının sədr müavini Fuad Hüseynov da
çıxış edərək, bu əlamətdar günün əhəmiyyəti barədə danışıblar.

Daha sonra Əfqanıstandan olan qaçqın fotoqraf Əhməd Cavid
Əkbərzadənin fotolarına baxış keçirilib, BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığı tərəfindən hazırlanmış videoçarxlar nümayiş
etdirilib.

Leave A Reply

Your email address will not be published.